Navalnının məsləkdaşı çəkiclə döyüldü - FOTO
Navalnının məsləkdaşı çəkiclə döyüldü - FOTO
Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş sədri Leonid Volkov çərşənbə axşamı gecə yaşadığı Vülnüs şəhərində hücuma məruz qalıb.
Xəbər verilir ki, bu barədə Navalnının sözçüsü Kira Yarmış “X” şəbəkəsində məlumat verib.
“İnsident zamanı Volkov avtomobilində olub. Kimsə maşının şüşəsini sındırıb, onun gözünə gözyaşardıcı qaz püskürdüb, daha sonra isə Leonidi çəkiclə vurmağa başlayıb”, – deyə sözçü yazıb.
Navalnı komandasının digər üzvü İvan Jdanov hücumdan sonra Leonid Volkovun fotolarını dərc edib. Fotolardan birində Volkovun ayağının qan içində olduğu görünür, digər fotoda isə pəncərəsi sınmış avtomobil əks olunub. Qısa müddət sonra yayımlanan bir görüntüdə onun xərəkdə olduğu və təcili yardım maşını ilə xəstəxanaya aparıldığı əks olunub.
Hücum edənlərin kimliyi açıqlanmayıb.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis müvafiq orqanların hadisəni araşdırdığını söyləyib. Onun sözlərinə görə, günahkarlar cinayətlərinə görə cavab verəcəklər.
Qeyd edək ki, Rusiya 2021-ci ildə FBK-nı “ekstremist” təşkilat kimi tanıdıqdan sonra Leonid Volkov Rusiyadan Litvaya köçüb. O, keçən il Avropa İttifaqının sanksiyasına məruz qalmış rusiyalı milyarder Mixail Fridmanın müdafiəsi üçün məktub yazdığını etiraf etmək məcburiyyətində qalıb və FBK-dakı vəzifəsindən istefa verib.
Aftafa.tv