Şənbə, 18 May

Jirinovskidən Azərbaycan deputatlarına cavab: “Sizin nə işinizə qalıb?”

image

Azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusevin polis nəzarətinə buraxılması, polislərə qarşı zor tətbiq etməkdə günahlandırılaraq iki azərbaycanlı-İlkin İsmayılov və Ruslan Qurbanovun isə həbs edilmələri Azərbaycanda ciddi etiraz doğurub.  

Xatırladaq ki, Aleksandr Qusevin azadlığa buraxılaraq istintaq müddətində polis nəzarətinə verilməsinə və  hadisə yerindən olan iki nəfərin həbsinə göstərişi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırıkin verib. Bildirilir ki, polis 19 yaşlı azərbaycanlını həbs edərkən onu “istəmədən” vurub. Novosibirsk Mərkəzi Rayon Məhkəməsi iyunun 5-də İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki aylıq həbs-qətimkan təsbiri seçib. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318 və 319-cu maddələri - “Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” və “Hakimiyyət nümayəndəsini təhqir etmə” maddələri ilə günahlandırılır.

Yada salaq ki, iyunun 5-də Azərbaycan ictimaiyyəti Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Azərbaycan Rus İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycan Rus İcması Rusiya Federasiyasının Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin güllələnməsi ilə nəticələnmiş faciəli hadisəyə görə dərin narahatlığını bildirir: “Azərbaycan Rus İcması, respublika ictimaiyyəti belə hesab edə bilərdi ki, faciəli hadisə təsadüf nəticəsində baş verib, lakin əgər Rusiya Federasiyası İctimai Palatasının üzvü, ”Yedinaya Rossiya" partiyasından RF Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanın polis işçisinin cinayətkar əməllərinə haqq qazandıran, Rusiya ictimaiyyətini istintaq orqanlarına təzyiq göstərməyə məcbur etmək məqsədilə millətlərarası ayrı-seçkiliyi qızışdıran təxribatçı sözləri olmasaydı, biz əmin olardıq ki, Rusiyanın istintaq orqanları bu faciəni hərtərəfli araşdıracaq və polis işçisi - baş leytenant A.Qusev layiqli cəzasını alacaq. 

Azərbaycan Rus İcması ümidvar olduğunu bildirir ki, Rusiya ictimaiyyəti, ölkə parlamenti və hökuməti millətlərarası sülhün qorunub saxlanılması üçün zəruri tədbirlər görəcək. Biz əminik ki, iki xalq arasında dərin köklərə malik ənənəvi dostluq və qardaşlıq əlaqələri bundan sonra da genişlənəcək". 

Amma belə görünür ki, Rusiya bu məsələyə rəsmi müraciətə baxmayaraq da reaksiya vermir. Əvəzində isə bəzi hallarda “Kremlin danışan dili” hesab olunan Jirinovski irəli verilir. 

Belə ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Jirinovski Azərbaycanın millət vəkillərini də tənqid edib. “Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizin nə işinizə qalıb? Əgər Azərbaycan nümayəndələri, sakinləri üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, - deyə o bildirib.

Vəkil Abdullayevin atası Yaqub Abdullayev deyib ki, oğlu Rusiyada anadan olub, Rusiya vətəndaşı idi: “Mən də Rusiya vətəndaşıyam. İnanıram ki, qanunlara uyğun, obyektiv istintaq aparılacaq. Azərbaycan tərəfinin bəyanatı, Azərbaycanın Gürcüstandakı səfirinin bizi ziyarət etməsi, Azərbaycan mediasının məsələyə diqqəti məni buna inandırır. İnanıram ki, Vladimir Putinin göstərişi ilə bu işə obyektiv şəkildə baxılacaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41