Çərşənbə, 01 May

Rəsmi Bakı “düyməyə basdı”: “Araik əməliyyatı”na hazırlıq başladı

image

Azərbaycan kəşfiyyatı və antiterror əməliyyatında iştirak edəcək xüsusi qüvvələr rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə daxil olacaqlar; Tezliklə Araik Arutyunyan və digər erməni separatçılar həbs edilərək, başlarına torba keçirilmiş şəkildə Bakıya gətiriləcəklər...

Xəbər verilir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni təxribatları intensivləşməyə başlayıb. Bu erməni təxribatları bir müddət öncəyə qədər silahlı terror xarakteri daşıyırdı. Son vaxtlar isə terror aktlarına siyasi məzmun daşıyan təxribatlar da əlavə olunmağa başlayıb.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə erməni terrorçuların müdafiə xəndəkləri qazmaları yeni məlumatlar deyil. Üstəlik, erməni terrorçular bu xəndəkləri məhz bölgədə müvəqqəti dislokasiya edilən rus sülhməramlıların mühafizəsi altında qazırlar. Və bu, rus sülhməramlıların missiyası ilə ziddiyyət təşkil edən davranışdır.

İndi Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi bütün bunlara mütləq aydınlıq gətirnəlidir. Çünki, rus sülhməramlıların missiyası bölgədə silahlı toqquşmaların qarşısını almaq və orada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etməkdir. Bu missiyasından kənarda olan bütün fəaliyyət növləri rus sülhməramlıların üçtərəfli anlaşmaların tələblərini kobud şəkildə pozması anlamına gəlir.

Ümumiyyətlə, üçtərəfli anlaşmaların tələblərinə görə, rus sülhməramlılar Xankəndi və ətraf bölgədə qalan Ermənistan ordusunun tör-töküntülərini çoxdan bu ərazidən çıxartmalıydılar. Ancaq onlar bunu etmək əvəzinə "polis" geyimində olan erməni terrorçuya Azərbaycan yük maşınlarının yoxlanılması imkanı yaradırlar. Eyni zamanda, özlərini hərbi missiya yerinə yetirən silahlı qüvvə deyil, məhz humanitar yardım paylayan təşkilatın təmsilçiləri kimi aparırlar.

Təbii ki, rus sülhməramlıların üçtərəfli anlaşmaları belə kobud şəkildə pozmaları silahlı erməni terrorçuları və separatçıları təxribatlara daha da həvəsləndirir. Erməni terrorçuların Azərbaycanın Xankəndi şəhərində "azadlıq hərəkatı"nın 34 illiyi ilə bağlı böyük mitinq təşkil etmək niyyətləri də bunu deməyə əsas verir. Və belə davranışlar yaxın vaxtlarda bölgədə proseslərin fərqli istiqamətlərə yönəlməsinə səbəb ola bilər.

Onu da qeyd edək ki, Ermənistanda nəşr olunan "Qraparak" qəzetinin məlumatına görə, mitinqin keçirilməsi məhz Xankəndi və ətraf bölgədəki separatçıların rəhbəri Araik Arutyunyan tərəfindən qadağan edilib. Belə iddialar var ki, Araik Arutyunyan həmin mitinqin ona qarşı "istefa tələbləri" ilə yüklənmiş etiraz aksiyalarına çevrilə biləcəyindən narahatdır.

Halbuki, erməni separatçıların rəhbəri Araik Arutyunyana qarşı əsas təhlükə hazırda Xankəndidə onun istefasının tələb edilmə ehtimalı ilə bağlı deyil. İndi Araik Arutyunyan daha çox rəsmi Bakının qəzəbindən qorxmalıdır. Çünki rəsmi Bakının səbri artıq tükənmək üzrədir. Və Azərbaycanın Baş Prokurorluğundan verilən son açıqlamadan belə məlum olur ki, Araik Arutyunyanın tezliklə məhkəmə qarşısında mühakimə olunması istiqamətində müəyyən addımların atılmasına başlanılıb.

Ancaq rəsmi Bakının atacağı qətiyyətli addımlar yalnız Araik Arutyunyanın məhkəmə qarşısına çıxarılması ilə məhdudlaşmayacaq. Yəni, Xankəndi və ətraf bölgədə separatçılıq fəaliyyəti ilə məşğul olan bütün erməni terrorçular törətdikləri cinayətlərə görə mütləq Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Çünki, erməni separatçıların davranışları son vaxtlar bütün "qırmızı cizgilər"dən kənara çıxmağa başlayıb.

Məsələ ondadır ki, Araik Arutyunyanın separatçıları yenidən Xankəndi və ətraf bölgədə "qondarma seçki oyunu"na başlamağa çalışırlar. Guya hətta qondarma "dqr"in idarəçilik orqanlarında islahatlar apararaq, rekonstruksiya etmək niyyətindədirlər. Digər tərəfdən, erməni separatçılar "dqr"in "parlament binası"nda toplaşıb, "Azərbaycanın "dqr" ərazilərini işğal etməsi" ilə bağlı "rəsmi sənədi" müzakirə etməyə hazırlaşırlar. Bəzi məlumatlara görə, rəsmi İrəvan da Azərbaycanı qəzəbləndirə biləcək bu təxribatdan narahatdır. Ermənistan mətbuatı iddia edir ki, Paşinyan hakimiyyəti rəsmi Bakının qıcıqlana biləcəyindən ehtiyatlanaraq, həmin müzakirələrin pozulmasına cəhd göstərir.

Düzdür, hələlik Paşinyan hakimiyyətinin narahatlığı ilə bağlı məlumatların nə qədər doğru olduğu məlum deyil. Halbuki, həm rəsmi İrəvanın, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçıların narahat olmaları üçün olduqca ciddi səbəblər mövcuddur. Çünki, son açıqlamalar göstərir ki, rəsmi Bakı artıq qəzəblidir və qətiyyətli addımlar atmaq niyyətindədir.

Azərbaycanın Baş Prokurorluğundan verilən açıqlamada “Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq” vurğusu erməni separatizminə qarşı həlledici mübarizə qərarı verildiyini göstərir. Yəni, tezliklə Araik Arutyunyanın mühakimə olunacağı artıq qətiyyən şübhə doğurmur. Çünki rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə Araik Arutyunyanın özünü tam təhlükəsizlikdə hiss etməsi üçün heç bir ciddi əsas yoxdur.

Məsələ ondadır ki, Baş Prokurorluq Araik Arutyunyanın tezliklə həbs ediləcəyindən tamamilə əmindir. Bu əminlik açıqlamada yer alan xüsusi və konkret məqamla ifadə edilib: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.

Göründüyü kimi, Araik Arutyunyanın və digər erməni separatçıların həbs edilmə mexanizmi açıq şəkildə təsvir olunub. Yəni, Azərbaycan kəşfiyyatı və antiterror əməliyyatında iştirak edəcək xüsusi qüvvələr rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə daxil olacaqlar. Və erməni separatizmini tamamilə bitirəcək həlledici hərbi əməliyyatı reallaşdıracaqlar.

Nəticədə Araik Arutyunyan və digər erməni separatçılar həbs edilərək, başlarına torba keçirilmiş şəkildə Bakıya gətiriləcəklər. Əgər, rus sülhməramlılar bu məsələyə qarışmağa cəhd göstərsələr, onlara Azərbaycan Baş Prokurorunun həbs barədə verdiyi sanksiyanın surəti təqdim olunacaq. Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan rus sülhməramlılar üçün Baş Prokurorun sanksiyası tamamilə yetərlidir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, rəsmi Bakı Araik Arutyunyan və digər erməni separatçıların həbs əməliyyatı ilə bağlı artıq rəsmən düyməyə basdı. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının reallaşdıracağı "Araik əməliyyatı"na hazırlıq başladı. Və tezliklə erməni separatizminə son qoyulmasına birbaşa şahidlik edəcəyik.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42