Cümə axşamı, 28 Mart

Korrupsiya pullarının xaricə daşınmasının qarşısı alınacaq- DTX-ya yeni səlahiyyətlər verildi

image

Əkrəm Həsənov: “İstənilən məmuru  araşdırsaq, görəcəyik ki, xaricdə 100 milyonlarla ölçülən varidata sahibdir”

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilib. 6 dekabr 2022-ci ildə qüvvəyə minən qanunla məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edilib. Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib.

Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.

Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarmışlar.

Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları vardır. Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcəkdir.

“Terror cinayətlərinə dəstək daha çox bank köçürmələri zamanı olur” - bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında komitə sədri Ziyafət Əsgərov deyib."Bu gün dünyada terrorçuluğa qarşı mübarizə güclüdür, amma təəssüf ki, bu hallar çoxalır. Biz bu qanunla terrorçuluğa dəstək olan bank əməliyyatlarının qarşısını almağa çalışırıq", - komitə sədri bildirib. 

Deputat Aydın Mirzəzadə isə vurğulayıb ki, Azərbaycanda Ermənistan tərəfindən terror təhlükəsi var: “Buna əsas səbəb Azərbaycan ərazisində çoxlu sayda minaların basdırılmasıdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə silahlı birləşmələr hələ də qalır. Bu, o deməkdir ki, kimsə onları maliyyələşdirir. Digər tərəfdən İranla da problemlərimiz var. Ümumiyyətlə, ölkəmiz üçün terror təhlükəsi var və buna qarşı işlər görməliyik”.

İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, qanuna edilən dəyişiklik və Dövlət Təhlükəsizliyi Xidmətinə bu istiqamətdə yeni səlahiyyətlərin verilməsi ölkədən çıxarılan və ölkəyə daxil olan qanunsuz pullarla bağlı durumu dəyişəcək: “Əksər ölkələrdə bu işlə Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti məşğul olur.

Ötən müddət göstərdi ki, bu qurumlar onlara tapşırılan vəzifənin öhdəsindən gəlmirlər. 15 ilə yaxındır ki, Azərbaycanda Maliyyə Monitorinqi Xidməti var. Faktiki olaraq isə bu Xidmətin fəaliyyəti yoxdur. Xidmət rəsmiləri Azərbaycan büdcəsi hesabına gedib xarici dövlətləri gəzib, konfranslarda, tədbirlərdə iştirak edib geri qayıdırlar. Onlar xarici ölkələri gəzib dolaşdığı vaxtda ölkədən xaricə külli miqdarda, büdcədən oğurlanan vəsaitlər çıxarılıb. Bu günə qədər Xidmətin ”obnaliçka"nın qarşısının alınması, xaricə pul qaçırmanın önlənməsi ilə bağlı hər hansı bir məlumatı olmayıb. Bunun səbəbi odur ki, bu Xidmətin həmin işləri görən şəxslərə - vəzifəlilərə gücləri çatmır. Gücləri çatanları isə xırda-xuruş məbləğlər olur. Onu da danışıb “yola verirlər”, özləri də dolanırlar. Bu sahədə durum Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” əsərində olduğu kimidir - Maliyyə Monitorinqi Xidməti Kərbəlayi Zalın günündədir. İndiyə qədər bir dənə də olsun “bomba” tapmayıb. Qorodovoy Kərbəlayi Zala deyir ki, sən ya qocalıb zay olubsan, ya da rüşvət alırsan. Azərbaycan korrupsiya səviyyəsinə görə dünyada ilk yerlərdədir. Necə ola bilər ki, Azərbaycanda “obnaliçka” olmasın? Ölkəyə qara pullar gəlmir? Ölkədən qara pullar çıxarılmır? Bəs haradandır məmurların, onların övladlarının xaricdəki villaları, bir-birindən bahalı maşınları, biznesləri?

Xaricdə böyük varidatı olan istənilən bir məmuru  araşdırsaq, görəcəyik ki, babası ən uzağı yaşadığı kənddən 5-10 kilometr o yan-bu yana gedib. Bəs necə oldu ki, onun nəvəsi müstəqil Azərbaycanda uzağı 1000 manat maaş alıb Fransada, İtaliyada, İsveçdə, İsveçrədə, Böyük Britaniyada dəyəri 10, 100 milyonlarla ölçülən varidata sahib oldu?  Bu pulların mənbəyi əlbəttə ki, Azərbaycan büdcəsi, Azərbaycan xalqının cibidir. Bu gün azərbaycanlıların böyük əksəriyyətinin ağzında dişi, cibində pulu yoxdur.

Azərbaycan məmurları isə xaricdə kef-damaq içində, eyş-işrət içində xalqın cibindən oğurladığı pulları xarici ölkələrin iqtisadiyyatına yatırıb kef edirlər. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin prosesə qatılması məntiqlidir. Çünki Azərbaycandakı məmur tayfası Dövlət Təhlükəsizliyi Xidmətindən çəkinir, qorxur. Faktiki olaraq korrupsiya ilə mübarizəni də Dövlət Təhlükəsizliyi Xidməti aparır. Digər qurumlar daha çox kollektor fəaliyyəti ilə məşğuldurlar - borcları alıb sahiblərinə qaytarırlar.

Korrupsiya ilə mübarizə sistemli şəkildə aparılmalıdır. Bunun üçün dövlət reysterləri açıq olmalı, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bütün proses açıq olmalı, məmurlar hər il gəlirləri, əmlakları barədə bəyannamə verməlidirlər. Azərbaycanda bunlar yoxdur. Korrupsiya ilə mübarizə sistemli şəkildə aparılmır. DTX müəyyən səviyyədə bu istiqamətdə iş aparır".

İqtisadçı ekspert deyir ki, sanksiya altında olan dövlətlər özlərinin vəsaitlərini Azərbaycan üzərindən daha təhlükəsiz şəkildə idarə edə bilirdilər: “Əvvəllər ölkəyə daxil olan belə maliyyəyə o qədər də fikir vermirdilər. İndi isə vəziyyət dəyişib. Həmin vəsaitlərin ölkə daxilində müəyyən qruplara ötürülməsi və həmin qruplar üzərindən Azərbaycanda vəziyyətin gərginləşdilməsi də mümkündür.

Hazırda dünyada gedən proseslər də diktə edir ki, Azərbaycandan maksimum az vəsait çıxsın. Bu qanun işləyəcəyi təqdirdə ölkədən xaricə daşınan vəsaitin qarşısı ciddi şəkildə alına bilər. Həmin vəsait ölkəyə xidmət etsə, iqtisadi durum da dəyişəcək. Amma Azərbaycanda korrupsiya ilə sistemli şəkildə mübarizə aparılmasa, bu qanunla vəziyyəti tam nəzarətə götürmək mümkün olmayacaq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl  deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu ildən bu işlərlə məşğul olur: “Naxçıvan hadisələri də göstərdi ki, Dövlət Təhlükəsizliyi Xidməti qarşısına qoyulan vəzifələrin öhdəsindən  yüksək səviyyədə gəlir. Azərbaycandan ciddi pul axınları var və bunun qarşısının alınması üçün bir neçə istiqamətdə iş aparılmalıdır. Bu günə qədər bu işləri görməli olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Azərbaycandan külli miqdarda büdcə vəsaiti oğurlanaraq çıxarılıb. Bu pullar nağd şəkildə ölkədən çıxarılıb. Bəs necə olub ki, müvafiq qurumlar bunu görməyiblər?

Xaricdə yaşayan məmur övladlarının varidatı göz qamaşdırır. Həmin varidatın mənbəyi heç şübhəsiz ki, Azərbaycan büdcəsi, Azərbaycan insanının cibidir. Büdcədən ayrılan və xalqın rifahına, xalqın rifahının yaxşılaşdırılmasına yönəlməli olan vəsaitlər sadəcə oğurlanıb və ölkədən xaricə qaçırılıb. Bunun qarşısı alınmalıdır. Gec də olsa, bu addım atılmalı idi. Məmurların büdcə oğurluqlarının qarşısının alınması üçün bu çox vacib addımlardan biri idi. Bu gün Naxçıvanda gedən proseslər də göstərir ki, düzgün yol seçilib”.

İlham İsmayıl deyib ki, xaricdə fəaliyyət göstərən və Azərbaycana qarşı olan qüvvələrə də ölkədən pullar axıdılıb: “Bu adamlar xaricdə oturub Azərbaycana qarşı təbliğat aparırlar. Burada olan korrupsioner məmurlar da onlara korrupsiya yolu ilə əldə etdikləri vəsaitlərdən pay ötürürlər. Azərbaycanın pullarına Azərbaycana qarşı təbliğat aparılır. Bunun da qarşısı alınmalıdır. Xarici qüvvələrə bağlı olan qrupların da maliyyələşməsinin qarşısı alınmalıdır. Bunun üçün Dövlət Təhlükəsizliyi Xidməti sözünü demiş qurumdur və yeni səlahiyyətlərin verilməsi işin xeyrinə olacaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56