Şənbə, 20 Aprel

Tanınmış Mehdiyevçilər – siyahıda kimlərdir?

image

Prezident Administrasiyasının rəhbərliyindən uzaqlaşdırılan və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevin əvvəlki gücü günü-gündən sıradan çıxmaqda davam edir. Artıq 80 yaşı haqlamış akademik bir sıra mühüm vəzifələrdən uzaqlaşdırılsa da, ona yaxınlığı ilə seçilən adamlar hələ də yüksək vəzifələrdə təmsil olunmaqda davam edir. 

Hələ Administrasiya rəhbəri kimi yüksək vəzifədə olduğu dövrdə Ramiz Mehdiyev bir sıra şəxslər tərəfindən mədh edilir və şəninə yüksək fikirlər səsləndirilir, tostlar deyilirdi. Hətta Prezident Administrasiyasının keçmiş rəhbəri haqqında yazılmış təriflərin cəmləşdiyi kitab da mövcuddur. 

Belə ki, 2018-ci ildə nəşr olunan “Akademik Ramiz Mehdiyev - biblioqrafiya” kitabında hal-hazırda dövlət idarəetməsində yer alan bəzi vəzifəli şəxslərin, eyni zamanda ölkənin siyasi həyatında üzdə olan simaların da adına rast gəlmək mümkündür. Kitabı vərəqlədikcə bu şəxslərin Ramiz Mehdiyevi məhd etmək barədə necə rəqabət içərisində olduqları aydın şəkildə görünür.  

Mehdiyevçi kadrların əsl simaları

Bir müddət öncə video şantaj qalmaqalı ilə gündəmə gələn Prezident Administrasiyanın sabiq şöbə müdiri Əli Həsənovun Ramiz Mehdiyevlə yaxınlığı ölkədə hər kəsə məlum olan bir faktdır. Bu səbəbdən də Əli Həsənovun Ramiz Mehdiyev haqqında bəlağətli fikirlərlə çıxış etməsi heç də təəccüblü qarşılanmamalıdır. Əli Həsənov uzun illər sirdaşı olduğu Ramiz Mehdiyev haqqında yazır, “onun yaradıcılığını müasir azərbaycanşünaslığın ünvanı kimi səciyyələndirmək olar”. Azərbaycançılığın nə demək olduğunu və yaranma tarixini qəsdən yaddan çıxaran Əli Həsənovun bu cür ifadələrə yer verməsi bu şəxslərin hansı iddilarda olduqlarının bariz sübutudur.

Mədhiyyə yarışının bir digər iştirakçısı isə hal-hazırda Milli Məclisin “bitərəf” deputatlarından olan alim Ziyad Səmədzadədir. Əli Həsənov qədər Ramiz Mehdiyevin elminə heyran olanlar arasında yer alan Ziyad Səmdəzadə Ramiz Mehdiyevi “Azərbaycan elmində cəsarətli addımlar atdığını” qeyd edir. Akademikin əsərlərini az qala “müqəddəs” adlandıran deputat Əli Həsənov qədər olmasa da rolunu yaxşı oynamağa çalışır.

Bakı Dövlət Universitetinin keçmiş rektoru, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı, keçmiş YAP üzvü olan Abel Məhərrəmov də Ramiz Mehdiyevlə barəsində yüksək fikirdə olanlar arasındadır. Adı şərab qalmaqalında hallanan sabiq rektor Ramiz Mehdiyevi mədh edərkən onu “yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən şəxs” və “ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi” adlandırmağı seçir. Azərbaycan Dillər Universitetinin rektoru olan filoloq Kamal Abdulla isə məddahlıqda həmkarından heç də geri qalmır. Rektor iddialı şəkildə Ramiz Mehdiyevi “Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyin yollarını və vasitələrini tapan görkəmli dövlət xadimi” adlandır. Olduqca təhlükəli səslənən bu ifadələr niyəsə Ramiz Mehdiyevin sonrakı fəaliyyəti ilə üst-üstə düşmür. Görünən odur ki, Kamal Abdulla Azərbaycanın bu günki uğurlarının kimə məxsus olması ilə bağlı özünəməxsus fikirlərə malikdir.

Milli Məclisin keçmiş deputatı və YAP-ın üzvü olan dilçi alim Nizami Cəfərov da Ramiz Mehdiyevin akademik məziyyətlərini saymaqla bitirə bilməyənlərdəndir. Ramiz Mehdiyevi “siyasət generalı” adlandıran Nizami Cəfərov “təcrübəli siyasətçi”-nin yanında addımlamağı özü üçün fəxr hesab etdiyi məlum olur. O da 1999 ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaranan vaxtdan indiyədək həmin Akademiyanın I prorektoru olan Əlikram Abdullayev kimi deyəsən Ramiz Mehdiyevin həyatına və fəaliyyətinə dərindən bələd olanlardandır. Uzun illər eyni vəzifədə qalmağın mənəvi borcundan ötrü Əlikram Abdullayev Ramiz Mehdiyevi “gəncliyin tərbiyəçisi”, “gəncliyin müəllimi” adlandırmağı üstün tutur. Özünü hələ də gənc hesab edın Əlikram Abdullayev hazırda Akademiyada Ramiz Mehdiyevdən aldığı tərbiyyəni gələcək nəsillərə ötürməklə məşğuldur. 

Milli Məclisin 6-cı çağırış üzrə deputatı Bəxtiyar Sadıqovun da adına Ramiz Mehdiyev yaradıcılığının heyranları arasında rast gəlmək mümkündür. Digərlərindən fərqli olaraq Bəxtiyar Sadıqov Ramiz Mehdiyevi özünü “ideoloqu” hesab edir və dolayı yolla hələ də bu ideoloji xəttə bağlı qaldığını nümayiş etdirməyə çalışır. Keçmiş günlərin xatirəsini unutmadığını Ramiz Mehdiyev haqqında yazdığı fikirlərlə təsdiq etməyi bacaran şəxslərdən bir digəri hazırda Milli Məclisin deputatı olan tarixçi alim Musa Qasımlıdır. O, Ramiz Mehdiyevin başını dik tutaraq küçədə piyada gəzdiyinin şahidi olması ilə öyünür. Bir tarixçi alimin tək uğuru küçədə piyada gəzmək olan Ramiz Mehdiyevə bu qədər tərifin nə üçün edildiyi isə yəqin ki, məlumdur.

Milli Məclisin bir digər deputatı İsa Həbibbəyli də sözügedən kitabda imzası olanlar arasındadır. YAP sırlarında təmsil olunan deputat Ramiz Mehdiyevi “cəmiyyət həyatını dövlət işinin nəbzi üstündə kökləməyi bacaran” şəxs hesab edir. Eks-deputat Gövhər Baxışəliyeva isə Ramiz Mehdiyevin “xalq yolunda xərcələnmiş” alimlərdən olduğunu və kabinet rahatlığına sığınanlardan olmadığını qeyd edir. O, Ramiz Mehdiyevi “elmi səriştəsi”, “tükənməz enerjisi” və “böyük idarəçilik” təcrübəsi ilə xatırlayır. 80 yaşına çatmış akademikin hər zaman Azərbaycanın tərəqqisinə xidmət etdiyini də əlavə edir. 

Təhlükənin miqyası

Tanış olduğumu mədhiyyələr Ramiz Mehdiyevlə bağlı səsləndirilən “Mehdiyevçi qruplaşma” iddialarını yenidən gündəmə gətirir. Qeyd edək ki, adları sadalanan şəxslərdən əlavə Ramiz Mehdiyevin biblioqrafiyasında daha 10-larla şəxsin təriflərinə də rast gəlmək mümkündür. Bu şəxsləri birləşdirən ən önəmli məqam isə onların Ramiz Mehdiyev haqqında indiyə qədər mövqelərini qoruyub saxlamalarıdır. 

Belə ki, araşdırmalarımız nəticəsində sadlanan şəxslərdən heç birinin Ramiz Mehdiyev haqqında hər hansı formada mədhiyyələrdən uzaq fikirlər səsləndirməsinə rast gəlmədik. Bu isə, onu deməyə əsas verir ki, həmin şəxslər hələ də Ramiz Mehdiyev haqqında fikirlərini qoruyub saxlayır və qoca akademikə öz sadiqliklərini davam etdirirlər. 

Bu halda həmin şəxslərin Mehdiyev qruplaşmasına və ya bizə daha tanış ifadə ilə desək “Mehdiyevçi qruplaşmaya” üzvlüklərinin davam etdiyini söyləyə bilərik. Gələcəkdə Ramiz Mehdiyevə qarşı hər hansı fəaliyyət baş verərsə, adları çəkilən şəxslərin hansı mövqeyi tutacaqları və nəticədə hansı gedişatların və ya problemlərin meydana çıxacağını təsəvvür etmək elə də çətin deyil.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20