Cümə, 10 May

AŞPA-ya olan ümidlərin “vaxtsız vəfatı” - Avropanın “təzyiq maşını” kimə lazımdır?

image

Parlament Assambleyasının mənasız quruma çevrilməsi və orada baş verən məkrli oyunlar haqda Elxan Süleymanov 2016-2019-cu illər ərzində nələri yazıb?

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən və ondan sonrakı ilk illərdə cəmiyyətdə belə bir düşüncə formalaşmışdı ki, qurum ölkəmizdə demokratiyanın, siyasi münasibətlərin inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına töhfələrini verəcək. Hətta bir çoxlarımız bundan sonra ölkəmiz beynəlxalq aləmdə qərəzli münasibətlərlə üzləşərkən AŞ-dan dəstək alacağımıza ümid edirdik.

Amma gözlədiklərimizin əksi baş verdi: Faktiki olaraq Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası gizli və bəzən hətta aşkar şəkildə Azərbaycana qərəzli münasibətlər göstərməyə, Qarabağ məsələsində ermənilərə güzəştlərə getməklə bağlı tələblər qoymağa başladı. Bu, xüsusi ilə 2005-ci ildən sonra daha qabarıq və aydın şəkildə özünü göstərməyə başladı.

Proseslər dərinləşdikcə və Azərbaycan AŞPA-da gedən oyunların üstünü açdıqca bəlli oldu ki, bu qurum de-fakto öz missiyası üzrə çalışmır, Avropanın, Qərbin və hətta Rusiyaya bağlı kommunist mahiyyətli avropalı deputatların əli ilə Kremlin müxtəlif ölkələrə qarşı “təzyiq maşını” kimi fəaliyyət göstərir, məkrli oyunların mərkəzinə çevrilib.
Azərbaycan bunu öz nümunəsində, dövlətimizə qarşı uzun illərdir AŞPA-da həyata keçirilən qərəzli proseslərin timsalında daha aydın görüb. Qarabağ məsələsi ilə bağlı Parlament Assambleyası hansı oyunları oynamadı? Bu qurumun Azərbaycana qarşı siyasi məhbuslarla, demokratiya, insan haqları ilə tələbləri ilə məhz Qarabağ məsələsində Ermənistanın xeyrinə güzəştlərə nail olmaq üçün göstərilən təzyiqlər olub. Bu təzyiqlər 2016-2020-ci illər ərzində daha ciddi xarakter almağa başlamışdı. Əlbəttə, səbəbsiz deyildi: 2016-cı ilin aprel döyüşlərindən sonra Qərb dairələri, ermənipərəst qüvvələr anlamışdılar ki, Azərbaycan heç bir təzyiqə baxmayaraq öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməkdə israrlıdır. Buna görə də ermənilərin, erməni lobbisinin, Sorosun təsiri ilə AŞPA-da Azərbaycana qarşı ən iyrənc oyunlar quruldu, faktiki olaraq ölkəmizə qarşı qaralama, gözdənsalma kampaniyası aparıldı.

Azərbaycan tərəfi, o zaman AŞPA-da nümayəndə heyətinin üzvləri olan deputatlar bu qərəzli münasibətə seyrçi qalmamışdılar, həm Parlament Assambleyasının öz tribunasından tənqid edirdilər, eyni zamanda öz açıqlama və məqalələrində ifşa etmişdilər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, 2010-2019-cu illərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanov bu qurumun mahiyyətini, Azərbaycana qarşı qərəzli münasibətinin kökündə duran səbəbləri ən incə detallarına qədər açıqlayıb.

O, 2016-2020-ci illər ərzində AŞPA-da həyata keçirilən anti-Azərbaycan kampaniyası, bunun necə və nə məqsədlə təşkil olunmasını ifşa etməklə yanaşı, öz məqalələrində konkret faktlarla sübuta yetirmişdi ki, Parlament Assambleyası müxtəlif qüvvələrin əlində bir təzyiq vasitəsi kimi istifadə olunur.
Ən ciddi məsələ isə odur ki, ermənilərin AŞPA da Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdlərinin arxasında Soros Fondunun dayandığı da həmin açıqlama və məqalələrdə birmənalı şəkildə təsdiqini tapır.

"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" başlıqlı yazıda Elxan Süleymanov ilginc faktlar açıqlayıb. O qeyd edib ki, konkret olaraq hollandiyalı deputat Piter Omtzigtin AŞPA-da yenidən Azərbaycanda siyasi məhbus məsələlərinə dair məruzənin hazırlanması barədə qətnamə layihəsi irəli sürməsi Soros Fondunun təhriki ilə baş tutub.

E.Süleymanov bildirib ki, Piter Omtzigt Azərbaycana qarşı korrupsiya iddiaları kampaniyası zamanı Azərbaycanın düşmənlərinin lideri olmuş və daima Azərbaycana qarşı qərəzli iddialarla çıxış ediblər: “Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Erməni Əlaqəsi” hesabatında aşkar edilmişdir ki, yeni qətnamə layihəsinin müəllifi hollandiyalı Piter Omtzigt Soros fondu tərəfindən maliyyələşdirilir və ermənilərə xidmət edir. Faktlar birmənalı şəkildə göstərir ki, Azərbaycanın beynəlxalq imicinə uzun illərdir ki zərbə vuran korrupsiya iddialarının müəllifi olan və Azərbaycana qarşı şər və böhtan kampaniyası aparan Avropa Sabitlik Təşəbbüsü təşkilatı Soros tərəfindən maliyyələşdirilir”.

Bu məqalənin linkində Soros Fondu vasitəsilə bu məsələyə dair qrantlar ayrılmasına dair sənədlərin screen variantı də əlavə edilib. 

Elxan Süleymanovun “Bu proseslər üzv dövlətlərin AŞPA-ya inam və etimadını itirdiyini sübut edir” sərlövhəli məqaləsində və 2019-cu ildə AŞPA-ya Açıq məktubunda AŞPA-nın əhəmiyyətsiz, korrupsiyalaşmış və kimlərinsə oyuncağına çevrilmiş qurum olmasına dair faktlar kifayət qədər sadalanıb.

Eyni zamanda faktlarla təsbit edilib ki, Azərbaycan uzun illər ərzində AŞPA-da müxtəlif məsələlərlə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalıb.

Və nəhayət, E.Süleymanovun bu yaxınlarda yazdığı “Erməni lobbisi Avropada korrupsioner deputatları və medianı necə ələ alır?” sərlövhəli yazısında AŞPA-da nələrin baş verdiyinə bir daha işıq salınır.

Sitat: “Mən özüm hələ Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü və Avronest PA-da nümayəndə heyətinin rəhbəri olarkən erməni təxribatları və riyakarlığının, Avropanın çirkli “demokratiya” oyununun şəxsən şahidi olmuşam.

AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürdükdən sonra erməni deputatları, müxtəlif erməni lobbiçilərin və anti-Azərbaycan qrupların güclü müqaviməti və təhdidləri ilə qarşılaşdım.

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçiləri Ermənistanın ali rəhbərliyi səviyyəsində təşkil olunmaqla, Avropanın ermənipərəst qüvvələri tərəfindən həyata keçirilən təzyiqlərə məruz qaldılar.

Ermənipərəst lobbi mərkəzləri bu qətnamənin qəbul edilməsindən qəzəblənərək mənə, AŞPA-da bu qətnaməni dəstəkləyən bir sıra deputatlara qarşı qarayaxma kampaniyası apardılar, hətta AŞPA prezidentinin istefaya getməsinə nail oldular. Mənim və problemə obyektiv mövqe nümayiş etdirən AŞPA üzvlərinin günahı yalnız ondan ibarət idi ki, biz Ermənistanın işğalına son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq, təhlükəsiz, sərbəst və azad yaşamaq hüquqlarının təmin edilməsini AŞPA-nın gündəminə gətirmişdik...”

AŞPA-nın gerçək mahiyyəti budur və son sessiyada baş verənlər də təsdiqləyir ki, Parlament Assambleyası ölkəmizə qarşı qərəzli mövqeyində davam edir, eyni zamanda yenə də Soros vasitəsilə Azərbaycana qarşı kampaniyalar təşkil olunmaqdadır. Nəzərə alsaq ki, hazırda Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyan və onun komanda üzvləri “Soros uşaqları”dır, onda mənzərə daha da aydınlaşır...

Təsəvvür edin, AŞPA Qarabağda müharibədən sonra ələ keçən erməni terrorçuların müdafiəsinə qalxıb!

Qurumun mahiyyətindən, missiyasından tamamilə kənarlaşması, dünyada gedən proseslərin ədalətli istiqamətə yön almasında heç bir təsirinin olmaması, nəhayət bu qurumun fəaliyyətinə ehtiyac belə qalmaması da göz önündədir.

Son sessiyasını izlədikcə bir daha aydın olur ki, AŞPA-nın iclaslarına yalnız məkrli planları olanlar toplaşır, deputatların xeyli hissəsi iclaslara belə qatılmır.

Son sessiyada Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı kampaniya təşkil etmək üçün maksimum səylər göstərdi. Düzdür, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qalib, sürətli inkişaf edən ölkə kimi yüksələn imici bu kampaniyanı nəticəsiz qoydu.

Erməniləri cəmi bir neçə fransız deputat cani-dildən dəstəklədi ki, bu da anlaşılandır: Fransanın ermənipərəst mövqeyi sirr deyil ki...

Beləliklə, axırıncı sessiyadan sonra nəticə hasil oldu ki, AŞPA artıq bu formatda, bu məzmun və mahiyyətdə heç kimə lazım olmayan, yalnız təzyiq aləti kimi istifadə olunan bir qurumdur. Beləliklə, gəlinən qənaət budur ki, Parlament Assamblyeası ya öz mahiyyətinə qayıtmalı, köklü islahatlara məruz qalmalıdır, ya da öz ömrünü başa vurmuş qurum kimi buraxılmalıdır. İndiki formada o ancaq dünyaya problemlər yaratmaqla məşğuldur...

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32