Cümə axşamı, 28 Mart

Buraxılış imtahanından sonra tədris lazımdırmı?

image

Son günlər XI sinif şagirdlərinin buraxılış imtahanını mart ayında verməsinə etirazlar yenidən gündəmə gəlib. Bəzilərinin fikrincə, tədris ili başa çatmamış buraxılış imtahanı verməyin məntiqi yoxdur. Çünki həm imtahanı verərkən şagird tam proqramı mənimsəməmiş olur, həm də imtahandan sonra onun dərsə marağı ölür və seçdiyi ixtisasa uyğun ali məktəbə hazırlaşır. Ona görə də martda buraxılış imtahanı verən şagirdin iyun ayına qədər dərsə davam etməsi məntiqsizdir.

Məsələ ilə bağlı açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi deyib ki, martın 5-dən iyunun 14-dək şagirdlərin məktəbi davam etdirməsi xüsusi olaraq vacibdir:

“Ona görə ki, sözügedən dövr ərzində şagirdlərə attestat verilməsi üçün ümumi qiymətləndirilmə aparılır. Təəssüf ki, əvvəlki dövrlərdən fərqli olaraq, şagirdlər buraxılış imtahanını verdikdən sonra arxayın düşür və dərslərə davam etmək istəmirlər. Çünki hazırda 2 qiyməti olana və ya davamiyyəti normal olmayanlara da attestatlar verilir. Buna görə davamiyyətin keyfiyyəti də, dərsə maraq da azalır”.

E.Əfəndi ölkəmizdə 2009-dan kurikulum təhsil sisteminə keçid edildiyini xatırladıb:

“Bu sistemlə məktəbi bitirən şagirdlər artıq 2019-cu ildən yeni qaydada imtahan verməyə başladılar. Həmin imtahanlarda sırf əl yazısı ilə cavablanacaq açıq yazılı tipli suallar salındı. Obyektivliyin qorunması üçün cavablar mərhələli formada 3 fərqli markerlə yoxlanılır. Bu isə təxminən bir ay vaxt alır. Əgər iyunun 14-dən – tədris ili bitəndən sonra, təxminən iyunun 20-25-i imtahanlar keçirilərsə, onda cavablar yalnız iyulda elan edilə bilər. Bundan sonra blok imtahanı məcburi avqustda keçirilməlidir. İmtahanın nəticələrinin elan olunması isə zaman alacaq. Beləliklə, ümumi qəbul prosesi sentyabrdan sonraya, oktyabrın əvvəlinə təsadüf edəcək”.

Ekspertin fikrincə, bunun qarşısını almaq üçün aidiyyəti qurumlar konkret qərarlar verməlidir. Qəbul imtahanının formatı dəyişməli, fənlərin sayı minimallaşdırılmalıdır:

“Bir şagirddən 6-7 fənn üzrə deyil, konkret 1 və ya 2 fənn üzrə biliklərin qiymətləndirilməsi daha uyğundur. Çünki bu, həm şagirdlər üçün çətindir, həm də valideynlərin büdcəsinin istismarı deməkdir. Halbuki, Azərbaycan konstitusiyasına əsasən, ölkəmizdə təhsil ödənişsizdir. Ancaq orta məktəbdə təhsilin keyfiyyəti o qədər aşağıdır ki, valideynlər məcbur olub məktəbdən kənara üz tutur. Bunun qarşısını almaq üçün aidiyyəti 2 qurumda güclü islahatlar aparılmalıdır”.

Ekspertin sözlərinə görə, artıq demək olar, dünyanın heç bir ölkəsində ixtisas qrupları anlayışı yoxdur:

“Əksər ölkələr artıq 1-2 fənndən ibarət vahid imtahan modelinə keçib. Yaxud hər hansı beynəlxalq fənn olimpiadasında yer tutursa, o, həmin ixtisas üzrə qiyabi təhsil almaq imkanına sahib olur. Başqa imtahan verməsinə ehtiyac qalmır. Ölkəmizdə isə ADA Universitetidir ki, SAT-la qəbul imtahanı həyata keçirir. Bir sözlə, bu kimi modellərdən ölkəmizdə də istifadə edilə bilər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25