Çərşənbə, 26 İyun

“Real” udsa, “Qarabağ”ın Çempionlar Liqası yolu qısalacaq - UEFA-nın yeniliyi 

image

İyunun 1-də Londonda Çempionlar Liqasının final görüşü keçiriləcək. Madrid "Real"ı Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. 

Xəbər verilir ki, haqqın.az saytının yazdığına görə, bu oyunun nəticəsi Azərbaycan futbolu, daha dəqiq desək, ölkə çempionu “Qarabağ” üçün xüsusi əhəmiyyət kəsb edəcək. Məsələ burasındadır ki, “Real” qalib gəlsə, “Qarabağ” 2024/25 mövsümü Çempionlar Liqasında 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Necə? 

Əvvəlcə ondan başlayaq ki, 2024/25 mövsümündən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının formatı kəskin şəkildə dəyişəcək. İndi bu yarışların əsas mərhələlərində 32 yox, 36 komanda oynayacaq. Qrup mərhələsi ləğv olunacaq və yarış şərti olaraq "İsveçrə sistemi" adlanan vahid liqada keçiriləcək. Komandalar Çempionlar Liqası və Avropa Liqasında hərəyə səkkiz, Konfrans Liqasında isə altı oyun keçirəcək. Matçlar ÇL və AL-də 8, KL-də 6 fərqli komandaya qarşı olacaq. Oyunların yarısı evdə, yarısı səfərdə keçiriləcək. Bütün turnirlərdə ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar 1/8 finala çıxmaq üçün öz aralarında pley-off matçları keçirəcəklər. Digər klublar çıxışlarını başa vuracaqlar.

Amma gəlin “Real”a və “Qarabağ”a qayıdaq. Çempionlar Liqasının qalibi növbəti mövsümdə də Çempionlar Liqasının əsas mərhələsində vəsiqə almaq hüququnu saxlayır. Bununla belə, cari mövsüm İspaniya çempionu olan "Real" artıq 36 iştirakçı arasında yerini təmin edib. Fərz edək ki, iyunun 1-də Madrid qalib gəlir. Onda onların yerini təsnifat mərhələsindən komanda tutmalıdır. Bu məqamda isə UEFA yenilik tətbiq edib. Bundan sonra növbəti tura yüksəlməyə ölkənin reytinqi deyil, konkret klubun reytinqi təsir edəcək. Çempionlar Liqasının qalibinin yerini seçmə mərhələnin iştirakçısı olan ən yüksək reytinqə malik klub tutacaq. 

Bu halda həmin vəsiqəyə 63,000 xal əmsalı ilə ən yüksək reytinqə malik Donetsk “Şaxtyor”u (Ukrayna çempionu) sahib olur. 

"Şaxtyor" yarışa pley-off mərhələsindən - sonuncu 4-cü təsnifat mərhələsindən başlamalı idi. 

"Şaxtyor”un pley-off mərhələsindəki yerini 2-ci təsnifat mərhələsinin ən yaxşı komandası tutacaq. Niyə 3-cü yox, 2-ci? Ona görə ki, Çempionlar Liqasının 2024/25 mövsümündə 3-cü təsnifat mərhələsindən başlayan komandalar yoxdur. Beləliklə, “Şaxtyor”un əvəzinə “Kopenhagen” (reytinq – 51,500) Danimarka çempionu olacağı təqdirdə "pley-off"da çıxış edəcək. Əgər belə olmasa, Xorvatiya çempionu Zaqreb "Dinamo"su (50,000) "pley-off"da oynayacaq.

Bundan sonra 2-ci təsnifat mərhələsində 8 komanda qalacaq. Lakin bu, həmin mərhələ üçün kifayət deyil. Ona görə də seçmə mərhələdə hər şeyin tamamlanması üçün 1-ci mərhələdən iki komanda lazımdır. Burada ən yaxşı reytinq Macarıstanın "Ferensvaroş" (35,000) və Azərbaycanın "Qarabağ" klubuna (33,000) məxsusdur. "Real"ın qələbəsi olsa, məhz bu iki klub 2-ci tura yüksələcək. 

Beləliklə, “Real” qalib gəlsə, 1-ci təsnifat mərhələsində (30 əvəzinə) 28 komanda çıxış edəcək. “Qarabağ” da daxil olmaqla 10 komandanın mübarizəyə başlayacağı 2-ci tura 14 klub qoşulacaq. Yekunda 12 klub 3-cü mərhələyə, sonra 6 klub "pley-off"a yüksələcək. "Pley-off"da onları daha 4 komanda gözləyəcək. Nəticədə təsnifat mərhələsi yolu ilə Çempionlar Liqasının əsas mərhələsinə 5 komanda vəsiqə qazanacaq.

Təəssüf ki, "Borussiya" qalib gəlsə, "Qarabağ" 1-ci mərhələdə qalacaq. Çünki Dortmund Almaniya çempionatını yalnız 5-ci yerdə başa vuraraq öz liqası yolu ilə ÇL-ə birbaşa vəsiqə qazana bilməyib. Bununla belə, əgər dortmundlular finalda uduzsalar da, yeni mövsüm ÇL-də oynayacaqlar. Onlar yeni qaydalara əsasən, son mövsüm avrokuboklarda ən yaxşı nəticə göstərən iki ölkədən (Almaniya və İtaliya) birinin qitə miqyaslı yarışda ən yaxşı nəticəyə imza atan təmsilçisi qismində bu hüquqa yiyələniblər.

"Qarabağ" üçün ÇL-ə 2-ci mərhələdən başlamaq niyə vacibdir? 

Təbii ki, bu halda rəqiblərin sayı azalır. İndi əsas mərhələyə çıxmaq üçün dörd yox, üç komanda keçməlidir. Amma heç də az önəmli olmayan odur ki, Qurban Qurbanovun mövsümə tam hazırlaşmaq və transferlər etmək üçün daha çox vaxtı olacaq. Axı 1-ci mərhələ 9-10 iyulda, 2-ci mərhələ isə 23-24 iyulda başlayır. Yəni bu halda klub iki həftə vaxt udur.

Onu da qeyd edək ki, Çempionlar Liqasının finalının nəticəsindən asılı olmayaraq, “Qarabağ” 1-ci, 2-ci və 3-cü turların püşkatma mərasimində “səpələnmişlər” səbətində yer alacaq. Pley-off raundunda (əgər ora çata bilsələr) Azərbaycan çempionu hələ imtiyazlı vəziyyətdə deyil. Çünki həmin mərhələyə bir neçə yüksək reytinqli rəqibin yüksəlməməsi lazımdır. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39