Cümə, 19 Aprel

Rasim Quliyevin həbsinin təfərrüatları – izlər Hacıbala Abutalıbova aparır

image

Bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbs olunduğu xəbəri yayıldı. Barəsində aparılan yoxlamalar zamanı onun korrupsiya əməllərinin ortaya çıxdığı və sabiq aparat rəhbərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirildi. Məlum oldu ki, Rasim Quliyev Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilərək həbs olunub.

Rasim Quliyevin karyera nərdivanı

Rasim Quliyev ilk dəfə 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri və daha sonra da baş redaktorun müavini kimi çalışıb. Hələ o vaxt “Səs” qəzetinin baş redaktoru ilə ciddi problemlər yaşadığı üçün gündəmə gəlib. Siyavuş Novruzovun kadrı olduğu üçün özünü arxalı hesab edən Rasim Quliyevin baş redaktora qarşı saymazyana münasibət göstərməsi tərəflər arasındakı konfliktin əsas səbəbi idi. Qeyd edək ki, həmin dövrdə “Səs” qəzetinin baş redaktoru hazırda Azərbaycan Dövlət Nəşriyyatının direktoru olan Ağabəy Əsgərov idi. 

Hacıbala Abutalıbovun BŞİH icra başçısı təyin olunması isə Rasim Quliyevin keryerasında ciddi dönüşə səbəb olub. Belə ki, Hacıbala Abutalıbovun tapşırığı ilə o, 2001-ci il fevralın 13-dən BŞİH “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Hacıbala Abutalıbovun kadrı kimi özünü doğruldan və fəaliyyəti ilə “fərqlənməyi” bacaran Rasim Quliyevin vəzifəsini daha da artırılıb və o, 2010-cu ildə BŞİH Aparatının rəhbəri vəzifəsinə keçirilib. Rasim Quliyev bu vəzifədə Hacıbala Abutalıbov vəzifədən uzaqlaşdırıldığı 2018-ci ilə qədər çalışıb.

BŞİH-də işlədiyi dövrdə Hacıbala Abutalıbovun ən yaxın adamı hesab olunan Rasim Quliyev Abutalıbovun qaranlıq işlərinin də birbaşa icraçısı olub. Belə ki, Hacıbala Abutalıbov Rasim Quliyevə rəsmi surətdə tikintinin aparılmasına dair sənədlərə qol çəkməsi üçün qanunla səlahiyyət verib. Bildirilir ki, 2017-ci ilədək bu səlahiyyət BŞİH-nin müavini Rauf Pənahovda olub. Onun vəfatından sonra isə onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə edilib. Heç şübhəsiz ki, tikinti ilə bağlı sənədlərin imzalanması birbaşa Abutalıbovun göstərişi və razılığı ilə həyata keçirilib. O, məhz bu yolla paytaxt ərazisində tikinti ilə məşğul olmaq istəyən şəxslərdən və şirkətlərdən külli miqdarda rüşvət alınmasını həyata keçirib.

BŞİH-nə getməsinə baxmayaraq “Səs” qəzetini də yaddan çıxarmayan Rasim Quliyev öz qardaşı Bəhruz Quliyevin qəzetin baş redaktoru olmasını təmin edib. Bu vasitə ilə o, Hacıbala Abutalıbovun media qurumları tərəfindən hücumlara məruz qalmasının da qarşısını almağa nail olub. Qardaşı vasitəsilə bəzi jurnalistləri şantaj yolu ilə, bəzilərini də pulla yola gətirən Rasim Quliyev BŞİH-də baş verən qanunsuzluqların mediaya çıxmaması üçün əlindən gələni edib. Quliyev qardaşlarının oxşar fəaliyyətləri elə günü bu gün də davam edir. YAP-ın rəsmi media resursu olan “Səs” qəzetinin baş redaktoru qardaşının həbs olunması ilə az qala üsyankara çevrilib və hansı yolla olursa olsun qardaşını sudan quru çıxarmağa çalışır. 

Rasim Quliyev Hacıbala Abutalıbovla yaxınlığı səbəbi ilə eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib. Həmin müddətdə ona dövlət qulluğunun müşaviri və dövlət qulluğunun baş müşaviri dərəcələri verilib və 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qanunsuz əməllər ifşa olunur

2018-ci ilin aprelində Hacıbala Abutalıbov prezidentin sərəncamı ilə vəzifədən uzaqlaşdırılıb. O, baş nazirin müavini təyin edilib və daha sonra da təqaüdə göndərilib. Hacıbala Abutalıbovun vəzifədən uzaqlaşdırılması ilə Rasim Quliyevin də qayğılı günləri başlayıb. Abutalıbovun 17 illik icra başçısı dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə birbaşa Rasim Quliyevin nəzarətində olan təmir-tikinti sahəsi olduğu müəyyən olunub.

BŞİH rəhbərliyinə Eldar Əzizovun təyin olunması ilə bu istiqamətdə daha ciddi yoxlamalar həyata keçirilməyə, yoxlamalarla bərabər, BŞİH-də adı korrupsiya əməllərində çəkilən Abutalıbovun kadrlarının da işdən uzaqlaşdırılmasına başlanılıb. Rasim Quliyev ilk olaraq BŞİH-nin Aparat rəhbəri vəzifəsindən çıxarılıb və İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri vəzifəsinə keçirilib. Amma o, departament rəhbəri vəzifəsində də çox qalmayıb, 2019-cu ildə bu vəzifədən də uzaqlaşdırılıb.

Həmin vaxt Rasim Quliyev öz istəyilə tutduğu vəzifədən azad edildiyini qeyd etsə də, əsl məqsəd onun Hacıbala Abutalıbovun vəzifədə olduğu dövrdə yol verdiyi mənimsəmə əməllərində birbaşa içtirakçısı olması ilə bağlı şübhələr olub. Nəhayət, yaxın günlərdə Rasim Quliyev barəsində həbs qəti imkan tədbiri seçilib.

Hacıbala Abutalıbov nədən narahatdır?

Diqqət çəkən bir digər məqam isə Rasim Quliyevin həbs olunması ilə eyni vaxtda sabiq BŞİH başçısı Hacıbala Abutalıbovun mediada müsahibəsinin yayımlanması olub. Rasim Quliyevin həbsi fonunda Abutalıbov dövlətə və hakimiyyətə sadiqliyini dilə gətirib, sadə təqaüdçü həyat sürdüyünü, oğlanlarının isə böyük biznesinin olmadığı, sadəcə “başlarını aşağı salıb çörək qazandığından” danışıb. Heydər Əliyevə sadiqliyini dilə gətirən Hacıbala Abutalıbov hətta müsahibənin bir neçə yerində kövrəlməyi də yaddan çıxarmayıb.

Son illərdə hakimiyyətə sadiqliyini dəfələrlə dilə gətirən Hacıbala Abutalıbov, sanki bu amili üstün xidmət hesab edərək minnətə çevirir və bu gün də öz əməlindən əl çəkmir. Bütün bu emosional tryuklara baxmayaraq 44 günlük müharibə ərzində səsi-sorağı çıxmayan keçmiş məmurlardan birinin də məhz Hacıbala Abutalıbov olduğu unudulmamalıdır. Müdafiə Nazirliyinin Azərbaycan ordusuna dəstək fonduna və “Yaşat” fonduna maliyyə vəsaiti köçürən şəxslər sırasında da Abultalıbovun adı yoxdur. Bu məsələlər gündəmə gətirildiyində isə Hacıbala Abutalıbov niyəsə özünü incik göstərməklə məsələdən yaxa qurtarmağa çalışır. Onun incikliyini sübut edən bir digər səbəb də YAP-ın qurultayına rəsmi sürətdə dəvət olunmasına baxmayaraq qurultayda iştirak etməməsidir. 

Oğlanlarının böyük bizneslərinin olmadığını qeyd edən Hacıbala Abutalıbov nə üçünsə bir oğlunun vəhabi olmasını ictimaiyyətdən gizlətməyə çalışır. 17 illik fəaliyyəti dövründə Bakı şəhərini talamaqla əldə etdiyi pullarla "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin, Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evini, Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodun, Bakı şəhərindəki az qala bütün kioskların və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibi olduğunu gizlədir.

Müsahibəsində vurğuladığı bir çox məqamda yalan danışdığı ortaya çıxan Hacıbala Abutalıbov bəs, dövlətə sədaqət məsələsində nə qədər səmimidir görəsən?
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20