Çərşənbə, 15 May

Paşinyan Putini aldada bilmədi

image

Ermənistan Qarabağ müharibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb edə bilmədi, o zaman İrəvana “Ermənistan sərhədlərində münaqişə baş verərsə biz qarışa bilərdik”, dedilər. Rusiya prezidenti Vladimir Putin müharibənin Azərbaycan ərazisində getdiyini söyləməklə bütün məsələlərə nöqtə qoymuşdu və elə həmin açıqlama ilə sanki ermənilərin başına qaynar su tökülmüşdü. İndi Ermənistan fürsət gözləyirmiş kimi sərhədlərin müəyyənləşməsi ilə bağlı baş verənləri dərhal “hərbi təcavüz” kimi qiymətləndirməyə, KTMT-ni öz oyununa alət etməyə çalışır.

Paşinyanın sərhədlərin delimitasiyası prosesində Qaragöl məsələsi ilə bağlı KTMT-dən hərbi dəstək istəməsi və Putindən növbəti dəfə şapalaq kimi cavab alması ermənilərə bir daha dərs oldu ki, bu hərbi alyansdan əllərini üzsünlər. Kreml başçısı qeyd etdi ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq sərhədlərin dəqiqləşdirilməsi işləri aparılır.

Ona görə KTMT-nin müdaxilə edəcəyi hər hansı proses müşahidə olunmur. Bu qurumda əsas söz sahibi əlbəttə ki, Rusiyadır və onun razılığı olmadan heç bir ölkə ordusu münaqişədə tərəf ola bilməz. Tacikistan-Qırğızıstan sərhədində bu yaxınlarda müharibə oldu, ən azı 40 adam öldü, amma KTMT bu məsələyə demək olar ki, reaksiya vermədi.

Əslində hər iki üzv ölkənin sərhəddə qan tökməsi KTMT-nin həm də etibarsız, Rusiyanın hökmranlıq etdiyi hərbi blok olduğunu təsdiqlədi. Ermənilər də bunu bildiyi üçün Rusiyanın üzərinə şikayətə getdilər, Paşinyan Rusiya prezidentinə zəng etdi. Bu, bir az şantaj siyasətinə də oxşadı, yəni “Qarabağda bizə kömək etmədin, bəs indi buna niyə qarışmırsan?” deyə giley-güzar hiss olunurdu.

Üstəlik, Paşinyan erməni ictimaiyyətinə də üstüörtülü mesaj vermiş oldu ki, o, Rusiyanın adamı deyil, belə olsaydı sözü eşidilərdi və müttəfiq ölkəyə bel bağlamasınlar, Ermənistanı Qərbə inteqrasiya etdirmək lazımdır. Amma bu kimi “peşka” gedişlərlə Rusiyanı “mat” eləmək mümkün deyil. İrəvanın dəfələrlə Moskva siyasətində burnu sındırılıb, peşman olunub. Bəs KTMT niyə işə qarışmadı? Ümumiyyətlə, bu hərbi alyansın prosesə müdaxilə etmək səlahiyyəti var idimi? Putin “NATO”su adlanan qurum hansı halda Ermənistana dəstək verə bilər?

Qulamhüseyn Əlibəyli: “Sərhəd münaqişələrinin həll olunması KTMT-nin mandatına uyğun deyil”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, KTMT Azərbaycan-Ermənistan sərhədində olan gərginliyə müdaxilə edə bilməzdi. Onun sözlərinə görə, bu qurum üzvü olan ölkəyə başqa ölkənin təcavüzü olanda qarışa bilər: “Sərhədlərin dəqiqləşdirilməsi işi gedirsə, bu, təcavüz sayıla bilməz. Sərhəd münaqişələrinin həll olunması KTMT-nin mandatına uyğun deyil. Onları nizama salmağın yolu hərbi şəkildə deyil, diplomatik danışıqlarla mümkün olur. Ona görə sözügedən alyansın proseslərə müdaxilə etmək səlahiyyəti yoxdur. Digər tərəfdən, üçtərəfli bəyanat var, bu razılaşmada sərhədlərin demarkasiyası qeyd olunub, Ermənistan da bəyanata imza atıb və indi sənədi icra etməlidir. Ermənilərin bu məsələdə yaratdığı süni hay-küy əsassız idi”.

Şair Ramaldanov: “Azərbaycan Ermənistanın ərazisinə doğru irəliləsə, işə qarışa bilər, belə proses yoxdur, olmayacaq da...”

Polkovnik Şair Ramaldanov bildirdi ki, Paşinyan KTMT-nin regiona diqqətini cəlb etmək üçün ilk dəfə deyil belə addım atır. Onun sözlərinə görə, Azərbaycan heç bir təcavüz etməyib, hazırda sərhədlər dəqiqləşdirilir. Polkovnik hesab edir ki, əksinə, bu 30 il ərzində ermənilər həm sərhəd ərazilərdə, həm digər yerlərdə istədiklərini ediblər: “İndi sərhədlərin dəqiqləşməsi prosesi havayı yerə getmir, sovet vaxtı olan xəritələr ortaya çıxarılır və bu faktlar əsasında iş aparılır. Eyni zamanda təkcə xəritələr deyil, müasir texniki vasitələr, peyk sayəsində metrəsinə qədər sərhədi göstərmək olur ki, sərhədlər haradan keçir. Ona görə Azərbaycan tərəfi qarşı tərəflə birgə fəaliyyət göstərir və xətt müəyyənləşdirilir.  Heç bir geriləmə də yoxdur, həmin sərhədə biz təzə çıxmışıq”.

Ş.Ramaldanovun fikrincə, bu başlanğıcdır, sərhədlərin dəqiqləşdirilməsi hələ xeyli zaman davam edəcək: “Rusiya ilə sərhədi götürsək, 20 il ərzində bu proses gedirdi, komissiya yaranmışdı, Gürcüstan da həmçinin... Eyni iş Ermənistanla aparılır. Sadəcə, onlar diqqəti çəkmək üçün siyasi addım atmağa çalışırlar. Ermənistanda seçkiqabağıdır, Paşinyan da saman çöpündən yapışıb ki, divident qazansın.

Azərbaycan Prezidenti Qazaxıstan prezidenti ilə, o cümlədən ABŞ təhlükəsizlik katibi ilə telefon zənglərində sərhəd barədə danışıb. Bu, bir daha göstərir ki, Azərbaycan xəritələr əsasında sərhədləri bərpa etməyə çalışır, Ermənistan və Rusiya da prosesdə iştirak edirlər. Və bu iş sivil şəkildə həyata keçirilir, sərhədçilərimiz yüksək peşəkarlıq, soyuqqanlılıq göstərirlər. Yəni heç nə havadan götürülməyib. Sadəcə, bu iş zaman aparacaq".

Polkovnik qeyd etdi ki, KTMT bir halda müdaxilə edə bilər: “O zaman Azərbaycan Ermənistana qarşı silahlı əməliyyat aparsa, onun ərazisinə doğru irəliləsə, işə qarışa bilər. Belə proses yoxdur, olmayacaq da. Cənab Prezident deyib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Ona görə konkret sənədlər əsasında dəqiqləşdirmə aparılır və həmin xəritələr hər üç ölkədə var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00