Çərşənbə axşamı, 30 Aprel

Ermənistan təzminat əvəzinə Zəngəzuru Azərbaycana verəcək?

image

Bu gün Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 27 fevral 2023-cü il tarixində Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb. Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək.

Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub. Ermənistanın 30 il ki işğal altında saxladığı Azərbaycanın tarixi torpaqları olan Qarabağa vurduğu zərərin sayı-təzminat dərəcəsi 100 milyardlarla dollarla ölçülür. Məlum məsələdir ki, Ermənistan bu təzminatı ödəmək gücündə deyil. Dünya praktikasında isə bu kimi hallarda təzminatın  torpaqla ödənilməsi var. 

Politoloq Elşən Manafov deyib ki, Ermənistanın ödəməli olduğu təzminat miqdarı Azərbaycan hakimiyyəti tərəfindən müəyyənləşdirilib:

“Ermənistan buna etiraz edəcəksə, bu kompensassiyanın illərlə mərhələlərlə ödənilməsi ilə bağlı öhdəlik götürə bilər. Yaxud Ermənistan ərazi məsələsində güzəştə getməli olacaq. Onsuz da bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Keçən əsrin 20-ci illərindən başlayaraq, bu və ya digər səbəbdən bu torpaqlar Ermənistanın ixtiyarına keçib. Azərbaycan Ermənistanın 29,743 km² ərazisini tanıyacaqsa, onda təbii ki, həmin torpaqları Ermənistandan tələb etməsi ilə bağlı mövqeyi düzgün anlaşılmayacaq”. 

Ekspert bildirib ki, Azərbaycan bu konteksdə Ermənistanın ərazi bütövlüyünü tanımamalıdır. Hələlik sərhədlər müəyyənləşdirilməyib:

“Azərbaycan bu mövqedən çıxış edərək Zəngəzur istiqamətində torpaqların güzəştə gedilməsi tələbini irəli sürə bilər. Əgər Azərbaycan bunu müəyyənləşdirmədən Ermənistanın ərazi bütövlüyünü tanıyacaqsa, bu, sonra illərlə uzun və ağrılı prosesə çeviriləcək". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42