Cümə, 03 May

Qarabağdakı yeni komandandan Bakıya sayğısızlıq

image

Kreml rus generalı bölgəyə hansı təlimatla göndərib; politoloq: “Əgər Lentsovun timsalında sülhməramlılar öz üzərinə düşən işlə deyil, separatçılarla işbirliyi ilə məşğul olacaqlarsa, Azərbaycanın hüququ var ki...”

Qarabağdakı “sülhməramlı” kontingentin komandanı üçüncü dəfə dəyişdi. General-mayor Andrey Volkovu rütbəcə ondan daha böyük olan general-polkovnik Aleksandr Lentsov əvəzlədi.

Əlbəttə, bizdən ötrü önəmlisi bu generalın poqonundakı ulduzların sayı, yaxud onun soyadı, keçmişi deyil, yeni komandanın ilk növbədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğılı olub-olmayacağıdır. Hər halda, Putinin imzası duran 22 fevral (2022) Moskva bəyannaməsi var. Harada ki, iki ölkənin bir-birinin torpaq bütünlüyü və sərhədlərinin toxunulmazlığına qarşılıqlı sayğı, separatizm və terrorçuluqla birgə mübarizə “qırmızı xətlər” kimi keçir.

Amma general Lentsov ölkəmizə ayaq basar-basmaz, öncə Bakıya gəlmək yerinə, Xankəndidə separatçı-quldurların başçısı Araiklə görüşdü, “bayraq” adlandırılan əski parçasının yanında poza verdi. Ardınca İrəvana gedərək, Ermənistan hərbi-siyasi rəhbərliyi ilə danışıqlar apardı. Keçirdiyi görüşlərdə də erməni tərəfinə Laçın yolunu rus “sülhməramlıların” tam nəzarətinə qaytarmağa çalışacağını söylədi. Necə? Bunu yəqin ki, özündən savayı heç kim bilmir.

Mediada yayılan məlumata görə, Lentsov mayın 3-də Xankəndidən Bakıya gələcək.

Ancaq bununla bağlı rəsmi açıqlama verilməmişdi.

Nəzəri cəhətdən onun Bakıya qarşı sayğısızlığının iki motivi ola bilərdi: 1. Son vaxtlar Rusiyaya qarşı isterik ovqata köklənmiş “əzabkeş xalqa” reverans eləmək, onu sakitləşdirmək istəyi. Yəni ki, bütün irad-tənqidlərə rəğmən, Rusiya ermənilərin, “artsax”ın yanındadır və aprelin 23-də Laçın yolunun başlanğıcında qurulan postla bağlı artıq hərəkətə keçib. 2. Moskvanın Bakıdan incik olduğunun mesajını verib.

Ancaq Laçın yolunda hansı buraxılış-hərəkət rejiminin olması Lentsovun girişəcəyi məsələ deyil, ən yüksək səviyyədə müzakirə olunacaq bir mövzudur. O zaman onun cəhdləri və Bakıya saymazlığı nədən xəbər verir? Azərbaycan ona etimadsızlıq göstərə bilərmi? Ümumiyyətlə, belə təyinatlar niyə Bakı ilə razılaşdırılmır?

Maraqlıdır ki, bu arada Qarabağdakı silahlı separatçı tör-töküntülərin təlimlərə başlaması haqda məlumatlar yayılıb. Həmçinin Ermənistanla sərhəddə təxribat hazırlığı ilə bağlı ehtimallar artmaqdadır. Diqqətçəkicidir ki, bu kimi xəbərlər məhz təzə komandan Qarabağa gələn kimi yayılıb. Odur ki, əsas sual açıq qalır: rus general bölgəyə konkret hansı təlimatla göndərilib?

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov bildirdi ki, Rusiya bölgəyə yeni komandan göndərəndə ilk növbədə öz maraqlarını önə çəkir və bu maraqların nədən ibarət olduğu dəfələrlə qeyd edilib: "Rusiya hazırkı geosiyasi durumda Qərblə rəqabət içindədir və Cənubi Qafqazdakı 200 ildən bəri formalaşdırdığı sistemdən, maraqlarından geri çəkilmək fikrində deyil. Rusiya bu bölgədə özünün təsir imkanlarını qoruyub saxlamağa çalışır. O baxımdan Qarabağa göndərdiyi hərbçilər təbii ki, Moskvadan alqdıqları təlimat əsasında Rusiyanın maraqlarını müdafiə edirlər. O ki qaldı sülhməramlı qüvvələrin yeni komandanının təyinatı və onların ilk görüşdüyü ünvanın Qarabağdakı separatçılar və Ermənistan rəhbərliyi ilə olmasına, əvvəlki komandanlar da eyni davranırdı. Bu isə Azərbaycan cəmiyyətində xeyli suallar doğurur. Bu suallara indiyə qədər Rusiya tərəfindən rəsmi bir cavab olmayıb. Amma hesab edirəm ki, Rusiyanın bu məsələni özünəməxsus əsaslandırması ola bilər. Birincisi, Rusiya Ermənistan üzərindən Cənubi Qafqazda özünün mövcudluğunu qoruyub saxlamağa çalışır və Ermənistanı əlindən buraxmaq istəmir. Ona görə də Azərbaycan ərazisi olan Qarabağa göndərdiyi komandanlarına İrəvana gedib Ermənistan hakimiyyəti ilə görüşməyi tapşırırlar. Yəni həm general Lentsov, həm də ondan öncəkilər rəsmi İrəvanla və Xankəndidəki separatçılarla məhz Moskvanın istəyinə uyğun olaraq görüşdülər. Lentsov gələndən sonra Qarabağdakı separatçıların aktivləşməsi və Ermənistan ordusunun Qarabağdakı qalıqlarının orada hərbi təlimlərə başlamaq cəhdləri, Ermənistanın Azərbaycanla sərhədlərdə təxribatlara hazırlaşması əslində gözlənilməz hadisələr deyil. Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsini qurandan sonra belə ehtimallar var  idi ki, Qarabağdakı 10 mindən artıq erməni silahlının vasitəsilə təxribatlar törədilə bilər, hətta Qarabağdakı dinc erməni əhaliyə qarşı separatçılar tərəfindən təxribat cinayət əməlləri törədilə bilər. Məqsəd isə beynəlxalq ictimaiyyətin diqqətinin yönəldilməsi və Azərbaycanı şərləyərək ona qarşı beynəlxalq əks-təbliğatın başlanmasına nail olmaqdır. Separatçı ermənilərin və onların dəstəkçilərinin qurduğu bu cür ssenarilərə Azərbaycan hazırdır və o cür çirkin ssenarilərin qarşısını almaq üçün iradəyə, gücə sahibdir”.

Politoloq qeyd etdi ki, general Lentsova Rusiyanın maraqlarının təmin olunması təlimatı verilib. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində Ermənistan ordusunun qalıqlarının təlimlər keçirmək istəməsi və bunun qarşısının alınmaması da məhz generala verilən təlimatlar əsasında baş verir:“Hazırda Xankəndində oturan separatçılar da təlimatı birbaşa Moskvadan alırlar. O baxımdan, bölgədəki proseslər gərginləşərsə, bunun göstərişinin birbaşa Rusiyadan gəldiyini təxmin etmək çətin deyil”.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, general Lentsovdan əvvəlki komandanların da fəaliyyəti Azərbaycanı qane etməyib. Lentsov da ona verilən təlimat əsasında separatçıların bayraq adlandırdığı əski parçasının önündə quldur rejimin başçıları ilə görüşüb:“Bakı əvvəlki komandanların fəaliyyətindən narazılığını dəfələrlə Moskvaya, Rusiya Müdafiə Nazirliyinə rəsmi şəkildə bildirib. General Lentsov da sələfləri kimi fəaliyyət göstərməkdə davam edəcəksə, təbii ki, Azərbaycan etirazını bildirəcək. Təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələrinə komandan göndərərkən Azərbaycanla razılaşdırmaya ehtiyac görmür. Sonradan ortaya çıxan problemlərin kökündə dayanan səbəblərdən biri də bəlkə də budur. Azərbaycanla razılaşdırılmış şəxs göndərilsə, ola bilsin ki, indiyə qədər olan problemlər meydana gəlməz. Sülhməramlılar Azərbaycan ərazisində müvəqqəti mövcuddur. Bu, 10 noyabr üçtərəfli bəyanatında konkret bəndlə əksini tapır. 2025-ci ilin noyabrında Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk etməlidir. Ancaq əgər Lentsovun timsalında sülhməramlılar öz üzərinə düşən işlə deyil, separatçılarla işbirliyi ilə məşğul olacaqlarsa, Azərbaycanın hüququ var ki, onların ərazimizdən çıxması məsələsini qaldırsın. Sülhməramlıların komandanlığı davranışları ilə Azərbaycanı bu addımı atmağa vadar edə bilər. Ancaq onu da deyim ki, son bir ay ərzində baş verən proseslər Rusiyanın yeni reallıqla razı olduğunu söyləməyə əsas verir. Sadəcə olaraq, Rusiya hakimiyyəti Ermənistan cəmiyyətində gündən-günə aşağı enən nüfuzunu qoruyub saxlamaq üçün sülhməramlıların komandanına İrəvana gedib görüş keçirmək təlimatını verir. Bu cür addımlar buna hesablanıb. Sülhməramlılar Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin hər hansı bir təliminə imkan verməməlidir. Bunu etməyəcəkləri halda Azərbaycan öz qanuni hüquqlarından istifadə edə bilər. General Lentsovun separatçıların əski parçasının qarşısında şəkil çəkdirməsi, quldur rejimlə görüşməsi isə sülhməramlılıqla uyğun gəlmir və bu addım əslində Rusiyanın özünün maraqlarına ziddir və Rusiya dövlətinin atdığı imzaya hörmətsizlikdir. Bunun məsuliyyətini onların özləri daşıyır”.  

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15