Şənbə, 20 Aprel

Zəngəzur dəhlizini dəstəkləyən üç böyük güc: Onlar kimlərdir? - Müsahibə

image

Jurnalist Elçin Alıoğlu sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan yenə də Qarabağla bağlı bizim qəbul etməyəcəyimiz məsələlərdən danışır. Əvvəl mümkün sülh müqaviləsində bunun olmayacağını deyirdi, indi isə əksini söyləyir. Sizcə, o, bu mövqeyində nə qədər təkid edəcək və bu, hansı gəlişmələrə yol aça bilər?

- Paşinyanın mətbuat konfransında verdiyi açıqlamalar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üzrə gedən danışıqlara ən böyük zərbələrdən biri oldu. Paşinyan bu konfransı qəfil keçirdi. Yanvarda keçirilən bundan əvvəlki konfransdan xeyli əvvəl bu haqda məlumatlar, anonslar verilmişdi. Bu dəfə isə bunlardan heç biri olmadı.

Paşinyanın mətbuat konfransında üç əsas məqam vardı. Birincisi, Paşinyan Rusiyaya qarşı “xəbərdarlıq və ultimativ” davranış görüntüsü yaratmağa çalışdı. İkincisi, Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsinə beynəlxalq təminatın verilməsini istədi. Bu da yeni bir məsələdir. Üçüncü məsələ budur ki, Paşinyan Qarabağ ermənilərinə “status” məsələsini yenidən gündəmə gətirdi. Bildirdi ki, Ermənistan onların adından danışa bilməz, onlar “Dağlıq Qarabağ xalqı”dır.

Paşinyan sülh müqaviləsinə gedən yolda yeni maneələr yaratmaqla bölgədəki situasiyanı həddidən artıq gərginləşdirir. Bu, Azərbaycanın yeni antiterror əməliyyatlarına başlamasını yaxınlaşdıra və bölgədə vəziyyəti kökündən dəyişə bilər. Paşinyanın güvəndiyi iki əsas qüvvə var: Rusiya və Fransa. Hər ikisi ona bol vədlər verir. Rusiyanın mövqeyi anlaşılandır. Rusiya son iki yüz ildə həmişə möhkəm dayaqlara malik olduğu Cənubi Qafqazda artıq zəifləyir. Bu da Ukraynadakı müharibə ilə əlaqəlidir. İran bunu fürsət bilərək, Ermənistan vasitəsilə Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır.

İran həmişə Ermənistan haqda danışarkən bildirir ki, Cənubi Qafqazda sərhədlərin toxunulmazlığı Tehranın “qırmızı xətt”idir. Mən İran rəhbərliyindən və onun Azərbaycandakı səfirliyindən soruşmaq istəyirəm: Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini işğal edib sərhədləri dəyişəndə, orada Rusiya pasportları paylayanda niyə Tehran “qırmızı xətlər”dən danışmırdı? İkincisi, Ermənistan 30 il Azərbaycan ərazilərini işğalda saxlayanda niyə İran “qırmızı xətlər”dən bəhs etmirdi? Nəhayət, niyə İran “Azərbaycan sərhədləri və ərazi bütövlüyü toxunulmazdır” desə də, davamlı olaraq Ermənistana yardım edirdi?

Daim Azərbaycanı günahlandıran İran bildirir ki, guya İsrail qüvvələri ölkəmizdədir, guya Zəngilan və Füzuli hava limanları hərbi məqsədlər üçün istifadə olunur. Amma İran Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsi ilə əlaqədar bir nota və etiraz bəyanatı belə verməyib. Bu işin kölgə tərəfi də var. Tehran və İrəvan arasındakı anlaşmaya görə, İran Avropa Birliyinin 102 nəfərlik missiyasının Ermənistana gəlməsinə cavab olaraq, SEPAH-ın 102 zabitini bu ölkəyə göndərib. Yəni öz aləmində “kompensasiya” edib. Paşinyanı da rahat qılan məhz bu məsələlərdir.

Paşinyan unudur ki, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya-demarkasiyası bir dövlətə aid məsələ deyil. Cənubi Qafqazda stabillik və sülh hamıya lazımdır, o cümlədən Britaniyaya, Çinə, ABŞ-a. Belə bir fonda Paşinyanın aqressiv ritorikaya əl atması, öz aləmində hədə və ultimatumlar verməsi, “Qarabağ Ermənistandır” tipli ikinci sərsəm açıqlamanı gündəmə gətirməsi Ermənistan üçün çox fəlakətli nəticələr verə bilər

- Bu günlərdə erməni separatçılarının Qarabağın dağlıq hissəsinə silah-sursat, hərbçi daşımalarına dair görüntülər də yayılır. Sizcə, bu, nədən xəbər verir: separatçıların silahlandırılmasında kimlər maraqlıdır və hədəf nə ola bilər?

- Separatçıların silahlandırılmasında Ermənistan, Rusiya və İran maraqlıdır. Rusiya bölgədə gərginliyin qalmasını istəyir. Çünki bu vasitə ilə həm Azərbaycan, həm də Ermənistana təzyiq edir. Orada silahlı dəstələrin olması Rusiya sülhməramlılarının özlərinin oradakı mövcudluğu məsələsinin aktuallığını itirir və məsələnin konteksti yoxa çıxır.

İran da bunda maraqlıdır. Çünki İran həmişə bu konfliktdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışıb. Amma Azərbaycanın mövqeyi sabitdir: Dağlıq Qarabağ anlayışı yoxdur, Qarabağ erməniləri anlayışı var. Onlar da ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da çıxıb gedəcəklər. Necə gedəcəklər, özləri bilərlər, bu, bizi qətiyyən maraqlandırmır. Rusiya və İranın yanaşması Azərbaycanın xarici siyasətinə, xüsusən də Qarabağın erməni icması ilə münasibətlərə qətiyyən təsir etməyəcək və edə də bilməz. Separatçıları silahlandırmaqla, atəşkəsi pozmaqla, mövqelərimizi atəşə tutmaqla nəyəsə nail olmaq istəyirlərsə, o nəsə olacaq, amma bu, ermənilər üçün çox acı nəticələr verəcək.

- Gündəmin bir başqa mövzusu isə İranın Azərbaycanla sərhədində hərbi təyyarə uçurmasıdır. İran bununla nə demək istədi?

- Fikir verdinizsə, Azərbaycanın hava məkanına müdaxilə cəhdi yalnız bir yöndə oldu – işğaldan azad edilmiş ərazilər istiqamətində. İran təyyarəsi Xəzər dənizində, yaxud sərhədin digər istiqamətlərində də uça bilərdi. Amma məhz işğaldan azad edilmiş ərazilər – Zəngilan istiqamətində sərhədə yaxınlaşması, təxribata əl atması təsadüfi deyil. Burada iki məqam var. Birincisi, indi İranda xarici və hərbi siyasətdə söz sahibi SEPAH-dır. Məhz Rusiya ilə silah alverində, həmçinin Yaxın Şərqdəki proksi qüvvələrin idarə olunmasında Xarici İşlər Nazirliyi artıq arxa plana keçib, SEPAH bu mənada öndədir.

İranın dini lideri Xameneyiyə yaxınlıq uğrunda gedən mübarizədə SEPAH artıq qalib gəlib. Ona görə də indi İranın xarici siyasəti, müdafiə doktrinası və proksi qüvvələrə rəhbərlik artıq SEPAH-dadır. Gorbagor Süleymani sağ olanda İranın xarici işlər naziri kimliyindən və mövqeyindən asılı olmayaraq, Yaxın Şərqdə Tehranın maraqlarının olduğu dövlətlərlə bağlı bütün məsələlər onun kurasiyasında idi. İndi Süleymani yoxdur, amma SEPAH-ın baş komandanı Hüseyn Səlami var. Hüseyn Səlami Xameneyidən sonra İranda ikinci şəxsdir. Sərhədimiz boyunca uçan təyyarə də SEPAH-a məxsusdur. SEPAH bununla Azərbaycana mesaj verir ki, İranla danışıqlar aparmaq istəyirsinizsə, bizim maraqlarımızı nəzərə almalısınız.

İran həm də nədənsə düşünür ki, Türkiyədə zəlzələ olub, 48 mindən çox insan həyatını itirib, mayın 14-də orada prezident və parlament seçkiləri keçiriləcək və Ankaranın başı qarışıb, İsrailin başı daxili məsələlərə qarışıb və sair. İranın fikrincə, Azərbaycana təzyiq etmək, “əzələ nümayiş etdirmək” və Azərbaycanı “sakitləşdirmək” üçün məqamdır. Amma bu alınmayacaq.

Digər məsələ ondan ibarətdir ki, İran bölgədə real gücə malik olmasa da, regional oyunçu statusunda müəyyən addımlar atmaq iqtidarında olduğunu Azərbaycana göstərməyə çalışır. Amma İran unudur ki, bu addımlar və təxribatlar nə qədər davam edərsə, Azərbaycanın ABŞ, NATO və İsraillə hərbi-texniki əlaqələri o qədər intensiv inkişaf edəcək. İran Rusiyanın səhvini təkrarlayır. NATO-nun genişlənməsinin qarşısını almaq istəyən Rusiya Ukraynaya hücum etdikdən sonra indiyədək NATO-ya qoşulmaq istəməyən ölkələr belə bu ittifaqa üz olmaqçün müraciət etdilər. Məsələ bu qədər bəsitdir.

- Sərhəddəki son təxribatdan sonra İranla Azərbaycan arasında mümkün hərbi toqquşmadan danışanlar da var. Siz bu haqda necə düşünürsünüz?

- İranla Azərbaycan arasında hərbi qarşıdurma sadəcə mümkün deyil. Birincisi, İranın buna gücü yoxdur. İran istədiyi qədər dəmir-dümürünü, tərsinə mühəndislik yolu ilə qurduğu “hərbi sənaye kompleksinin nailiyyətləri”ni nümayiş etdirə bilər. Amma Azərbaycanla müharibə İran üçün fəlakət olar. Ona görə yox ki, orada 35 milyondan çox soydaşımız var, Azərbaycan İsraillə strateji müttəfiqdir, Şuşa Bəyannaməsi var və sair. Məsələ başqadır. İndi Azərbaycanla istənilən formada hərbi konfliktə girmək İranın sonu olar. Çünki bu, Qərbə İrana birbaşa hərbi zərbələr endirmək üçün legitimləşdirilmiş səbəb olacaq, latınca buna “Kazus Belli” deyirlər. İran da bu “Kazus Belli”ni istəməyəcək.

Eyni zamanda, İranın siyasətinin həmişə iki səthi olur. Birinci səth publikaya hesablanır, ikincisi isə öz məqsədlərinə çatmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. İran əsəbləri tarıma çəkməklə öz niyyətlərinə çatmağa çalışır. İran istəmir ki, Qərb dövlətləri onun şimal sərhədlərində olsun və Ermənistanı itirsin. Çünki İran Ermənistanı itirərsə, Tehran Rusiya ilə gizli marşrutlaşmış nəqliyyat istiqamətini itirəcək. Çünki İran Rusiya ilə əlaqələrini iki istiqamətdə təmin edir: Ermənistan və Xəzər dənizi üzərindən. Ona görə də İran bundan sonra da deməyə davam edəcək ki, Xəzər sahilyanı dövlətlərin daxili dənizidir, üçüncü dövlətlərin bu yerdə işi yoxdur. İranın ritorikasının əsasında bu dayanır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20