Cümə, 29 Mart

Hökumət əti ucuzlaşdırmaq üçün təlimat verəcək?

image

Azərbaycanda bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrə idxalının Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin sonunadək gömrük rüsumundan azad edilməsi yem xərclərinin 10 %-dək azalmasına səbəb olacaq”. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib. Onun sözlərinə görə, bu qərar heyvandarlıq və quşçuluqla məşğul olan intensiv fermaların yem xərclərinin azalmasını təmin edəcək. “Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə təsirini azaltmaq üçün verilmiş qərardır. Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin istehsal xərclərini azaldacaq və buda özlüyündə bazar qiymətlərinə təsir edəcək". 

F. Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş verərsə, bunu qərarın müddətinin uzatmağa ehtiyac olmayacaq:

"Amma yenə də yem məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti yenidən uzadılacaq”. 

Qeyd edək ki, heyvan yemlərinin gömrük rüsumundan azad edilməsi ötən il də tətbiq edilmişdi və bu müddətdə heç bir quş, yaxud mal ətinin qiymətində azalma müşahidə edilmədi. Əksinə, mal və qoyun ətinin qiymətində bahalaşmanın şahidi olduq. Nazirlər Kabinetinin yeni qərarı isə fevralın 7-dən qüvvəyə minib. Ancaq ötən 3 gün ərzində də qiymətlərdə, xüsusilə qoyun ətinin qiymətində artım özünü göstərir. Belə ki, paytaxtın bəzi ərazilərində qoyun əti 18 manata satılır. Doğrudanmı, yeni qərar qarşıdakı dövrdə qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq?

Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, ötən il may ayında idxal edilən heyvan yemləri gömrük rüsumundan azad edilmişdi və bu qərar 31 dekabr tarixinədək qüvvədə olsa da, ötən 7 ay ərzində quş, yaxud digər ətlərin qiymətində ucuzlaşma müşahidə etmədik:

“Bunun da səbəbləri var. Azərbaycanda bazar inhisarçıdır və belə bazarda bu cür alətlər qiymətin azalmasına təsir edə bilmir. Fermerin, yaxud hansısa bir inhisarçı sahibkarın xərclərini azaldırıqsa və o, bazarda inhisarçıdırsa, heç vaxt azalan xərcə görə qiymətləri aşağı salmayacaq. Ola bilər ki, hökumət də pərdəarxası təzyiq etsin. Ancaq onlar da çox deyil, mərkəzləşmiş qaydada fəaliyyət göstərir və bazara təsir edən mərkəzləşmiş qüvvə var. Ola bilər ki, hökumət “Mən sənin xərclərini azaltmışam, ona uyğun olaraq sən də qiymətləri aşağı sal” deməklə təsir edir. Hökumət bu mexanizmlə tələb etsə, mümkündür. Ancaq başqa cür, inhisarcı bazarda sahibkarın xərcini azaltmaqla qiymətləri ucuzlaşdırmaq mümkün deyil. Çünki biz bir tərəfdən sahibkarın xərcini azaldırıq, ancaq onun bazarda rəqibi yoxdur, kimdənsə ehtiyat etmir ki, hökumətin güzəştindən istifadə edib, onu bazardan çıxararlar qorxusu yoxdur. İnhisarçı olduğuna görə də azalan xərclər sahibkarın mənfəətini artırır və bir qədər də gücləndirir. Ümumilikdə isə heyvan yemlərinin idxal rüsumundan azad edilməsi əsasən quş yemlərinə şamil olunur, nəinki xırda və iribuynuzlu heyvanlara. Bu baxımdan onlara təsirləri çox aşağıdır. Digər tərəfdən də ötən il ölkədə otun qiyməti yüksəldi və bu baxımdan da bazarda mal, qoyun əti bahalaşdı. Quş ətində isə heç bir qiymət azalması müşahidə edilmədi. Mən ötən il də qərar qəbul ediləndə etiraz etmişdim ki, əgər məqsəd bazarda qiymətləri ucuzlaşdırmaqdırsa, bu baş verməyəcək”.

Ekspert bildirib ki, qiymətləri normallaşdırmaq, təbii şəkildə tənzimləmək istəyirlərsə, rəqabətli bazar yaradılmalıdır:

“Rəqabətli bazar yaradanda hökumətin istifadə etdiyi alətlər dərhal təsir edir. Çünki belə bazarda sahibkar çalışır ki, rəqibimdən necə üstünlük əldə edim. İnhisarçı bazarda isə bu yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45