Bazar ertəsi, 29 Aprel

İmtahanların vaxtı ilə bağlı müəmma

image

Ali məktəblərə qəbul imtahanlarının cədvəlinin bu il dekabrın 15-dək elan olunacağı gözlənilir, amma...

Qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan məlumatlar tələbə olmağı hədəfləyən abituriyentlərdə, eləcə də təhsil ictimaiyyətində çaşqınlığa səbəb olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bugünlərdə media nümayəndələrinə açıqlamasında dedi ki, ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahanların vaxtı Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Dövlət İmtahan Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, narahatlığa ehtiyac yoxdur, müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq.

Ekspert hesab edir ki, ali məktəblərə qəbul imtahanlarının cədvəlinin bu ilin dekabrın 15-dək elan olunacağı və imtahan vaxtlarının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacağı ilə bağlı məsələyə də yanaşma birmənalı olmayacaq.

Bəziləri hesab edəcək ki, keçən illə müqayisədə imtahanların önə çəkilməsi növbəti ildə ali məktəblərə qəbul prosesinin gecikməsinin qarşısını alacaq, digərləri isə hesab edəcək ki, ali məktəblərə qəbul imtahanları öncəki illərlə müqayisədə daha tez keçirilərsə, şagirdlər üçün mənfi tərəfi qısa vaxtda hazırlaşmaları olacaq. Bəzi ekspertlər isə hesab edirlər ki, artıq tək pilləli vahid imtahan sisteminə keçidin zamanı gəlib çatıb.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə “Yeni Müsavat”a dedi ki, pandemiya dövründə qəbul və buraxılış imtahanlarının vaxtı kifayət qədər gec keçirildi: “Bu da yeni tədris ilində vaxtında ali və orta təhsil müəssisələrində dərslərin başlamasına öz mənfi təsirini göstərdi. Amma DİM bu tip problemləri aradan qaldırmaqdan ötrü, eyni zamanda imtahan iştirakçılarının daha yaxşı hazırlaşması üçün artıq növbəti ildə keçiriləcək imtahanların vaxtını daha tez elan edəcək. Bu çox yaxşı bir haldır. Əslində biz bu fikri iki istiqamətdə dəyərləndirə bilərik.

Birincisi, dekabr ayının 15-dək növbəti il üçün imtahan vaxtlarının elan edilməsi onu göstərir ki, bu il qəbul imtahanları əvvəlki illərlə müqayisədə daha tez olacaq. Həm qəbul imtahanları, həm buraxılış imtahanları əvvəlki illərlə müqayisədə daha tez keçiriləcək.

Hər il DİM növbəti tədris ili üçün keçiriləcək imtahanların vaxtlarını yanvar ayının ikinci həftəsindən sonra elan edirdi. Amma indi bunu dekabrda elan etməsi onu göstərir ki, buraxılış imtahanlarının vaxtı bir az daha tez olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının da vaxtının önə çəkiləcəyi deməkdir. Əslində bu çox yaxşı haldır.

DİM bu addımı atsa, yaxşı olar. Çünki qəbul imtahanlarının nəticələri 3-4 həftə ərzində çıxır və təkrar imtahanlar, ixtisas seçimləri, qeydiyyat məsələləri və yekunda proses avqust ayının sonu, sentyabrın əvvəlinə qədər uzanır və gecikir. Hesab edirəm ki, bu yaxşı bir haldır. Bütün proseslərə qəbul imtahanı, elektron ərizə qəbulu, ixtisas seçimi-bunların hər biri üçün kifayət qədər vaxt olacaq. Vaxtında, tələsik olmadan proses həyata keçiriləcək.

Dekabr ayının 15-dək keçiriləcək müxtəlif növ imtahanların vaxtının elan edilməsi onu deməyə əsas verir ki, cari ildə müvafiq imtahanların vaxtı daha öndə olacaq, daha tez keçiriləcək. Biz hətta buraxılış imtahanlarını mart ayı və ondan bir az əvvəl gözləyə bilərik. Bu imtahanlar daha tez vaxtda keçirilə bilər. Tədris ili başa çatana qədər hətta bir neçə bu tipli imtahan keçirməyə də vaxt olacaq. Bu kifayət qədər yaxşı haldır. Çünki yanvar ayında imtahanların vaxtı elan ediləndə uşaqların imtahanlara hazırlaşmasına o qədər də vaxtlarının qalmadığını müşahidə edirdik. Amma daha tez elan edəndə imtahan iştirakçılarının hazırlaşmasına kifayət qədər vaxtları olacaq. Bu da imtahan nəticələrinin yaxşılaşmasına xidmət edəcək”. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə bağlı dedi ki, zamanla bağlı valideynlərin, abituriyentlərin narahatlığı başadüşüləndir: “Burada əsas məsələ proqramın məzmununun mənimsənilməsidir. İmtahan verənlər üçün zaman baxımından problem yaşanır. Bu baxımdan növbəti imtahanda bu müddət ərzində keçirilən proqram mövzuları mənimsənilir. Amma ümumilikdə DİM-in iddiası həm də ondan ibarətdir ki, keçirilməmiş mövzular üzrə suallar imtahana daxil olmur. Onların özlərinə haqq qazandırmalarının əsasında bu dayanır.

Amma mən imtahan mövzularına keçirilməmiş proqram salınmayacaqsa, burada problem görmürəm. Hesab edirəm ki, imtahan prosesi gərgin bir prosesdir. Amma bütövlükdə insanlarımıza çoxlu stresslər yaşatmaq barədə yox, əksinə, biliklərimizin ölçülməsi zamanı onlara əlavə imkanlar yaradılması üzərində düşünməliyik. Bu baxımdan mən insanların narazılığını başa düşürəm. Amma hesab edirəm ki, narazılığa ona görə əsas yoxdur ki, keçirilməmiş mövzular, tədris olunmamış mövzularla bağlı suallar onsuz da imtahana salınmayacaq. Bu baxımdan hesab edirəm ki, narazılıq yaradacaq məqam yoxdur”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39