Bazar ertəsi, 08 Avqust

Paşinyan Laçının boşaldılmasını qəsdən ləngidir

image

Azərbaycan  Laçın şəhərindən yan keçən yeni yolun Ermənistan hissəsinin tikintisini də öz üzərinə götürmək istəyib, amma...

Ermənistan hökuməti Kornidzor (Qafan rayonu) kəndindən keçən Laçın dəhlizinə alternativ olan yeni yolun 8 kilometrlik hissəsinin tikintisi üçün tender elan etməyə hazırlaşır. “Hraparak” qəzetinin məlumatına görə, tender avqustda elan olunacaq.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni yolun Azərbaycan ərazisindən keçən 32 kilometrlik hissəsinin tikintisi başa çatmaq üzrədir. Bu yol Laçın şəhəri ətrafında tikilir və Xocalı inzibati rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçir və sonra Şuşa-Xankəndi yolu ilə birləşəcək. Ermənistan hələ də öz hissəsinin tikintisinə başlamayıb.  Bu barədə bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan bəyan edib. Lakin o, tikintinin vaxtını qeyd etməyib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən, 3 il ərzində Laçın şəhərindən yan keçmək üçün yeni yol çəkilməli, inzibati mərkəzin özü isə Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Paşinyan müqavilənin qeyd olunan bəndini yerinə yetirmək niyyətini təsdiqlədikdən sonra İrəvanda revanşist qüvvələrin fəallaşması başlayıb.

Qəzet iddia edir ki, Azərbaycan tərəfi Laçın şəhərindən yan keçən yeni yolun Ermənistan hissəsinin tikintisini də öz üzərinə götürmək istəyib, lakin Paşinyan Ermənistanda etirazlara səbəb olmamaq üçün bu təşəbbüsü dəstəkləməyib. Yəni Azərbaycan tərəfi Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhərinin tezliklə azad edilməsinə çalışır və bu məqsədlə tikinti işlərini sürətləndirir. Bunu dəhliz boyu ərazilərdə yaşayan erməni əhalisi də təsdiqləyir. Ermənistan tərəfi yolun öz ərazisindən keçən hissəsinin tikintisini mümkün qədər ləngitməyə çalışır.

Hazırda Laçın şəhərində buraya qanunsuz köçürülmüş 50 erməni ailəsi yaşayır. Gələcəkdə Ermənistan hökuməti onları Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərində yerləşdirməyi planlaşdırır. Eyni zamanda Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan ermənilərin taleyi sual altında qalır. Erməni mediasının da yazdıqlarından belə bəlli olur ki, Laçında qalan ermənilərin Qarabağa yox, Ermənistana köçürülmə ehtimalı daha yüksəkdir. Əvvəla o baxımdan ki, Qarabağda köç edəcək ermənilərin yerləşməsinə şərait yoxdur. Bunu Ermənistanın “İravunk” qəzeti də xüsusi olaraq vurğulayır. Qeyd edilir ki, Laçın şəhəri, Sus  və Zabux kəndlərində işğal dövründə qanunsuz məskunlaşmış ermənilər hara köçəcəklərini hələ dəqiq bilmirlər. Qəzetin yazdığına görə, hazırda Laçın və digər yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üzrə iş aparılmır. Bu barədə danışan Xankəndindəki separatçı-terrorçu rejimin “ombudsman”ı Geqam Stepanyan bildirib ki, Zabuxun boşaldılması faktı meydana çıxarsa, mümkün variant kimi oradakı ermənilərin Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər.  Onun sözlərinə görə, Laçındakı ermənilərə Ermənistanda mənzillər ayrılması da mümkündür.

“İravunk” qəzeti Şuşa rayonunun adıçəkilən kəndlərində ermənilərin yerləşdirilməsi üçün şərait və evlərin olub-olmaması ilə maraqlanıb. Böyük Qaladərəsi kəndinin “başçısı”  David Davtyan bildirib ki, müharibədən əvvəl kənddə 114 sakin olduğu halda, hazırda 75 nəfər yaşayır: “Çətinliklərin öhdəsindən gələ bilməyən çoxları müharibədən sonra geri qayıtmadı”. Zabuxdan köçəcək neçə hay ailəsini qəbul edə bilmələri  barədə sualı isə Davtyan belə cavablandırıb: “Hazırkı durumda bizim kənddə köçkünlərin yaşamaları üçün imkan yoxdur. Köhnə qeyri-yaşayış binaları var, amma çox bərbad vəziyyətdədir, sadəcə, gəlib orada yaşamaq işləməyəcəklər. Onları təmir etmək və ya yenilərini tikmək lazımdır. Hazırda ailənin normal yaşayış şəraitinə uyğun ev yoxdur”. Kiçik Qaladərəsi kəndindəki erməni icmasının “rəhbəri” Samvel Sərkisyan isə erməni müxbirin suallarına cavab olaraq bunları deyib: “Müharibədən əvvəl kənddə 187 nəfər  yaşayırdı, indi onlardan yalnız 80 nəfəri qalıb, 26 ailə var. Kənd sakinlərinin qayıdışına və kənddə normal həyatın bərpasına əsas maneə Azərbaycan Silahlı Qüvvələrinin kəndlə üzbəüz yüksəklikdə olmasıdır. Bu Azərbaycan postu kəndin mülki əhalisinin həyatı, fiziki və mənəvi bütövlüyü üçün birbaşa və danılmaz təhlükədir. Azərbaycan Silahlı Qüvvələrinin bu ərazilərdə olması təhlükəsizlik baxımından maneələr yaradır və kənd təsərrüfatı işlərinin aparılması, xüsusilə biçənəklərin təşkili, otlaqlardan istifadə və arı pətəklərinin saxlanılması baxımından birbaşa təhlükə yaradır. Boş mənzillər də yaşayış üçün münasib deyil”.

Bütün bunlar fonunda Laçını tərk edən ermənilərin Qarabağa yox, Ermənistana köç edəcəyi gözlənilir. Ermənistanın “Qraparak” nəşri də yazır ki, Laçını tərk edəcək ermənilər özləri məhz Ermənistana köçməyə meyllidirlər. Erməni millət vəkili Tiqran Abramyan isə bildirir ki, Laçından sonra Xankəndi də Azərbaycanın tərkibinə keçəcək:“Ermənistan hökuməti bütün Qarabağı, Xankəndi də daxil olmaqla, Azərbaycanın tərkibində görür və bu faktı artıq heç cür dəyişə bilmərik. Ermənistan rəhbərliyi  bütün Qarabağı Azərbaycanın tərkibində sayır və bununla bağlı artıq heç nə etmək olmaz”. Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Qaregin Çuqaszyan da qeyd edir ki, Qarabağın tam formada Azərbaycanın nəzarətinə keçməsinə bir şey qalmayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri Laçının verilməsindən sonra Ermənistanla Qarabağı birləşdirən infrastrukturlardan danışmırlar: “Yeni yolla qaz necə tədarük olunacaq? Bu o deməkdir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olub Azərbaycan manatı ilə satınalmalar həyata keçirəcək. Bütün bunları necə təsəvvür edirsiniz? Qarabağ əhalisini ya ərazini tərk etməyə, ya da özünü Azərbaycan vətəndaşı elan etməyə məcbur edəcəklər”.

Bu vəziyyət nə vəd edir?

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, üçtərəfli razılaşmanın bəndlərində keçmiş münaqişənin tənzimlənməsi ilə bağlı bir çox vacib məqamlar əksini tapıb:“Laçının tamamilə boşaldılması məsələsi də sənəddə əksini tapan  əsas məsələlərdən biridir. Ermənilər Laçını ən qısa vaxtda boşaltmalıdırlar”. Millət vəkili Azərbaycan torpaqlarında qanunsuz məskunlaşanların da başqa çıxış yolunun olmadığını vurğuladı və onların Şuşanın kəndlərinə köçməsini mümkünsüz saydı: “Suriya və Livandan erməniləri aldadaraq bura köçürəndə onlar bilməli idilər ki, bir gün özlərinə aid olmayan torpaqlardan çıxarılacaqlar. Azərbaycanlılara aid olan ərazilərdə yaşayan bütün ermənilər bilməlidirlər ki, bir gün ya könüllü, ya da məcburi şəkildə bu əraziləri tərk edəcəklər. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiq etdi”. Prosesin Ermənistan tərəfindən ləngidilməsi məsələsinə gəldikdə, C.Məmmədov qeyd etdi ki, bundan da ən çox əziyyət çəkən ermənilər olacaqlar: “Ermənilər nə qədər tez konstruktiv mövqe nümayiş etdirsələr, bir o qədər bədbəxt hadisələrdən özlərini sığortalaya biləcəklər. Prosesi uzatmaq Ermənistana ancaq fəlakətlər gətirəcək”. Deputat bildirdi ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi: “Paşinyan isə bu xəbərdarlığa məhəl qoymayaraq ”Qarabağ Ermənistandır", - deyir, Şuşada, Cıdır düzündə “Yallı” gedirdi. Nəticə isə göz qabağındadır. Ermənistan papağını qarşısına qoyub ciddi düşünməlidir. Ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ya da Azərbaycan tərəfi yenidən güc yolu ilə məsələni həll etməlidir. Bizim əlavə 30 il də gözləmək planımız yoxdur. Bölgəyə sülh tezliklə gəlməlidir. Azərbaycanın qarşıdakı illərdə böyük planları var. Bunun üçün təhlükəsizlik tam təmin olunmalıdır". C.Məmmədov bildirdi ki, Paşinyan Azərbaycanın bu xəbərdarlıqlarından ciddi nəticə çıxarmalıdır: “Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Ordusu qüdrətini daha da artırıb. Ən qısa vaxtda verilən tapşırıqları icra etmək iqtidarındadır. Nə qədər ki, danışıqlar limiti bitməyib, Ermənistan bu şansdan istifadə etməlidir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da təsdiqləyir ki, Ermənistan siyasi-hərbi rəhbərliyi hər vəcdlə üçtərəfli razılaşmanın müddəalarını yerinə yetirməmək üçün maksimum səylər, maneələr göstərir:“Bunun üçün olmazın bəhanələr, problemlər düşünür və daşınır. Nə olur-olsun, Paşinyan da, onun komandası da, elə separatçıların özləri də başa düşürlər ki, məsələnin həllini uzatmağın onlara heç bir xeyri olmayacaq. Azərbaycan tərəfi iyulda Laçın dəhlizinə alternativ kimi yeni yolu hazır etdiyi halda, ermənilər hələ gələn ay hansısa tender keçirməyi, ondan sonra isə guya işlərə başlayacaqlarını görüntü üçün elan ediblər. Əlbəttə ki, bu, onlara vaxt udmaq və öz digər xain planlarını reallaşdırmaq üçün fürsət deməkdir. Biz də qarşı tərəfə bir qədər sərt şəkildə tələblər irəli sürməliyik. Nədənsə bəzən biz unuduruq ki, 44 günlük Vətən savaşının qalibi Azərbaycandır və haqqında söhbət gedən ərazilər də bizim tarixi ərazilərimizdir. Məğlub tərəf kimi Ermənistan bizə şərt və ya problem fikirləşməməli, orada olan erməni milliyyətindən olanların sonrakı taleyini düşünməlidir”.  Ü.Cəfərov ermənilərin hansısa iddialarını mənasız saydı. Xüsusilə də Zabuxdakı quldurların dediklərini boş esab etdi: “Ermənilər çox şey deyə bilərlər. Məsələ burasındadır ki, qərarı Azərbaycan rəsmiləri xalqla birgə verəcək. Biz ermənilərin hansı şərtlərlə Azərbaycan ərazisində qala biləcəklərini dəfələrlə bəyan etmişik. Ona görə də  seçim indi erməni milliyyətindən olan şəxslərdədir. Onlar öz qərarlarını verməlidirlər. Əgər Zabuxa köçmək istəyirlərsə, orada qalıb yaşamaq arzusundadırlarsa, deməli, bizim vətəndaş kimi yaşamağa razılıqlarını rəsmi şəkildə qəbul edib bildirməlidirlər”.

Artıq Zəngilana böyük qayıdışın ilkin tarixi də məlumdur, bir neçə gündən sonra yenidən qurulan yurdumuz sakinlərini qəbul edəcək. Prosesi tormozlamağa çalışan ermənilər nəhayət, ağıllı mövqe tutmalıdırlar, azərbaycanlılar “Ağıllı kənd”ə qayıdır, revanş mövqeyi tutanların ağılsızlığı Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər... Xankəndindəki ermənilər də manatla qaz almaq fürsətini əldən buraxmamalıdırlar. Əks halda, qışın “oğlan” çağında dona bilərlər...

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti