Cümə, 19 Aprel

“Büdcədən 264 min israf edib tenderi özlərinə yaxın şirkətə verdilər”

image

Sahibkar Elnur Nəcəfov Dövlət Satınalmaları Nəzarət Xidməti tərəfindən qanunsuz tender keçirildiyini, Xidmətin özünə yaxın olan şirkəti qalib etdiyini və bu yolla dövlətin büdcəsinin israf olunduğunu iddia edir.

Xəbər verilir ki, bu il mayın 26-da Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə idarəsi tərəfindən keçirilən subartezian nasos aqreqatlarının satın alınması tenderində ilkin nəticələrə əsasən, rəhbəri olduğu “Rapid Services Azerbaijan” MMC ən uyğun təkliflə çıxış edib.

Qalib elan olunacağını gözləyən şirkət 2 ay 16 gün sonra tenderdən kənarlaşdırılıb: “Səbəb kimi isə təqdim etdiyimiz bank zəmanəti məbləğinin tələb olunandan 81 qəpik aşağı olması göstərilib. Daha sonra 2 və 3-cü yerdəki iddiaçılar da müxtəlif səbəblərlə tenderdən uzaqlaşdırıldı və 4-cü yerdə olan “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı müəmmalı şəkildə qalib elan olundu. Qeyd edim ki, bizim təklifimizlə qalib elan olunan şirkət arasında 264 min manat qiymət fərqi var idi. Biz 908 935 manat təklif etdiyimiz halda, “İsser Group” 1 173 558 manat təklif etmişdi.

Vəziyyətlə əlaqədar Dövlət Satınalmalarına dəfələrlə müraciət edib, əskik olan bank zəmanətinin tender mahiyyətinə heç bir təsir etmədiyini, Dövlət Satınalmaları haqqında Qanunun 36.4-cü maddəsinə əsasən tender təklifində onun mahiyyətini dəyişdirməyən, xırda xətalar olduqda, aradan qaldırılması mümkün olan səhvlər olduqda belə satınalan təşkilat həmin təklifə tender tələblərinə uyğun təklif kimi baxa biləcəyini xatırlatmışıq. Bundan başqa, təklifin kənarlaşdırılması haqqında qərar iddiaçıya bir bank günü ərzində (Dövlət Satınalmaları haqqında Qanun maddə: 36-5.1) göndərilməli olduğu halda 2 ay 16 gün gizli saxlanılıb. Üstəlik, Qanunun 9.3 cü-maddəsində ayrıseçkilik etməmək tələbi də qoyulub. Amma digər iddiaçılara təkliflərinin qüvvədə olma müddətini uzatmaları barədə bildiriş göndərilsə də, tenderdən kənarlaşdırılmadığımız halda bizə göndərilməyib. Yəni qanun yenə pozulub.

Dövlət Satınalmalarına nəzarət şöbəsi və eləcə də Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti tərəfindən müraciətlərimiz araşdırılmadan, əsas suallarımıza cavab verməkdən yayınaraq, məsələyə aidiyyatı olan və olmayan Qanun maddələrini yazaraq şablon cavablar göndərildi. Büdcə israfına birmənalı şəkildə göz yumuldu. Nəhayət başa düşdük ki, “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim” şirkətini qalib etmək üçün lazım olan bütün addımlar atılıb. Ölkə vəsaitlərinin xaricə çıxarılması qadağan olduğu üçün Azərbaycanda xarici şirkətlərin yerli filiallarının yaradılması və vəsaitlərin bu formada xaricə çıxarılması artıq dəb halını alıb. Adıçəkilən şirkət isə noyabr ayında eyni idarənin 2 milyonluq daha bir tenderində qalib elan olunub.

Bu, tenderlərdə qarşılaşdığımız ilk belə hal deyildi. 2021-ci ildə Göyçay Suvarma Sistemləri idarəsi tərəfindən təmir işləri üçün materialların satın alınması məqsədilə təşkil olunmuş tenderdə biz ehtimal qiymətindən 20 faiz aşağı təkliflə çıxış etmişdik. Qanuna görə tender komissiyası bizə tələb olunan məhsullarla bağlı sorğu verməli idi. Əgər cavab qənaətbəxş olmazsa, o zaman bizi müsabiqədən kənarlaşdıra bilərdilər. Lakin komissiya bizim təklifimiz haqqında heç bir sorğu etmədən, tələb olunan məhsulların texniki parametrlərini, nümunələrini tələb etmədən, heç bir araşdırma aparmadan ikinci yerdə olan iddaçını 46000 manat qiymət fərqini nəzərə almadan qalib elan etdi.

Ətraflı

 

Bundan başqa, 2021-ci ildə Şirvan Meşə Melorasiya İdarəsinin təşkil etdiyi LOT-1 Cari təmir işləri üçün inşaat materiallarının satın alınması tenderində isə 37.38 m3 ağac materialı qiymət cədvəlində 3738 m3 göstərilərək tenderdə ciddi prosedur pozuntusuna yol verilib. Əvvəlcədən satınalan təşkilatla  sövdələşmiş 3 şirkət bu vəziyyətdən xəbərdar olduqları üçün qiyməti miqdara uyğun yazıblar. Biz xəbardar olmadığımız üçün təklifimiz bir milyondan yuxarı olub.

Qeyd edilən tenderlərlə bağlı dəfələrlə müraciət etsək də, nəticə etibarı ilə heç bir addım atılmadı, müraciətlərimiz şablon cavablarla cavablandırılaraq vaxt qazanılmağa çalışıldı, son olaraq isə artıq müraciət tarixinin bitdiyi qeyd olunaraq müraciətimizə baxılmasının mümkün olmadığı bildirildi. Yüksək iştirak haqqları ödəyərək iştirak etdiyimiz, uyğun qiymətlərə keyfiyyətli məhsulları tədarük etdiyimiz tenderlərdə artıq neçənci dəfədir ki, qanun pozuntularına yol verilir, müraciətlərimiz araşdırılmır. Bu, xüsusilə Melorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərində baş verir. DSNX və Melorasiya və Su Təsərrüfatı ASC kimlərinsə mənafeyi naminə dövlət büdcəsinin israf olunmasına göz yumur. 

Dövlət Satınalmaları üçün daxili və xarici bazardan ən uyğun qiymətə və tələb olunan keyfiyyətə uyğun məhsullar tədarük edə biləcəyimiz halda son bir neçə aydır ki, ancaq müraciətlər etməklə, Dövlət Satınalmalarının şəffaf formada təşkil olunmasını tələb etməklə məşğuluq. Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Dövlət Satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənova bu cür pozuntularla bağlı dəfələrlə müracət etsək də, heç bir xeyri olmayıb. Tender Komissiyaları qanunsuz əməllərini davam etdirməkdədir. Bizə vurulan bütün maddi və mənəvi zərərlərə və eləcə də yuxarıda adı çəkilən tenderlərdə haqq-ədalətin bərqərar olunmasına görə öz mübarizəmizi sonadək davam etdirəcəyik.

İddialarla bağlı Melorasiya və Su Təsərrüfatı ASC-ə sorğu ünvanladıq. ASC-dən bildirildi ki, "Rapid Services Azerbaijan" MMC-nin “Azmelsutəsərrüfat” ASC-nin rəhbərliyinə və digər qurumlara Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsində keçirilmiş tenderlə bağlı dəfələrlə ünvanladığı eyni məzmunlu müraciətlərinə baxılıb: ““Rapid Services Azerbaijan” MMC-nin İstehsalat Komplektləşdirmə İdarəsində keçirilmiş tenderlə bağlı bank təminatı bir faizdən az olduğu üçün satınalan təşkilat tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilib. Xidmətin (09.09.2022-ci il saylı AİBNDX 01/11-5/2358S saylı) məktubuna əsasən "Dövlət satınalmaları haqqında" Qanununun 32.1 ve 33.1-ci maddələrinə istinad edilərək, tender təkliflərinin qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunda muəyyənləşdirildiyi  müddət tender zərflərinin açılışı günündən sonra azı 30 bank günü təşkil etməli olduğu bildirilib.

Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin bir faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti-mövcud Qanunun tələblərinə uyğun olaraq tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çох olmalıdır. Həmin Qanunun 36.3, 36.5 ve 36.5.3-сu maddələrinə əsasən satınalan təşkilat tender təklifini yalnız о halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab vermiş olsun. Tender təklifləri formal tələblərə uyğun gəlmədiyi halda həmin təkliflər tenderdən kənarlaşdırılır.

Tərəfimizdən "Rapid Services Azerbaijan" MMC-nin təklifinin qiymətləndirilməsinin mümkünlüyü barədə müraciətə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaların vahid internet portal vasitəsi ilə təqdim edilmiş tender təklifinin təminatının tender təklifinin bir faizi həcmindən az olduğunu nəzərə alaraq onun tender təklifinin müsabiqədən kənarlaşdırılması məqsədəmüvafiq hesab edilib. 2021-ci ildə keçirilən tenderlə bağlı daha əvvəllər etdiyi müraciətlər araşdırılaraq cavablandırılıb”.

Məsələ ilə əlaqədar Dövlət Satınalmaları Nəzarət Xidmətinin tabe olduğu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də üz tutduq. Amma 8 gün keçməsinə baxmayaraq, Dövlət Xidmətindən sorğumuza cavab verilmədi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28