Çərşənbə, 24 Aprel

Etimadı doğrultmayan məmurların müavin göndərilməsinin pərdəarxası

image

İndi əsas sual budur: Səfər Mehdiyev müavin gedəcək, yoxsa müavinin yanına göndəriləcək?

“Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”. Bu sözləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

Söhbət kimlərdən gedir? Azərbaycanda öz cibinə işləyən, onlara göstərilən etimadı doğrultmayan kadrlar kimlərdir?

2022-ci ilin əvvəlindən başlayaraq ölkədə “kötük” kadrların işdən çıxarılması diqqət çəkir. Bu günə qədər 4 belə məmur tutduqları postlardan uzaqlaşdırılıblar. İlk olaraq, bu ilin fevralında Rövnəq Abdullayev SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) prezidenti postundan, 2 ay fasilə ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədrliyindən, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən və nəhayət, bir neçə gün əvvəl Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədrliyindən uzaqlaşdırılıblar. Səfər Mehdiyev xaric işdən çıxarılan digər 3 məmur başqa vəzifələrə keçiriliblər.

Rövnəq Abdullayev 2005-ci ildən etibarən SOCAR-ın prezidenti idi.

57 yaşlı Abdullayev işdən çıxarılandan sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov SOCAR-dakı kadr dəyişikliyini şərh edərkən dedi ki, “bu, neqativ halların aradan qaldırılmasında mühüm rol oynayacaq”.

Rövnəq Abdullayev vəzifədən çıarılmazdan təxminən 1 il əvvəl SOCAR-ın nəzdində Müşahidə Şurası yaradılmışdı. Hələ o zaman müşahidəçilər bunu Rövnəq Abdullayevə göstərilən etimadın itməsi kimi dəyərləndirmişdilər. Şuraya sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova tapşırılmışdı. Belə aydın olur ki, Cabbarov 1 ilə yaxın müddət ərzində şirkətdə baş verən neqativ hallarla bağlı kifayət qədər məlumatlar toplayıb. Nəticə etibarı ilə R.Abdullayev tutduğu postdan uzaqlaşdırıldı. Amma hakimiyyət komandasından uzaq düşməsinə də imkan verilmədi, iqtisadiyyat nazirinin müavini postuna təyin olundu.  Əslində R.Abdullayevin oğlunun 1 milyon dollarlıq saatının oğurlanması barədə xəbərlərdən sonra onun vəzifədən gedəcəyi gözlənilirdi.

Azərbaycanda iqtidarın nüfuzunu ləkələyən və ölkədə narazılıqla qarşılanan bu hadisədən sonra Rövnəq Abdullayevin SOCAR rəhbərliyindən alınıb, daha aşağı vəzifəyə göndərilməsi də birmənalı qarşılanmadı.

Bəzi iddialara görə, onun nazir müavini postuna gətirilməsi də ölkədən çıxmasını önləməyə hesablanan addımlardan olub...

Üstəlik, onun rəhbərliyi altında dövlət şirkətinin adı neft pullarının mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı beynəlxalq hesabatlarda çox hallanıb. 2013-cü ildə “Global Witness” təşkilatı hesabatında deyirdi ki, Anar Əliyev adlı şəxs ARDNŞ ilə əlaqəsi olan şirkətlərdə, bir çox hallarda heç bir tender aparılmadan 50-yə yaxın paya sahib olub. 2022-ci ilin yanvarında beynəlxalq araşdırmaçı jurnalistlərin təşkilatı OCCRP-nin dərc etdiyi təhqiqatda SOCAR-a məxsus “Bos Şelf” şirkətində korrupsiya və nepotizm iddiaları yer alıb. SOCAR bu iddiaları rədd edib, amma araşdırma aparacağını da bildirib.

Londonda varidat sahibi olanlardan biri də Elman Rüstəmovdur. Dünya oliqarxiyasının axışdığı “Dumanlı Albion”da E.Rüstəmov 2009-cu ildən sonrakı dönəmdə yerini rahatlayıb, mülklərə sahib olub. Həmin il Elman Rüstəmovun adı Mərkəzi Bankın xəzinəsindən 1 milyon 500 min manat vəsaitin yoxa çıxmasında hallanırdı. O zaman yalnızca qadın xəzinədarlar həbs olunaraq məhkəmə qarşısına çıxarılmışdılar...

E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri idi. O, 1992-ci ilin dekabrından da bu qurumda birinci müavin postunu tutub. 27 il Mərkəzi Bankın İdarə Heyətinə sədrlik edən Elman Rüstəmovu bank sahəsi üzrə ekspertlər hədsiz ehtiyatlı, sərt, ətrafına bacarıqlı kadrlar toplaya bilən menecer kimi təsvir edirdilər. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsi ilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.

Onlardan ən böyüyü və ən uğurlusu Azərbaycanın bank sektorunda birinci beşlikdə mövqe tutan, 30 ildə baş vermiş bütün təlatümlərdən salamat çıxan “Bank Respublika” ASC-dır. 2021-ci ilin son rübündə açıqladığı maliyyə göstəricilərinə görə, bankın cəmi öhdəlikləri və kapitalı 1 milyard 232 milyon manat təşkil edib. Nizamnamə kapitalı 67 milyon manatdır, ötən il əldə etdiyi xalis mənfəətin həcmi isə 19 milyon 523 min manat təşkil edib.

Natiq Quliyevin “Bank Respublika”da payı 51 faizin üzərinə keçib

Natiq Quliyev 

“Bank Respublika” ASC-nin əsas səhmdarı Natiq Quliyev Elman Rüstəmovun ən yaxın adamı hesab olunur.

Biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” Şirkətlər Qrupuna və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirilir.

“Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətlərinin, eləcədə “Gündəlik” ərzaq dükanları şəbəkəsinin daxil olduğu “Səba” Şirkətlər Qrupunda Elman Rüstəmovun 37, 5 faiz paya malik olduğu bildirilir. Həmin payı sabiq baş bankirin doğma xalası oğlu Hidayət Quliyevin adına rəsmiləşdirib.

Qeyd olunur ki, Natiq Quliyev adıçəkilən şirkətlərin də əsas səhmdarıdır. Mənbə bildirir ki, Elman Rüstəmovun əsas yatırımlarından biri də Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru” avtomobillərin Azərbaycana idxalı və satışını təşkil edən şirkətlərdir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.

Məlumata görə, keçmiş baş bankirin bir neçə tikinti şirkətində payı, şadlıq sarayları, habelə Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda yatırımları var. Məsələn, “Planet” şadlıq sarayı onlardan biridir.

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır | marja.az

“Planet” şadlıq sarayının yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasında da E. Rüstəmovun 50 faiz payı olduğu iddiası da var.

Bakıda “Neon” restoranının arxasında möhtəşəm yeni şadlıq sarayı tikilir ki, orada da sabiq baş bankirin 50 faiz paya malik olduğu bildirilir. Bundan əlavə, Elman Rüstəmova yaxın şəxslər Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırıblar. Məsələn, Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus “Gyunel Limited” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir. Onun vəzifədən çıxarılmasından dərhal sonra xalası oğlu, “Planet” şadlıq sarayının sahibi Talıb Quliyevin saxlanması cəmiyyətdə keçmiş baş bankirin vəzifə dövründə topladığı sərəvətə “əl qoyulacağı” barədə müzakirələrə yol açdı. Amma ekspertlər Elman Rüstəmovun baş nazirin müşaviri postuna təyin edilməsini əsas gətirərək onun sığortalandığını düşünürlər. Beləliklə, daha bir çoxillik məmur vəzifədən böyük sərvətlə ayrıldı, üstəlik, 70 yaşında hökumətdə özünə yer edə bildi.

Vəzifədən çıxarılıb vəzifəyə götürülən uzunömürlü məmurlardan biri də Cavid Qurbanovdur. Bu ilin mayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov eyni gündə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Cavid Qurbanov 9 fevral 2015-ci ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Eks-prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda çox az sayda məmur vəzifədən qovulmuşdu. Onlardan biri də Cavid Qurbanovdur. Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası ”Azəravtoyol" Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin".

Lakin Qurbanov sonradan yenidən vəzifəyə qaytarılıb, dəmir yolu sektorunda müxtəlif yüksək postlar tutub...

O, “Azərbaycan Dəmir Yolları”na rəhbər gələndən sonra burada çalışanların sayı 2 dəfə azalıb və 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə qurumun bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb.

Azərbaycan mətbuatı əsasən Cavid Qurbanovun villaları haqqında məlumatlar yayır. Bildirilir ki, Yasamalda, Milli Arxiv İdarəsinin yaxınlığında yerləşən gölün düz yanında baş dəmiryolçunun villası, Albalılıq bağ massivində dəyəri milyonlarla ölçülən bağ evi, oğlu Şəmşir Şəmşirlinin maşın kolleksiyası var.

İddialara görə, Cavid Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.

Cavid Qurbanov işdən çıxarıldı

Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir. Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir.LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb. “Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var. “Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir. Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan “Sayalı” MMC-nin orada inşa etdiyi “American Hospital Tbilisi”-yə yatırılıb. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmaq nəzərdə tutulur. Qrupun ana şirkəti -"Azercon" ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur. “Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanov olub. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qəmbər Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34 faizini satın alıb. Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub.

Göründüyü kimi, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” ASC-dən keçən yolu ona böyük pullar qazandırıb.

Səfər Mehdiyev vəzifəsindən azad edildi

Səfər Mehdiyev

Vəzifəsindən uzaqlaşdırılan, bu yazı hazırlanarkən “hava”da olan Səfər Mehdiyev nə az, nə çox, düz 18 il Dövlət Gömrük Komitəsində rəhbər vəzifələrdə çalışıb.  O, 1999-2004-cü illərdə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, gömrük dəyəri şöbəsinin rəisi, həmin baş idarənin rəis müavini vəzifələrində çalışıb. 2004-dən 2006-cı ilin fevral ayına qədər komitə sədrinin müavini, 2006-cı ilin fevralından birinci müavini vəzifəsində olub. 2018-ci aprelin 23-də isə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. Səfər Mehdiyevdən əvvəl Dövlət Gömrük Komitəsinin sədri indiki fövqəladə hallar naziri (1995-2006 sədri) Kəmaləddin Heydərov olub. 1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində doğulan Səfər Mehdiyev 4 il  Gömrük Komitəsinin sədri olub. Vəzifəsindən çıxarılmazdan 1 gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti Dövlət Gömrük Komitəsinin 4 vəzifəli şəxsinin saxlanılması haqda məlumat yayıb. Bunlardan biri gömrük generalı, Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovdur. Digər saxlananlar komitə yanında “Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərovdur. Rəsmi məlumata görə, Məsum Rəsulov müsadirə edilmiş siqaret məhsullarını hərbi qulluqçulara paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, əməkdaşına təhvil verib. Bununla da külli miqdarda siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu bildirilir. Komitənin adıçəkilən digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri və başqa xidmətlərin göstərilməsi adı altında çox sayda şirkətin hesabına köçürülən külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Hələlik ittihamlarla bağlı saxlanılan şəxslərin yaxınları və ya vəkilləri açıqlama verməyiblər.

İndi əsas sual budur: Səfər Mehdiyev harasa müavin gedəcək, yoxsa müavinin yanına göndəriləcək?

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33