Şənbə, 10 Dekabr

Səfərbərlikdən qaçıb Azərbaycana sığınan ruslar geri veriləcək? - Açıqlama

image

“Əvvəla, Azərbaycan sərhədləri bağlıdır, təyyarə ilə də bu qədər insanın buraya gəlməsi qeyri-mümkündür”.

Bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı, hüquqşünas Çingiz Qənizadə deyib.

Sabiq millət vəkili Rusiyadakı qismən səfərbərlikdən yayınıb Azərbaycana sığınan rusların, habelə Rusiya vətəndaşı olan digər etnosların nümayəndələrinin Azərbaycan dövləti tərəfindən Rusiyaya mümkün ekstrasiyası ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Xatırladaq ki, bu gün Qazaxıstan XİN rəhbəri Marat Axmetjanov qeyd edib ki, Rusiyadakı qismən səfərbərlikdən yayınıb Qazaxıstana sığınan rusları Qazaxıstan hökuməti Rusiyaya təhvil verməyəcək.

Məsələ ilə bağlı şərh verən Ç.Qənizadə isə əlavə edib ki, səfərbərlikdən yayınanlar daha çox sərhədləri açıq olan respublikalara gedirlər:

“Bilirsiniz ki, Qazaxıstanla Rusiyanın sərhədləri haradasa 7,600 km-dən çoxdur. O baxımdan, oraya keçmək və getmək daha rahatdır.

Ola bilsin ki, Azərbaycana gələn də olsun, amma, əgər o şəxslər barəsində gələcəkdə Rusiyada cinayət işi başlanılacaqsa, o cümlədən onların “Interpol” ilə tutulub saxlanılması və ölkəyə ekstradisiya edilməsi məsələsi olacaqsa, Azərbaycan beynəlxalq hüquq normalarına əməl etməyə məcbur olacaq. Çünki aramızda bu cür əməkdaşlıq varsa, onda artıq Rusiya öz vətəndaşını istəyəcək və öz qanunlarına görə səfərbərlikdən yayınan adamların geri verilməsini tələb edəcək. Bu halda Azərbaycan tərəfi onları verə bilər”.

Hüquqşünas ümid edir ki, Azərbaycanla Rusiya arasında bu məsələlər ətrafında hər hansı bir gərginlik olmayacaq:

“Qazaxıstana minlərlə adam gedə bilər, Azərbaycana isə ola bilsin ki, 50-100 nəfər gəlsin ki, bu da tən yarı etmir.

Mən bir şeyi də qeyd edim ki, sərhədlərimizin bağlı olmasından sonra zaman göstərdi ki, cənab Prezident haqlı olaraq sərhədlərin bağlı qalmasında maraqlı olub. Çünki o, görüşlərin birində də pandemiya ilə bağlı məsələni qabardaraq deyib ki, əlavə xərc çəkməyə ehtiyac yoxdur və pandemiya hələ bitməyib. Mən belə hesab edirəm ki, sərhədlərin qapalı qalmasının arxasında hansısa bir uzaqgörənlik var idi ki, Ukrayna-Rusiya savaşı başlandı, daha sonra isə səfərbərlik məsələsi gündəmə gəldi”.

“Baxın, bu günləri Rusiya-Gürcüstan sərhədində 20 km-lik bir növbə var. Digər respublikalara da qaçış başlayıb. Bu baxımdan, sərhədlərimizin bağlı qalması bir tərəfdən də bizim üçün önəmli oldu ki, saysız-hesabsız insanlar avtomobillə keçərək Azərbaycanla Rusiya arasında bu barədə gərginliyin yaşanmasına səbəb ola bilərdi. Hər halda zaman göstərəcək hər şeyi”, – Ç.Qənizadə sözlərini yekunlaşdırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda həkim vəfat edib

  • 08.12.2022 - 09:21