Cümə axşamı, 16 May

“Rusiyalı sülhməramlıların heç bir səlahiyyəti yoxdur, şişirtməyin!” - Komitə sədri

image

“Biz strateji tərəfdaşlarımızla səmimi olduğumuz üçün istəyirik ki, Azərbaycana qarşı da səmimiyyət olsun. Amma təəssüf ki, bir sıra hallarda bunu görmürük. Elə “İsgəndər-M” raketinin atılması məsələsinin özündə də vəziyyət belədir. Bizə verilən cavabın qaneedici olmasını istəyirik. Sualı necə qoymuşuqsa, elə də cavab verilməlidir”.

Bu sözləri  açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Millət vəkili Rusiya Müdafiə Nazirliyinin göndərdiyi cavab məktubunun Azərbaycanı qane edə bilməyəcəyini diqqətə çatdırıb:

“Biz tamamilə başqa sual qoymuşuq, onlar isə fərqli cavab göndərib. Hər halda biz hazırda da bu məsələyə aydınlıq gətirəcək bir cavab gözləyirik. Ötən gün Prezident İlham Əliyev Hacıqabulda olarkən çox açıq surətdə bildirdi ki, bizim xalqdan gizlədəcəyimiz heç bir şey yoxdur və bunu açıq şəkildə xalqa deməliyik. Doğrudan da, biz bilmək istəyirik ki, “İsgəndər-M” raketləri Ermənistanda necə peyda olub? Çünki bu raketlər eksporta getmir, yəni xarici ölkələrə satılmır, Rusiyanın özü üçündür. Xaricə satılan yalnız “İsgəndər-E” raketləridir. Şuşa ərazisində tapılan raketlər isə “İsgəndər-M”dir. Cənab Prezident bütün dövlətlərlə münasibətlərdə Azərbaycan siyasətinin həmişə səmimi olduğunu qeyd edir. Həqiqətən də, möhtərəm Prezident siyasətində həmişə səmimi olub”.

Deputat sülhməramlıların Qarabağdakı fəaliyyətindən də söhbət açıb. Qeyd edib ki, onların funksiyaları mediada çox şişirdilir:

“Bəyanatda birmənalı olaraq yazılıb ki, sülhməramlılar beş il müddətinə Azərbaycan torpaqlarına gəlib və bu müddət ərzində Qarabağda sülh yaratmaq fəaliyyəti ilə məşğul olacaqlar. Onu da deyim ki, bəzən mətbuat orqanlarında, “Sülhməramlıların nəzarət etdiyi yer” və sair kimi ifadələr işlədilir. Bu ifadələrdən qaçmaq lazımdır. Sülhməramlılar oraya yalnız ona görə yerləşdirilib ki, sülhün bərpa edilməsində öz töhvələrini versinlər. Yoxsa sülhməramlı qüvvələr orada harasa nəzarət etmirlər, onların heç bir nəzarət funksiyası yoxdur. Həmçinin səlahiyyətləri olmadığı üçün hansısa inzibati funksiyanı da icra etmirlər. Ona görə də xahiş edirəm ki, jurnalist dostlarımız bu məsələlərdə diqqətli olsun. Onların funksiyaları o qədər də şişirdilməli deyil. Hər halda müəyyən vaxt keçdikdən sonra fəaliyyətlərinə qiymət vermək olar. Amma funksiyalarının nədən ibarət olduğunu dedim”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00