Şənbə, 20 Aprel

“Sülhməramlıların rəhbərliyi Bakıya çağırılmalıdır” - Sabiq nazirdən SENSASİON MÜSAHİBƏ

image

Tofiq Zülfüqarov: “Türkiyə-Rusiya Birgə Monitorinq Missiyası nə işlə məşğuldur, hələ də bəlli deyil”

Son aylar Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınması, heç şübhəsiz, həm də onu himayə edən qüvvələrin sərgilədiyi “ikili standartlar”dan qaynaqlanır. Elə Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvandakı təxribatçı mövqeyi, Fərruxla bağlı ermənilərin iddialarına “yağ sürtmək” cəhdi də dediklərimizə son nümunədir. Düzdür, rəsmi Bakının etirazından sonra Lavrovun təmsil olunduğu qurum “düzəliş” açıqlaması yaydı, amma artıq “ox yaydan çıxmışdı”.

“Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib.

Sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarovla söhbətimizə bu məsələdən başladıq.

- Tofiq bəy, Sergey Lavrovun İrəvanda Fərruxla bağlı dediklərini necə dəyərləndirirsiniz? Rus diplomat doğrudanmı bəzilərin dediyi kimi, artıq qocalıb, yoxsa məqsədli şəkildə anti-Azərbaycan mövqe sərglədi və Rusiya XİN Bakının etirazından sonra onun fikirlərinə düzəliş etməli oldu?

- Mən buna texniki səhv kimi baxıram. Bəlkə doğrudan da səhv edib. Bu, bir. İkincisi, vətənə qayıdandan sonra istəyirdi ki, xoşa gəlsin, bəlkə bu da var. Amma düzəlişdən sonrakı izahat mənim xoşuma gəlmədi. Əslinə qalsa, Fərruxu belə göstəriblər ki, guya orda nəsə baş verib və deyirlər belə hadisələr təkrarlanmasın. Yəni, düzəliş səhvdən də betər oldu. Hər halda eyni səviyyədə mövqelər kimi yanaşmaq olar. Mən belə düşünürəm ki, sülhməramlıların əsas məqsədi 10 noyabr sənədində göstərildiyi kimi, erməni silahlıları ordan rədd etməkdir. Amma onların mövqeyi başqadır, orda istehkamlar yaratmaq, postlar qurmaq təbii ki, qəbuledilməzdir. Azərbaycan bunun qarşısını almalıdır. Məsələyə biz daha dərindən yanaşaq. Ümumiyyətlə, artıq 2 ilin tamam olmasına az qalıb ki, sülhməramlılar Qarabağdadır. Amma indiyəcən bəlli deyil ki, onların məqsədi nədir, orda nə edirlər, üstəlik mandatları da yoxdur. Heç onlarla əlaqə saxlayan qurumlar da məlumat vermirlər.

Təhlükəsizlik təminatı aydındır, bəs digər mövzular? Əgər bunlar təhlükəsizliyi təmin edirsə, orda ermənilərin hərbi qulluqçularının olması, hansısa hərbi birləşmələrin mövcudluğu nə deməkdir? Qeyri-qanuni hansısa qurumların mövcudluğu da davam edir. Ən azı təhlükəsizlik sahəsinə aid məsələlərə ya sülhməramlılar baxmalıdır, ya da yerli qurumlar tərksilah olunmalıdır, məntiq bundan ibarətdir.

Ümumiyyətlə, bunların kiminlə görüşməsi, kimə hesabat verməsi və sairlə bağlı suallar var. Digər məsələni açıq qeyd etmək lazımdır: Türkiyə-Rusiya Birgə Monitorinq Missiyası nə işlə məşğuldur, indiyədək bəlli deyil. Buna da aydınlıq gətirilməlidir. Sizin məqsədiniz o bölgənin reinteqrasiyasıdır. Bu istiqamətdə hansı işlər görülür, görülməkdədir, nəzərdə tutulur, ya yox? Yoxsa iki gündən bir kimsə qanunsuz olaraq Qarabağa gəlir.

- Elə bundan əvvəl Ermənistanın baş prokuroru beynəlxalq qanunları pozaraq Azərbaycan ərazisinə gəldi. Hansı ki, ermənilərdən qanuna əməl etməyi o tələb etməliydi...

- Bəli. Bunlarla əlaqədar artıq sualların sayı çoxalır. İndi əsl vaxtıdır ki, bu məsələlərə aydınlıq gətirilsin.

- Azərbaycan son vaxtlar Rusiyaya bir neçə dəfə etirazını bildirib. Bəs növbəti addımlar nədən ibarət olmalıdır? 

- Birincisi, sülhməramlıların rəhbərliyi Bakıya çağırılmalıdır. Onlar geniş şəkildə məlumat versinlər. Həmçinin bunlar mətbuatla görüşməlidirlər, açıqlamaları olmalıdır. İctimaiyyət bilməlidir ki, orda nə işlə məşğuldurlar və Bakıda hansı məsələlər danışılıb? Yoxsa Ermənistana gedib, kimlərsə görüşür, hesabat verir, bura gəlmir, bu, nə deməkdir? 

- Sülhməramlılar da keçmiş Minsk Qrupunun yolu ilə getməkdədir, Qarabağ haqda daha çox İrəvanda danışırlar, nəinki Bakı ilə...

- Bəli. Axı, bu sülhməramlılar bizim dəvətimizlə gəliblər, bizim ərazimizdədirlər. Deyilsin görək kim onlarla əlaqə saxlayır, danışıqlar aparır? Orda nəsə edirlər, bəyanat verilir, məsələ bitir. Nə vaxta qədər belə vəziyyət davam edəcək? Volkov gəlsin bura, hesabat versin, mətbuatla görüşsün, desin ki, planları nədir, hansı işlər görəcəklər?

- Rusiya Müdafiə Nazirliyinin bülletenlərində də həmişəki kimi keçmiş adlara, təqdimatlara istinad edilir, baxmayaraq ki, Azərbaycan Müdafiə Nazirliyinin etirazı olmuşdu. 

- O məsələ də var. Yəni bunlarla bağlı bir ölçü götürülməlidir. Pis və ya yaxşı, onların fəaliyyəti nəticəsində təhlükəsizlik tədbirləri görülüb. Bəs digər məsələlərlə bağlı nə edəcəklər, bunu desinlər. Ordakı məktəblərdə dərs deyirlər, ya heykəl qoyurlar, nələrsə açırlar. Olduğun dövlətə hesabat vermirsən. Niyə? 

- Ola bilərmi ki, bu yolla Azərbaycanı sülhməramlıların statusu ilə bağlı addım atmağa vadar etmək istəyirlər?

- Təxribatçı davranışları göz qabağındadır, o da bəllidir. Amma mən hesab edirəm ki, onları açıq meydana çəksək, bizim arqumentlərimiz daha güclü olacaq. Bəlkə ona görə ehtiyat edirlər. Bu baxımdan artıq vaxtdır, gəlsinlər, desinlər görək Azərbaycan tərəfindən hansı strukturla əlaqə saxlayırlar, kimlərlə operativ danışıqlar aparırlar? Bu, bizə bəlli deyil.

- Sülhməramlıların davranışlarından ortaya çıxan qənaət budur: sanki tədricən Azərbaycan ərazisində olduqlarını unudur, yaxud unutdurmağa çalışırlar. Bəs ermənilərin davamlı təxribatlarının qarşılığında Laçın dəhlizi ilə bağlı addımlarımız nədən ibarət olmalıdır?

- Onlar Azərbaycanın icazəsi ilə gəliblər. İkinci bir məsələ də aktualdır. Şarl Mişel də deyib ki, haradan kommunikasiyalar keçirsə, dövlətlərin yurisdiksiyası altında olacaq. Deməli, Zəngəzur dəhlizi olmayacaq, kommunikasiya olacaq. Bəs onda Laçın? Əgər dəhlizlər yoxdursa, onda biz nəyə görə bu öhdəliyi yerinə yetiririk? Onlar açıq şəkildə öz öhdəliklərindən imtina edirlər, bəs biz nə qədər Laçın dəhlizi ilə bağlı bəyanatlar verəcəyik ki, filankəslər icazəsiz gəlib, daha nələr? Təhlükəsizliyi təmin edən sülhməramlılardır, başa düşdük, bəs sərhəd, gömrük funksiyalarını kim təmin edəcək? Odur ki, artıq bu məsələ də gündəmdədir. Yol öz yerində, bu, coğrafi istiqamətdir. Amma bizə lazımdır ki, dövlətin sərhədində sərhədçi gərək dövlət sərhədi haqqında qanunu həyata keçirsin. Bu halda boş-boş söhbətlərə son qoyulacaq ki, ay bunlar separatçıdır, daha nələr. Separatçıdır, rədd olsun birdəfəlik.  

- Güman etmək olarmı ki, alternativ yol çəkilib başa çatandan sonra artıq Azərbaycan dediyiniz istiqamətdə hərəkətə keçəcək?

- Oxşayır. Məntiq ona gətirib çıxarır. Çünki hələ ortada heç nə yoxdur, ermənilər  deyirlər yox e, bizim orda postlarımız olacaq. Amma 10 noyabr bəyanatında göstərilir ki, orda nəzarət təkcə rus sərhədçilərində olacaq. İndi bunlar Zəngəzur dəhlizindən imtina edirlərsə, bəs Laçın dəhlizi niyə qalmalıdır? Ona görə hesab edirəm ki, sülhməramlı missiya ilə əlaqədar cavabsız suallar var.

- Rusiya müttəfiqlik əlaqələrinə zidd mövqelərin əhatə dairəsini genişləndirdikcə, iki ölkə arasında problemlər dərinləşə bilərmi? Üstəlik, kənar qüvvələr Rusiya və Azərbaycanı açıq şəkildə üz-üzə qoymağa maraqlıdır...

- O istək həmişə olub. 10 noyabr bəyanatından sonra hamımız buna qarşı çıxırdıq ki, məsələ hələlik gündəmdə deyil. İndi isə mən hesab edirəm ki, yavaş-yavaş heç olmasa bizim bu bölgəyə aid suallarımız, istəklərimiz, planlarımız daha konkret formasını almalıdır. Bu baxımdan sülhməramlıların missiyası, o cümlədən müşahidəçilər missiyası artıq Azərbaycanın müvafiq qurumları ilə daha fəal formada işləməlidir. Daha doğrusu, bizim qurumlar onlarla daha aktiv şəkildə əlaqə qurmalıdır. Məsələn, mənim xəbərim yoxdur ki, kim onların qarşısında hansı məsələni qaldırıb, yaxud kim onlardan hesabat istəyir? Bizim ictimaiyyətdə belə bir təəssürat yaranır ki, onlar nəsə ediblər, bu tərəf də hansısa bəyanat verir, vəssalam.

- Avropa ölkələri bu günlərdə Lavrova uçmağa icazə vermədilər, İrəvanda isə anti-Lavrov aksiyasını müşahidə etdik. Məntiqlə Rusiya XİN başçısı ermənilərə qarşı qəzəbli olmalı idi, nəinki Azərbaycana. Amma biz əksini gördük. Sizcə, niyə?

- Burda biz hansısa taktiki məsələyə gəlirik. Bir var davaya çıxasan, bir də var konkret şəkildə məsələləri qoyub, onun həllinə nail olasan. Ona görə də mən hesab edirəm ki, onlar Bakıya gəlməlidir, geniş şəkildə qurumlarla görüş keçirilməlidir, Azərbaycan tərəfin istəkləri çatdırılmalıdır. Biz də çıxaq, Lavrovu söyək, o problemin həlli deyil.

- Təbii ki... Mən də onun tərəfdarı deyiləm. Amma ermənilərin söydüyü Lavrov yenə də ermənilərin ədalətsiz mövqeyindən çıxış etdi, problem bundadır...

- O aksiyanın təşəbbüskarı siyasi dairələr ola və icra edə bilərlər. Bu baxımdan mən danışıqlar aparan və siyasi təcrübəsi olan şəxs kimi bu problemləri görürəm. İndi Volkov bura gələndə kimsə qapının ağzında hansısa şüar səsləndirsə, bu, siyasi mühitdir. Amma praktiki mövzular var, məsələ şüarlarla həll olunmur. Şüarın, etirazın öz yeri var. Amma danışıqlar prosesi gərək burda getsin. Yaxşı, orda kommunikasiyaların açılması az qala Brüsseldə müzakirə olundu. Burdan-bura bizim kommunikasiyaların bərpası nə yerdədir?

- Brüsselin də mövqeyində ziddiyyətli məqamları müşahidə edirik...

- Brüssel, Paris, ya Vaşinqtonu gərək daxili işimizə qatmayaq. Vaşinqton, ya Moskva Ermənistan-Azərbaycan sərhədi ilə məşğul olsun. Burda, sərhədin bu tərəfində, Azərbaycan ərazisində iki ölkəyə icazə verdik ki, hansısa missiyanı aparsınlar. Bu, Rusiya və Türkiyədir. Volkov gəlsin Bakıya, həmçin Türkiyə nümayəndəsi. Danışaq, görək bu işlərin içərisində nə var?

- Ondan sonra hansısa radikal addım atmaq olarmı terrorçulara qarşı?

- Həmin görüşdən sonra bunu müəyyən etmək üçün hansısa qərara gələ bilərik. Hər halda bunlara qarşı etirazımızı bildirək. Yaxud köməyimizi təklif edək ki, məsələn, filan hissəni tərksilah etmək üçün bəlkə hərbi polisimiz də əməliyyatda iştirak edə bilər. Amma əvvəlcə mövzunu müzakirə etmək lazımdır. Lavrov, filankəs mövzusu öz yerində, bunlar Ermənistan-Azərbaycan əlaqələrinə aiddir. Məntiq deyir ki, bu, bizim ərazimizdirsə, Volkov gəlsin Bakıya, ictimaiyyətə sözünü desin. Yoxsa Xankəndidə ictimaiyyətlə işləyirlər, dərslər keçirlər, ya neynirlər. Azərbaycan ictimaiyyətinə niyə hesabat vermirlər?

- 1991-ci ildə Çaykənd, Kamo, Azad kəndlərinin erməni terrorçularından təmizlənməsi həm də sovet ordu hissələri ilə razılaşma əsasında həyata keçirilib. İndiki dövrdə rus kontingentlə belə bir anlaşma əldə oluna bilərmi?

- Bəli. Söhbət ondan gedir. Bunlar bizim dəvətimizlə, bizə kömək etmək üçün gəliblər. Bunlar deyəndə mən həm Rusiya, həm Türkiyəni nəzərdə tuturam. Təbii ki, bunlarla praktiki iş aparılmalıdır. Kim bunlarla iş aparır? Hələ də Kəlbəcərə yollar o qədər açıq deyil. Bundan qabaq maşın karvanları Ağdərədən gedirdilər. Bəlkə bu yolları təmir etmək lazımdır, daha çox istifadə olunmalıdır.

- ELə bu günlərdə sülhməramlıların gözü qarşısında ermənilər Laçın dəhlizində Azərbaycana məxsus maşınların qarşısını kəsmişdilər. Belə hallarda nə etməliyik?

- Onları tutmaq lazımdır. Görürüksə ki, sülhməramlılar azdır, hərbi polisimiz gəlib bir-ikisini tutmalıdır, vəssalam! Yəni bu işlər koordinasiya olunmalıdır. Mən onun tərəfdarı deyiləm ki, indidən deyək “rədd ol”. Elə etməliyik ki, bizə lazım olan işləri görsünlər və bizə hesabat versinlər. Başa düşürəm ki, orda ikili oyun gedir. Bu təklfiləri verərkən mənim məqsədim odur ki, məsələləri üzə çıxardaq. İllər boyu deyirdilər ki, Minsk Qrupunun apardığı danışıqlar sirlidir. Mən həmişə soruşurdum ki, nə sirr var orda? İndi də həmin vəziyyət sülhməramlılara aiddir, nə sirr  var ortada, deyin, biz də bilək!

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20