Cümə, 19 Aprel

Gələn il qiymətlər bahalaşacaq? - “Dolların məzənnəsi...”

image

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputat Vahid Əhmədovla müsahibəni təqdim edirik.

- Vahid müəllim, parlamentdə Azərbaycanda satılan dərmanın qiymətlərini tez-tez gündəmə gətirirsiniz. Dərman qiymətlərinin yüksək olmasının səbəbi nədir və çıxış yolunu nədə görürüsünüz?

- Parlamentin son büdcə müzakirələrində inflyasiya ilə bağlı məsələlərə toxunduq. İlk dəfə Baş nazir Əli Əsədov geniş məlumat verdi, bahalılıqla bağlı məsələlərə aydınlıq gətirdi. O da razılaşdı ki, ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən dərmanların qiymətində müəyyən artımlar var.

Baş nazir dərman qiymətləri ilə əlaqədar öz göstərişlərini verdi. Daha sonra Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovla görüşdük. Ona öz xəstəliyi ilə əlaqədar xaricdən dərman gətirən insanlara nə qədər lazımdır, o qədər dərmanın gətirilməsinə icazə verilməsi barədə tapşırıqlar verildi. Hazırda bu qaydanı tənzimləyən normativin hazırlanması üzərində iş gedir.

Ümumi yanaşsaq, qiymət artımları, inflyasiya ilə bağlı məsələlər gündəmdədir. Baş nazir anti-inflyasiya tədbirləri ilə əlaqədar hazırda işlərin görüldüyünü qeyd etdi. Qeyri-rəsmi məlumatlara görə, bu il ərzaq məhsulları üzrə inflyasiya təxminən 20 faizə yaxındır. Hesab edirəm ki, 2023-cü ildə qiymət artımı müəyyən qədər stabilləşəcək. Rəsmi rəqəmlərə əsasən, bu il inflyasiya göstəricisi 13.9 faizdir. Gələn il üzrə bu göstərici 6.9 faiz götürülür.

Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və digər beynəlxalq maliyyə qurumları da bu fikirdədir ki, gələn il qiymətlərdə müəyyən qədər stabilləşmə olacaq.

- İlin yekunudur, bu il hansı əlamətdar iqtisadi hadisələrlə yadda qaldı?

- İli xarakterizə etsək, deyə bilərəm ki, ölkədə iqtisadi hadisələr çox olub. Əsas iqtisadi hadisə Qarabağda görülən işlərdir. İşğaldan azad olunmuş torpaqlarda kifayət qədər işlər görülüb, beynəlxalq hava limanları açılıb, yollar çəkilir, müəyyən iaşə və sənaye obyektləri istifadəyə verilib. 2022-ci ildə görülən işlərin gələcək miqyası kifayət qədər böyükdür.

Bundan əlavə, Azərbaycanın iqtisadi tərəfdaş olduğu dövlətlərlə təmasları daha da dərinləşib. Türkiyə ilə çox ciddi iqtisadi-siyasi əlaqələrimiz qurulub.

- Yeni ildə bahalaşma, inflyasiya təzyiqləri davam edəcəkmi?

- 2023-cü il üçün çox gözəl baza yaradılıb. Çünki 11 ayın göstəricilərinə əsasən, növbəti ildə Azərbaycanda ciddi iqtisadi problemlər olmamalıdır. Bu, daha çox dünyada gedən proseslərdən asılıdır. Rusiya-Ukrayna müharibəsi bitərsə, sülh sazişi imzalanarsa, ciddi problemlər də olmaz. Çünki hər iki dövlət Azərbaycanın ciddi iqtisadi-siyasi əlaqələri var. Bu ölkələrdən Azərbaycana kifayət qədər məhsul idxal edilir.

Baxmayaraq ki, dünyada ərzaq qıtlığı var, amma ölkəmiz buna qarşı ciddi tədbirlər görür. Dövlət başçısının göstərişinə əsasən, bəzi məhsullar üzrə idxalından asılı olmamaq üçün istehsala başlanılıb. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə 50 min hektardan artıq sahədə taxıl əkilib. Yəqin ki, bu, genişləndiriləcək.

Dünyada gedən proseslərə nəzər salsaq, hesab edirəm ki, 2023-cü il cari ildən rahat keçəcək. Həm qiymət artımı, həm inflyasiya müəyyən qədər aşağı olmalıdır.

Qiymət artımı ilə bağlı bizi ən çox narahat edən məsələ “Rəqabət məcəlləsi”nin qəbul edilməsidir. Bu məcəllə işlənib hazırlanıb, hazırda Prezident Aparatındadır. Yəqin ki, parlamentin növbəti sessiyasında biz həmin məcəlləni qəbul edəcəyik.

- ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) dekabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb. Qərardan sonra İranda dollar 18 faiz bahalaşıb. Bəs, Azərbaycana təsirini necə dəyərləndirmək olar?

- Azərbaycanda hələlik dolların məzənnəsi qorunub-saxlanılır. Bu bizim üçün əhəmiyyətli məsələlərdən biridir. Doğrudur, müəyyən problemlər də var, amma məzənnənin qorunub-saxlanması çox vacibdir. Çünki biz Qarabağ kimi bir ərazidə böyük işlər aparırıq. Orada investorlar işləyir. Əgər valyutanın məzənnəsi dəyişirsə, onlarda da problem yaranır.

Digər tərəfdən, neftin dünya bazar qiyməti yüksəkdir. Azərbaycanın 56 milyard dollara yaxın valyuta ehtiyatları var. Bu gün nə mümkündürsə, olunub. 2023-cü ilin dövlət büdcəsini müzakirə edərkən Mərkəzi Bank məlumat verdi ki, dolların məzənnəsi yenə də 1.70 səviyyəsində qorunub-saxlanacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28