Cümə, 29 Mart

“Bu problem həll olunana qədə İrəvan çətin ki , konstruktiv mövqe nümayiş etdirsin”

image

Fərda Əsədov: “Avropanın tədricən müdaxiləsi sülh danışıqlarında Rusiyadan asılılığı və Moskvanın bu prosesdəki fəallığını neytrallaşdıra bildər

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözləntiləri olsa da, rəsmi İrəvan yenə prosesləri gecikdirməklə məşğuldur. Son Brüssel görüşündən sonra ümid yaranıb ki, bu dəfə erməni hökuməti məsələni istədiyi istiqamətə çəkə bilməyəcək. Çünki bu halda aldadılan Avropa İttifaqı olacaq. İrəvan isə istər-istəməz nəzərə almalıdır ki, yalnız hər şey yolunda gedəcəyi halda Brüssel yaxın 5 ildə Ermənistana 2,5 milyard avro yardım ayırmağı planlayıb...

Bu mövzunu AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə doktoruFərda Əsədovla müzakirə edib:

- Fərda müəllim, son günlər Avropa İttifaqının Cənubi Qafqazda öz təsirini gücləndirmək cəhdlərini görürük. Xüsusilə, Qarabağ mövzusunda və Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya salınmasında Brüssel aktivlik göstərir. Siz bu kontekstdə vəziyyəti necə qiymətləndirirsiniz, Brüsselin regionla bağlı gələcək planları nədir?

- Aydındır ki, indiki Rusiyanın fəallığı və Qarabağ probleminin həllində aktiv mövqe tutması bilavasitə onun Ermənistana təsir göstərmək imkanları ilə bağlıdır. Ermənistanda indi baş verən proseslərin böyük əhəmiyyəti var. İrəvanda qarşıdurma, ictimai-siyasi durum kəskinləşir. Rusiyaya bağlı qüvvələr hakimiyyətə qarşı çıxır. Bu problem həll olunana qədər biz Ermənistanın sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirməsini çətin ki, müşahidə edək. Çünki bu problem doğrudan da hələ prosesə hazır olmayan cəmiyyətin daxilində partlayış yarada bilər və siyasi sabitsizliyə səbəb olar.

Amma burada Avropanın tədricən müdaxiləsi sülh danışıqlarında Rusiyadan asılılığı və Moskvanın bu prosesdəki fəallığını neytrallaşdıra bildər. Avropada yaxşı dərk edirlər ki, əgər Avropanın təşəbbüsü ilə Ermənistanla Azərbaycan ortaq mövqeyə gəlsə, bu, daha sabit və dayanıqlı sülhə səbəb ola bilər. Bu seçim hər iki tərəfin inkişaf imkanlarını genişləndirə bilər. Yəni ortada doğurdan problemlərin daha konstruktiv həlli yolları durur.

Mən deyərdim ki, Rusiyanın bu prosesdə ortaqlığı həm də perspektivsizdir və biz, bunu müşahidə edirik. Qarabağ məsələsində bu imkanı və onun strateji əhəmiyyətini güman edirəm ki, Avropada dərk edirlər. Eyni zamanda onlar Ermənistanda vəziyyətin sabit olmadığını başa düşürlər. Qısası, burada çox ehtiyatlı formada siyasət aparmağa ehtiyac var. Düşünürəm ki, bu variant bütövlükdə regionun - Azərbaycanın, Ermənistanın və Qarabağdakı ermənilərin də xeyrinə olan variantdır. Mən ümumilikdə region dedikdə həm də Cənubi Qafqazın gələcəyini nəzərdə tuturam. O cümlədən Gürcüstanın. Bu, özü özlüyündə Avropa təşəbbsünün daha üstün olduğunu ortaya qoyur. 

- Əslində, Brüsselin vasitəçiliyi ilə indiyə qədər bir neçə dəfə Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli danışıqlar keçirilib. Hər görüşdə müəyyən rəsmi və qeyri-rəsmi razılaşmalar əldə edilsə də, sonradan İrəvan məsələni uzadıb, prosesi dalana salmağa cəhd edib. Sizcə, bu dəfə necə olacaq?

- Nikol Paşinyan cəmiyyətin böyük hissəsində tam dəstək qazanmış olsaydı, düşünürəm Qarabağ mövzusunda daha qətiyyətli olardı. Qənaətimcə, vəziyyət elədir ki, hələ də Paşinyana səs verən və dəstək duran əhalinin ictimai şüuru istər Azərbaycanla sülhsevər şərait yaratmaq məsələsini, istərsə də əlaqələrin qurulmasını özü üçün tam müəyyəm edə bilmir. Bu səbəblərdən də Nikol Paşinyan tam zəifləməkdən, elektoratını itirməkdən ehtiyatlanır. Eyni zamanda, onun komandasında hamının Qarabağ məsələsində eyni mövqedə olduğunu demək çətindir. Zənnimcə, məhz bu səbəblərdən Paşinyan Qarabağ məsələsində həlledici qərarların tədricən verilməsinə çalışır, razılıqların icrasını uzadır. Həmçinin, gözləyir ki, növbəti mərhələdə bəlkə də Rusiyadan asılılıq və Ermənistanda rus siyasətinə dəstək verənlərin təsir gücü bir qədər də azalacaq. Burada sanki həm çətinlik, həm də ümid var ki, vəziyyət dəyişə bilər. 

Azərbaycan haqlı olaraq daim məsələnin qoyuluşunu kəskinləşdirir. O mənada ki, sülhə nail olmağın vaxtıdır, Ermənistan bunu etmir, məsələni uzadır . Bu təzyiq bizim həm haqqımızdır, həm də vəziyyətin müsbətə doğru dəyişməsinə bizim göstərdiyimiz təsir imkanıdır. Amma yenə də hər şey ehtiyatlı şəkildə olmalıdır. Çünki bu mövqe daha kəskin qoyularsa, Paşinyanın vəziyyəti o qədər də sabit olmayacaq. Lakin zaman keçdikcə bir tərəfdən erməni cəmiyyəti o fikirlə razılaşacaq ki, bu münaqişənin sonu əvvəl-axır gəlməlidir. Bu, Rusiya təsirinin zəifləməsi ilə müşahidə ediləcək. Digər tərəfdən Ermənistan Avropanın təklif etdiyi variantın gerçəkliyini anlayacaq. Yeri gəlmişkən, əvvəlki illərdən fərqli olaraq indi biz görürük ki, həm Avropanın istifadə etdiyi terminlər, həm də davranışlar dəyişib və bizim mövqeyimizə - ərazi bütövlüyü prinsiplərinə daha yaxındır. Bu mənada ümid edirəm ki, bu variant gerçəkləşə bilər.

 

- Rusların bu ssenarini pozmaq imkanları nə qədərdir və onların belə bir fəaliyyəti gözləniləndirmi?

- Hesab edirəm ki, belə ehtimal var. Ruslar öz siyasətini 100 il əvvəlki dəyərlər üzərində qururlar. Amma mən hətta istisna etmirəm ki, Cənubi Qafqazdan uzaqlaşmaq bahasına Ukraynada nəyəsə nail olmaq ümidi bir-birilə bağlı olsun. Burada mümkündür ki, vəziyyətin kəskinləşməsi əvəzinə ərazi bütövlüyü prinsipi əsas götürülərək sabitlik yaransın. Üstəlik, Ermənistanın da Rusiyadan asılılığı azalsın, Avropa Birliyinin regiona təsiri artsın. Rusiya üçün Cənubi Qafqaz daha az əhəmiyyət kəsb edə bilər, nəinki Ukrayna.

- Belə yanaşmalar var ki, Ukraynada baş verənlər Rusiyanı zəiflətməyə hesablanıb və bu vəziyyət bizim üçün müəyyən perspektivlər aça bilər. Bu kimi yanaşmaları nə dərəcədə ciddi sayırsınız?

- Sözsüz ki, bu, belədir. Cənubi Qafqazda vəziyyət daim belə olub. Nə vaxt məlum imperiya iddiaları artıb, o zaman ölkəmizin müstəqilliyi təhlükə altında olub. Zəifləyəndə isə əksinə. Şimaldan iddialar artanda, onlar güclü olnda bizim müstəqil siyasət aparmaq imkanlarımız məhdudlaşır.

Avropada dövlətlər arasında münasibətlər daha çox əməkdaşlıq dəyərləri üzərində qurulur. Daha çox nəhz bu siyasi mədəniyyətin burada yayılması bizim müstəqilliyimizə və ölkəmizin güclənməsinə şərait yaradardı, nəinki imperiya siyasəti və onun tətbiqi.

- Sizcə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, əlaqələrin qurulması, kommunikasiyaların açılması, sərhədlərin qarşılıqlı tanınması realdır, yoxsa bu proses iillərlə uzanacaq?

- Mən hesab edirəm ki, bütün bunlar baş verəcək. Bunun nə vaxt olması və nədən asılı olması hələlik tam aydın deyil. Qeyd etdiyimiz kimi, indi bizim regionun gələcəyinə dair strateji düşüncəmiz, siyasətimiz yeni mərhələyə çıxır. Bu, ilk növbədə Ermənistanda millətçiliyin bir növ ekstremizmə çevrilməsi və bəzi imperiya təfəkkürlü qüvvələrin ona dəstək verməsi paradiqmasının zəifləməsinə səbəb olacaq. Bu da ilk növbədə qarşılıqlı hörmət, sülhün hər şeydən üstün olması, qarşılıqlı əməkdaşlığın baş verməsi, eyni zamanda xalqlar arasında qonşuluq dəyərinin rəhbər olmasına gətirib çıxara bilər. Düşünürəm ki, Türkiyə-Ermənistan münasibətlərini də bu kompleks məsələlərdən ayırmamaq lazımdır. Regionumuzun transfarmasiyası həm də Ermənistan-Türkiyə münasibətlərinin sağlamlaşmasına gətirib çıxarmalıdır. Bunların hamısı yeni paradiqma, yeni siyasətdir ki, indiyə qədər regional siyasətimizdə yer almırdı. Amma bu, artıq müasir dövrün tələbidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45