Cümə, 03 May

Rusiya və Fransanın mübhəm Qarabağ təşəbbüsünə Bakıdan sərt etirazlar

image

Deputat: “Reallıqları nəzərə almırlar, davamlı olaraq sülh prosesinə xələl gətirə biləcək bəyanatlar verirlər”
Son günlər Rusiya və Fransanın Qarabağ məsələsilə bağlı hansısa təşəbbüslə çıxış edəcəkləri barədə məlumatlar dövriyyəyə buraxılmaqdadır. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan rəhbərliyi münaqişənin keçmişdə qaldığı barədə bir neçə dəfə prinsipial mövqeyini ifadə etsə də, həmsədr ölkələr yenidən hansısa bəhanə ilə dövriyyəyə girməyə çalışırlar.

“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”. Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib. Bundan əvvəl Rusiya və Fransa liderlərinin telefon danışığında əsas müzakirə mövzularından birinin Qarabağ məsələsi olduğu da bildirilirdi. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarında moderator rolunu oynamaqla və bölgəyə sülhməramlı kontingentini yerləşdirməklə faktiki olaraq maraqlarını təmin edib. Ancaq 44 günlük müharibədə ermənilərin mövqeyindən davamlı şəkildə çıxışlar edən, hətta bu yaxınlarda Senat rəhbəri səviyyəsində İrəvanda Ermənistanın və Qarabağ ermənilərinin hamisi kimi mövqe sərgiləyən Parisin bundan sonra hansı “töhfə” vermək istədiyini demək çətin deyil.

Bəs, Fransa və Rusiya prezidentlərinin son təşəbbüsü Bakıda necə qarşılanır? Bizə Fransanın və Rusiyanın mövqeyi bəllidir. Amma ən çox Fransa Qarabağ məsələsində açıq Ermənistanın tərəfini tutur. Belə bir mövqeyi olan dövlətlərin başçılarının Qarabağ məsələsində ədalətli mövqe tutmaları mümkün ola bilərmi?

Deputat Ceyhun Məmmədov  bildirdi ki, Azərbaycan bölgədə yeni reallıq yaradıb: “Bir sıra dövlətlər bu reallığı qəbul etmək istəmir. Bu reallıq bölgəyə sülh və təhlükəsizlik vəd edir. Bir sıra dövlətlər isə bölgədə siyasi, hərbi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar. Əslində həmin ölkələr sülhü və region ölkələrinin əməkdaşlığını dəstəkləməli idilər. Xüsusilə bu məsələdə Fransanın pozucu və təxribatçı yanaşması özünü açıq büruzə verir. Dövlət səviyyəsində davamlı olaraq sülh prosesinə xələl gətirə biləcək bəyanatlar verirlər. Bununla da Ermənistanın təcavüzkar siyasətinə dəstək vermiş olurlar”.

Rusiyaya gəldikdə isə C.Məmmədov qeyd etdi ki, onun da bölgədə bir sıra maraqları var: bölgədə nüfuzunu qorumaq, öz maraqlarını təmin etmək: “Rusiyanın bölgədə həmçinin, ciddi iqtisadi maraqları da var. Zəngəzur dəhlizinin açılmasını ən çox istəyən dövlətlərdən biri də Rusiyadır. Ancaq bu Rusiyanın maraqları çərçivəsində baş verməlidir. Azərbaycanın mövqeyinə gəldikdə isə beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan üçün münaqişə bitib, Azərbaycan yeni oyunlara imkan verməyəcək və bütün məkrli planları pozacaq. Ermənistan məsələnin həllinə Azərbaycanla əməkdaşlıqla, Azərbaycanın şərtlərini və yaratdığı yeni reallığı qəbul etməklə nail ola bilər”.

Deputat qeyd etdi ki, reanşist bəyanatlar Ermənistanın düşdüyü acı durumu daha da ağırlaşdıracaq: “Dünya dövlətlərinin ədalətli mövqeyinə gəldikdə biz bunu 30 ilə yaxın müddətdə görmədik. Əgər ədalətli yanaşma olsaydı bu qədər torpaqlarımız işğal altında qalmazdı, insanlarımız həlak olmazdı. Təəssüf ki, əksər dövlətlər hələ də məsələyə ikili standartlarla və qərəzlə yanaşırlar”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

QAT sədri Akif Nağı isə bu fikirdədir ki, artıq həmsədr ölkələrə etibar qalmayıb: “Bu mənada onların hər hansı təşəbbüsünə ehtiyac yoxdur. Fransa və Rusiyanın birgə mövqedən çıxış etməsi təhlükəli məqamlardan xəbər verir. Onlar ilk olaraq, Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqları bərpa etmək istəyirlər. Bu danışıqların bərpa olunması yalnız ermənilərin maraqlarına cavab verir. Erməni rəhbərləri, həmçinin Dağlıq Qarabağdakı quldur dəstələrinin başçıları aşıq şəkildə bildirirlər ki, bu formatda danışıqlar bərpa olunmalı, müharibədən sonrakı status-kvo saxlanılmalıdır. Yəni Dağlıq Qarabağın təxminən 2,5-3 min kv. kilometrlik ərazisi onların nəzarətində saxlanılmalıdır. Ermənilərin istədikləri və çalışdıqları budur: bunu da Rusiya və Fransanın köməyi ilə həyata keçirmək istəyirlər”.

A.Nağı qeyd etdi ki, Fransa və Rusiyanın birgə təşəbbüs və təklifləri böyük ehtimalla bu erməni ssenarisinin realllaşdırılmasına cəhd olacaq: “Azərbaycan bu cəhdləri qətiyyətlə rədd etməli, danışıqlardan imtina etməlidir. Bu mümkün olmadıqda, danışıqların predmetini 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşdırılmasına yönəltməlidir”. QAT sədri əmindir ki, Rusiya - Fransa ittifaqı eyni zamanda Türkiyənin regionda artan nüfuzuna qarşı yönəlib: “Ənənəvi müttəfiqlər Türkiyənin Cənubi Qafqaz və yaxın ərazilərə girməsindən, söz sahibi olmasından narahatdırlar və Türkiyəni geri oturtmağa çalışırlar. Amma başa düşmürlər ki, Türkiyə regiona birdəfəlik gəlib, çıxmaq fikri yoxdur. Onlar tezliklə bunu başa düşəcək, uyğun nəticələr çıxaracaqlar. Eyni zamanda Azərbaycan amili ilə də hesablaşmaq zorunda qalacaqlar”.

Çox qəribədir, həmsədr ölkələr, onların rəhbərliyi “səni sevəcəyəm, sən sevməsən də” prinsipindən çıxış edirlər. Onların erməni sevgisi 30 il ərzində Qarabağın işğalının davam etməsi, status-kvonun davamı ilə nəticələndisə, Azərbaycan nədən bir daha bunlara etimad etsin ki?..

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15