Şənbə, 27 Aprel

Laçın yolunun tənzimlənməsinin optimal yolu: Volkov desə də, deməsə də... - təklif

image

Politoloq: “Azərbaycan tərəfi dövlətə, onun qanunlarına, müvafiq qanuni strukturlarına tabe olmaq istəməyən silahlı terrorçuların məhv edilməsi istiqamətində addımlar atmaq hüququna sahibdir”

Ermənilər 10 noyabr üçtərəfli bəyanatın tələblərinə əməl etməmələrinin acı nəticələrini dadırlar. Ermənistan hökuməti, habelə Qarabağdakı separatçılar elə zənn edirdilər ki, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə silahlı dəstələri saxlamayacaqlar, Laçın dəhlizi və ya ona alternativ yoldan kefləri istəyən kimi istifadə edəcək, qanunsuz yüklər, silah-sursat daşımaqda davam edəcəklər və Azərbaycan bunun qarşısını uzun müddət ala bilməyəcək. Buna onları həm də sülhməramlıların mandatdankənar davranışları, qanunsuz əməllərə göz yummaları sövq edirdi. Ancaq Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmaq üçün bütün zəruri addımları atmaqda qətiyyətlidir. Proseslər göstərir ki, üçtərəfli bəyanatın tələblərinə əməl olunması üçün daha sərt davranışlara başlanılıb. Ermənilərə və sülhməramlılara düz 2 il vaxt verildi, müəyyən qədər yumşaq mövqe tutuldu, dünyanın çeşidli platformaları üçün humanistlik nümayiş etdirildi. Bir sözlə, diplomatik xəttə və danışıqlara dəstək ola biləcək davranışlar sərgiləndi. Ancaq ermənilər bunları anlamadılar və əllərindən gələn hər cür pisliyi edirlər ki, "dəmir yumruq"’ növbəti dəfə işə düşsün.

Hazırda prioritet məsələ Laçın dəhlizi və ona alternativ çəkilən yoldan qanundankənar istifadənin qarşısının alınmasıdır. Azərbaycan bu məsələni qəti şəkildə qoyub. Habelə, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz istismarın da qarşısının alınması üçün monitorinqlərə başlanılır. Gec-tez bu məsələlər həll olunmalıdır: yəni qanunsuz erməni silahlı dəstələri Qarabağdan tam şəkildə rədd edilməlidir, Laçın dəhlizi və ona alternativ yoldan təyinatı üzrə istifadə üçün mexanizmlər müəyyən olunmalıdır.

Paralel olaraq Xankəndi və digər ərazilərdə ermənilər yalnız Azərbaycan vətəndaşı olaraq yaşamalarından başqa variant olmadığını dərk edərək, bu prosesə könüllü başlamalı, əks təqdirdə, separatçılar Qarabağı tərk etməlidirlər. Bu məsələlərdə təbii ki, vasitəçi tərəf kimi Rusiyanın və onun sülhməramlı kontingentinin üzərinə də böyük məsuliyyət düşür. Son 1 həftədə baş verənlər göstərir ki, artıq Laçın yolu ilə bağlı müəyyən razılaşma var və sülhməramlılar da dərk edir ki, Azərbaycanın haqlı tələblərinə əməl etməkdən başqa variant yoxdur.      

Rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkov Laçın dəhlizinin girəcəyində, Azərbaycan-Ermənistan sərhədində gömrük postunun yaradılacağını bəyan edəndən sonra ermənilər növbəti dəfə təxribatçı davranışlara start veriblər. Yəni görünən budur ki, bu iş mütləq qaydada sərt davranışlarla, lazım gəldiyi anda antiterror əməliyyatları ilə müşayiət olunacaq. Bu halda bütün məsuliyyət də məhz Ermənistanın və sülhməramlıların üzərindədir. Çünki Azərbaycanın 2 illik zaman tanımasına belə əhəmiyyət vermədilər.

Məsələnin qoyuluşu məhz bu cürdür: Xankəndi ilə İrəvan arasında əlaqə yalnız və yalnız yeni çəkilən alternativ yolla olacaq. Bu, üçtərəfli bəyanatda aydın şəkildə əksini tapıb. "Laçın dəhlizi"ndən istifadə məsələsi artıq qapanıb.

Alternativ yol da təbii ki, nəzarətsiz ola bilməz, Volkov desə də, deməsə də aydın məsələdir ki, Xankəndi-Gorus yoluna sülhməramlıların mövcudluğu dövründə onların da iştirakı ilə, daha sonra isə Azərbaycan dövlətinin birbaşa özünün nəzarət etdiyi postlar - keçid məntəqələri qoyulmalıdır. 

Volkov bildirir ki, onlar Laçın yolunda gediş-gəlişə nəzarət edə bilmirlər, hətta bunun üçün lazımi texnikaya və ya avadanlığa malik deyillər. Bu isə o deməkdir ki, sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərimizə istənilən qədər narkotik, silah və o cümlədən terrorçular və ya diversantlar asanlıqla daxil ola bilər. Belə hallar isə bizim təhlükəsizliyimizə, Qarabağda aparılan böyük həcmli quruculuq işlərinə və nəhayət, o ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərə ciddi təhdid və təhlükə yaradır.

Ona görə də dərhal nəzarət postları qoyulmalıdır. Sülhməramlılar Qarabağdan getdikdən sonra isə Laçın yoluna Azərbaycan sərhəd və gömrük xidmətinin birgə nəzarəti olacaq. Çünki Qarabağ erməniləri başqa ölkəyə - Ermənistana keçib gedirlər. Azərbaycan və Ermənistan arasında sərhədsiz rejim təbii ki, mümkün deyil! Ermənilərin Ermənistana gediş-gəlişinə, sadəcə, gömrük, yaxud da digər güzəştlər - asan keçid güzəşti edilə bilər, ancaq nəzarətsiz ölkə sərhədi tarixdə görünməyib. Laçın yolundan ermənilərin istifadəsi üçün optimal yol hələlik sülhməramlılarla birgə, daha sonra isə Azərbaycanın müvafiq qurumlarının nəzarət etməsidir. Bu həm də Qarabağda dinc yaşamaq istəyən ermənilərin də təhlükəsizliyi üçün vacibdir.

Ermənilər buna imkan verməsə, razılaşmasa, təxribatlar törətsə, nə baş verər və bu zaman Azərbaycan hansı addımları atmalıdır?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti müvafiq qurumları vasitəsilə Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına aid olan yerlərdə öz fəaliyyətini bərpa etmək, ekoloji monitorinqlər həyata keçirmək, xüsusilə də bölgədə qeyri-leqal iqtisadi fəaliyyətlə məşğul olma ilə məlumatların dəqiqləşdirilməsi istiqamətində real praktiki addımlar həyata keçirməyə başlayıb.

Bu, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlak Komitəsinin və “Azərqold” nümayəndələrinin ikinci dəfə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə səfərinin təşkili ilə bağlı addımların atılması ilə həyata keçirilir: “Mən hesab edirəm burada vacib məqamlardan biri təbii ki, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin təmin edilməsi, eyni zamanda dövlət qurumlarımızın həmin ərazilərdə normal iş fəaliyyətinin təmin edilməsi və davamlı şəkildə həmin ərazidə monitorinqlərin keçirilməsini hədəfləyən zəruri addımlardan biridir.

Eyni zamanda bu, həm də Qarabağda erməni separatizminin heç bir halda genişlənməsinə və davamlı şəkildə bölgədə mövcudluğunu qoruyub saxlamasına Azərbaycan tərəfinin imkan verməyəcəyinə real bir əks-həmlədir. Azərbaycan tərəfi bununla Qarabağdakı erməni azılığına bir daha nümayiş elətdirmək istəyir ki, kimlərinsə yalan vədinə, səsləndirdiyi əsassız bəyanatlara arxayın olaraq bölgədə özlərinin gələcək mövcudluğunu təmin edə bilməzlər. Qarabağda erməni azlığının mövcudluğunun yeganə şərti və qarantı Azərbaycan vətəndaşlığını qəbul etməkdən, Azərbaycan dövləti ilə əməkdaşlıqdan keçir.

Digər bütün variantlarda onlar yalnız növbəti zərbələri almış olacaqlar. Azərbaycana qarşı cinayət işləmiş bütün şəxslər kimi separatizmə, terrorizmə meyllənmiş şəxslər də Azərbaycan qanunvericiliyi qarşısında cavab verməli olacaqlar. Azərbaycan dövləti bu addımla Rusiya sülhməramlı qüvvələrinin bölgədə müvəqqəti xarakter daşıdığını, qısa bir müddətdən sonra bölgəni tərk etməli olacaqlarını və bölgədə tam nəzarətin Azərbaycan tərəfinin əlinə keçəcəyini bəyan etmiş olur”.

Politoloq hesab edir ki, Azərbaycan dövləti digər bir çox ərazilərimizdə olduğu kimi, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə yaşayış məntəqələrində də dövlət suverenliyinin təminini qan tökmədən, dinc yollarla həyata keçirməyi əsas hədəf kimi götürür: “Bu istiqamətdə kifayət qədər uğurlu təcrübəyə sahib olan Azərbaycan Ağdam, Kəlbəcər, Laçın bölgəmizi bir güllə atmadan geri qaytardığı kimi, digər ərazilərimizdə də nəzarəti dinc yollarla, həm də qan tökülmədən həll etməyə çalışır.

Təbii ki, Ermənistan tərəfi, bölgədəki separatçı tör-töküntülər, onların havadarları buna imkan vermək istəməsələr, Qarabağdakı erməni azlıq onların əlində alət olmağa meylli olsa, Azərbaycana qarşı təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfinin də ata biləcəyi və atmalı olduğu kifayət qədər hərbi, siyasi, hüquqi addımlar mövcuddur. Mən, sadəcə, qeyd etmək istəyirəm ki, BMT nizamnaməsi, beynəlxalq hüququn qəbul olunmuş prinsipləri, 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyası, 2005-ci ildə Kazanda qəbul olunmuş MDB dövlətlərinin terrorizmə və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə üçün əməkdaşlıq Konvensiyası və Azərbaycanın bir sıra qanunları Azərbaycana hüquqi əsas verir ki, öz ərazisində terror və separatizmin qarşısını almaq üçün addımlar atsın.

Məhz bu hüquqi əsasları əldə rəhbər tutaraq, Azərbaycan tərəfi dövlətə, onun qanunlarına, müvafiq qanuni strukturlarına tabe olmaq istəməyən, silahlı terrorçuların məhv edilməsi istiqamətində addımlar atmaq hüququna sahibdir. Əgər ermənilər bundan nəticə çıxarmayacaqlarsa, qanunsuz hərəkətlərini davam etdirəcəklərsə, Azərbaycan antiterror əməliyyatları həyata keçirmək və terrorizmin, separatizmin elementlərini birdəfəlik kökündən məhv etmək variantını seçəcək”.

A.Əliyevin sözlərinə görə, eyni zamanda beynəlxalq təcrübə, xüsusilə də separatizmlə üzləşmiş dövlətlərin təcrübəsi də imkan verir ki, Azərbaycan öz əraziləri daxilində qısamüddətli antiterror əməliyyatları həyata keçirməklə separatizmi birdəfəlik həll etsin və bölgədə yalnız dinc erməni sakinlərinin-vətəndaşlarımızın ləyaqətli yaşayışını təmin edə bilsin: “Bu mənada mən hesab edirəm ki, Azərbaycanın əlində kifayət qədər alətlər və vasitələr mövcuddur ki, Fransa, İran, Rusiya kimi dövlətlərin əlaltısına çevrilməyi seçən, separatizmi, terrorizm yolunu seçən terrorçuların cəzalandırılaraq Azərbaycan qanunvericiliyinə tabe edilməsinə nail olsun. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş və heç bir qüvvə tərəfindən məhdudlaşdırıla bilməyən müstəsna hüquqlarına aiddir”.

Politoloq Asif Nərimanlı isə bildirib ki, erməni mənbələr Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentgen skanerlərin olacağını və Azərbaycanın buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcəyini yazırlar: “Bir müddət üçün bu, daha mümkün versiya hesab edilir. Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçiləri dayansa da Azərbaycanın onlayn rejimdə izləyə biləcək”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36