Cümə axşamı, 09 May

Bu qarpız-yemişlər təhlükəlidir - XƏBƏRDARLIQ

image

Artıq bir aydır ki, qarpız-yemiş məhsulu bazarlarda satışa çıxarılır. Halbuki yay mövsümünün vazkeçilməz qida məhsullarından olan qarpız-yemiş Azərbaycanda əsasən iyul ayının sonu, avqustun əvvəlində tam yetişir.

Ekspertlər qeyd edir ki, mövsümündən əvvəl satışa çıxarılan qarpız və ya yemiş ya süni istilik verilərək, ya da mineral gübrələrdən istifadə olunmaqla süni şəkildə yetişdirilir ki, bu da bir sıra hallarda həssas qrupdan olan insanların həyatı üçün təhlükə yarada, zəhərlənmələrə gətirib çıxara bilir.

Bəs qarpız, yemiş alarkən nələrə diqqət etmək lazımdır? Yol kənarlarında açıq şəkildə satılan qarpız-yemişlər nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb:

"Azad İstehlakçılar Birliyi illərdir ki, xüsusi cihazla qarpız-yemiş, digər kənd təsərrüfatı məhsullarının tərkibindəki nitritlərin miqdarını yoxlayır. İldən-ilə məhsulların tərkibindəki nitritlərin miqdarı azalmağa başlayıb. Ola bilər ki, bu amil gübrənin qiymətinin getdikcə bahalaşması ilə bağlıdır. Lakin qarpız-yemiş məhsullarının tərkibində nitritlər hər zaman normadan çox olur.

Qarpız  elə bir məhsuldur ki, ona gübrə verilməsə belə, yonca olan yerdə əkilsə, növbəti yığımda özündə çox miqdarda nitrit birləşdirəcək, hansı ki, bu, müəyyən normanı keçəndə orqanizmdə zəhərlənməyə səbəb ola bilər. Fermerlər qarpız məhsulunun böyük olması üçün çoxlu miqdarda gübrədən istifadə edir.

Əhali bilməlidir ki, qarpız və yemiş məhsulu hətta mövsüm vaxtında da nitritlə zəngin olur. Ona görə də qarpız alan zaman alıcılar aşağıdakı məqamlara diqqət etməlidir:

1. Nitritlərlə zəngin olan qarpızın çəkisi böyük olur. Nitritsiz qarpızın çəkisi 5-6 kq-dan artıq olmur.

2. Nitritli qarpızlar nitritsizlərlə müqayisədə daha şirin olur. Alıcılar şirin qarpız olduğunu görüb, aldanırlar.

3. Nitritli qarpızı kəsəndə rəngi çəhrayı, nitritsiz isə al-qırmızı rəngdə olur.

4. Nitritli qarpızın içində gözlə görünən yoğun ağ damarlar olur. Nitritsiz qarpızda da ağ damarlar olur, amma çox nazik şəkildə.

5. Nitritli qarpızın qalınlığı 1 sm-dən artıq olur. Nitritsiz qarpızın isə qabığının qalınlığı 0,5 sm-dən artıq olmur.

Bir sözlə, istehlakçılar qarpız alanda diqqətli olmalı, böyük  ölçülü qarpız almaqdan çəkinməlidirlər.

Yetişmiş qarpızın adətən saplağı nazik və nisbətən qurumuş olur. Həmçinin qarpızı sıxmaqla da məhsulun yaxşı olub-olmadığını müəyyən etmək olur".

Eyyub Hüseynov qeyd edib ki, nitriti çox olan qarpızdan həddindən artıq qəbul etdikdə zəhərlənməyə gətirib çıxara bilir:

"Ümumiyyətlə, icazə verilən sanitar normaya görə, 1 kq qarpızda 60 mq-dan artıq nitrit olmamalıdır. Lakin apardığımız müşahidələrdən görürük ki, 1 kq qarpızda 200-300 mq nitrit olur".

Eyyub Hüseynov gün altında satılan qarpızlardan da söz açıb:

"Gün altında olan qarpız heç də təhlükəli deyil. Qarpız üstüörtülü şəkildə günün altında qala bilər, bu zaman məhsul daha yaxşı yetişir".

Eyyub Hüseynovun sözlərinə görə, yemişin tərkibində nitritin çox olmasını müəyyən etmək bəzən çətin olur:

"Bəzən yemişi kəsəndə ondan dərman qoxusu gəlir və yaxud yedikdə dərman dadı müşahidə olunur. Bu, məhsula ziyanvericilərə qarşı dərman vurulmasının sübutudur.

Qarpız kimi yemiş məhsuluna da nitrit çox verildikdə ölçüsü böyük olur. Nitritli yemişlər nisbətən az şirin olur. Təbii yemişlər isə daha şirin, ölçüsü böyük olmur, nisbətən bərk olurlar. Əsl yemiş gözəl qoxu verir. Həmçinin tövsiyə olunur ki, saplağı üstündə olan yemiş alınsın. Adətən saplağı kəsilmiş yemiş tez bir zamanda saralır və yetişmiş yemiş görkəmini alır".

Onu da xatırladaq ki, bu mövsümdə satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yardımdan sonra dərhal həkimə müraciət edilməlidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32