Cümə axşamı, 16 May

“Whatsapp” kimi digər sosial şəbəkə hesablarımız da oğurlana bilərmi?

image

Azərbaycanda “Whatsapp” istifadəçilərinin hesablarının ələ keçirilməsi ilə narahatlıq azalmamış insanlar digər sosial sosial şəbəkə hesablarının oğurlanacağı ilə bağlı narahatlıq keçirməyə başlayıblar.

Vətəndaşlar xüsusilə eyni şirkətə məxsus olan “Facebook” və “Instagram” hesabları üçün narahatdırlar.

Bəs bu təhlükə nə dərəcədə realdır?

Xəbər verilir ki, report mövzunu "Azərbaycan İnternet Forumu"nun Prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şuranın üzvü Osman Gündüzlə müzakirə edib.

Ekspert hesab edir ki, digər sosial şəbəkə hesablarının da ələ keçirilməsi riski mövcuddur: "Hesab edirəm ki, belə təhlükələr qaçılmazdır. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Sadəcə, bizdə istifadəçilərin böyük əksəriyyətinin rəqəmsal savadlılıqla, elementar informasiya təhlükəsizliyi qaydalarına əməl etməklə bağlı problemləri var. Ona görə Azərbaycanda bu qədər çox ajiotaj yaranır. Ona görə üşünürəm ki, dövlət və ictimai qurumlar diqqətini vətəndaşların rəqəmsal savadlılıq səviyyəsinin artırılmasına, elemental informasiya təhlükəsizliyi qaydalarına əməl etməsinə yönəltməlidirlər. Yəni, qida sektorunda olduğu kimi, İKT sektorunda da gigiyena qaydaları olmalıdır, hamı buna əməl etməlidir, yoxsa daima problemlər olacaq".

"Daxil olan şübhəli zənglərə, mesajlara ehtiyatla yanaşmaq, sosial media resurslarının özlərinin təklif etdiyi təhlükəsizlik qaydalarına əməl etmək, özündə bu bacarığı formalaşdırmaq lazımdır. Məsələn “whatsapp” özü 5-6 cür təhlükəsizlik qaydası təklif edir. Onlardan biri PIN-dən, ikisəviyyəli təsdiqləmədən, PIN-i dəyişmək üçün elektron poçt ünvanından istifadə etməkdir. Yəni, sosial media resursunun administrasiyası öz istifadəçilərini qorumaq üçün əlavə alətlər təklif edir. Əsas məsələ odur ki, həmin alətlərdən istifadə etməyə münasibət necədir? Bu, yenə rəqəmsal savadlılığa, vətəndaşların hamısının ondan istifadə edib-etməmək məsələsinə gəlib çıxır. Təbii ki, vətəndaşların hamısı buna hazır deyil. Hazırda “whatsapp”, “Instagram” kimi sosial media ilə yanaşı hökumətin də özünün mobil tətbiqləri var. Getdikcə bu tətbiqlərin özü və istifadəçi sayı artmaqdadır. Bu baxımdan rəqəmsal savadlılıq önəmlidir", - deyə o vurğulayır.

O.Gündüzün fikrincə, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) maarifləndirmə sahəsində atdığı addımlar qənaətbəxş deyil: "Bu qurumun metodiki dəstək, informasiya dəstəyi istiqamətlərində gördüyü işlər qənaətbəxş sayıla bilməz. Hər hansı problem olanda cəmi bir dəfə açıqlama verməklə kifayətlənirlər. ETX nəhəng maarifləndirici briqadalarını, maarifləndirici resurslarını yaratmalıdır. Televiziyalarda, radiolarda, internet resurslarında faydalı reklamlar verilməlidir. Qurum onları maliyyələşdirməlidir.

Məsələn, mən “Report”a daxil olanda orada mənə bir faydalı mesaj çıxmalıdır ki, “ikiqat şifrələnmədən istifadə edirsən?!” Yəni ETX bütün ölkədə iş aparmalıdır. Digər qurumlarla müqayisədə onlardan gözlənti çoxdur. O biri qurumlar bu işi görə də bilərlər, görməyə də bilərlər. Amma biz rəqəmsal savadlılıqla bağlı ETX-nı deyil, digər qurumları daha aktiv görürük. Halbuki ETX-nın əsasnaməsində də var ki, rəqəmsal savadlılıqla məşğul olsun".

ETX-dan isə bildirilib ki, hazırda "Facebook" və "Instagram" sosial şəbəkələrində bu kimi hallar müşahidə edilmir. Bununla belə, ETX vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla buradan tanış olmaq mümkündür. ETX hazırda baş verən halla əlaqədar qurumun sosial şəbəkə hesablarında, onlayn mediada, həmçinin TV və radio kanalları vasitəsilə intensiv şəkildə maarifləndirmə tədbirləri həyata keçirir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00