Çərşənbə axşamı, 02 İyul

Ciddi təhlükə mənbəyi: Yenitikililərin qəzalı vəziyyətdə olan liftləri

image

"Bakıda çoxmərtəbəli yaşayış binalarının birində lift qırılıb, beş nəfər xəsarət alıb", "Bakıda faciə: yaşayış binasında lift qırılıb, yeddi nəfər xəsarət alıb".

Bu iki olay bir ay ərzində baş verib. Ümumiyyətlə, lift problemi Bakının sağalmayan yaralarından hesab olunur. Əvvəllər belə xəbərlərə daha çox köhnə Leninqrad, Kiyev layihəli tikililərlə bağlı rast gəlirdik. Dövlətin dəstəyi ilə köhnə liftlərin əksəriyyəti dəyişdirildi. İndi isə eyni problem yenitikililərdə baş qaldırıb. Üstəlik, daha ciddi şəkildə. Binalar yeni sayılsa da, liftlərin çoxu köhnəlib, baxımsız hala düşüb. Yenitikililərin əksəriyyətində xidməthaqqı yığımında problemlər olduğundan onlara baxım zəifdir. Bu səbəbdən də, Bakıda onlarla qəzalı vəziyyətdə olan lift ciddi təhlükə mənbəyinə çevrilib.

Bəs çıxış yolu nədir? Lift qəzalarını necə minimuma endirə bilərik?

Mövzuya dair məqaləsini təqdim edirik:

Liftlər niyə tez sıradan çıxır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bəzi yenitikililərdə liftlərin qəzalı olmasının səbəbi təmiri bitməmiş binanın istismara verilməsidir: "Xarici təcrübədə bu, belə deyil. Dünyanın əksər ölkələrində yenitikililər inşa olunarkən, o binalardakı mənzillərin təxminən 80 faizi təmir olunduqdan sonra təhvil verilir. Yəni binada ağır işlər artıq tikinti şirkətləri tərəfindən görülür. Burada məqsəd odur ki, vətəndaşlar təmir zamanı ağır yükləri qaldırarkən liftləri zədələməsinlər. Bizdə isə fərqlidir. Sərnişin liftinə bir maşın sement yığıb qaldırırlar. Bina tikilib bitdikdən sonra bir neçə il təmir işləri gedir. Məhz həmin illər liftləri 10 il geri atır. Binada yaşayış tam təmin olunduqda liftlər artıq yararsız halda olur. Liftlərdə çəkisindən artıq yüklərin daşınmasına nəzarət isə yalnız A4 vərəqi üzərində olur".

Bina idarəçiləri pul xərcləmək istəmirlər

Mütəxəssis deyir ki, bütün yenitikili binaların idarəçiləri özəl lift mütəxəssisləri ilə işləməlidirlər: "Özəl şirkətlər var ki, liftlərə ödənişli xidmətlər göstərir, baxımını mütəmadi edirlər. O şirkətlərlə müqavilələr olmalı, liftlər monitorinq edilməlidir. Liftlərin motorları, trosları hər üç aydan bir yoxlanılmalı və rəy verilməlidir. Təbii ki, bu xidmətlər ödənişli olduğu üçün əksər hallarda binanı idarə edənlər pul xərcləmək istəmirlər. Bu da faciəli nəticələrə gətirib çıxarır. Bu faciələrdən qorunmaq üçün aidiyyəti qurumlar liftlərə yoxlanışı məcburi etməli, lift mütəxəssisləri ilə işləməyən, baxımını etməyən binaların idarəçiləri cəzalandırılmalıdır. Hər ay yoxlanışdan keçməklə bağlı bina idarəçilərinin rəyləri olmalıdır".

Vətəndaş xidməthaqqını ödəməyə məcburdur

Binaların əksəriyyətindəki xidməthaqqı yığımları probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, bütün yenitikili binalardan mənzil alan şəxslər bilirlər ki, aylıq kommunal pulu ödənilməlidir: "Paytaxt ərazisində, demək olar ki, hər binanın aylıq ödəniş haqqı bəllidir. Bu qiymətlər Bakıətrafı ərazilərdə kvadratmetri minimum 20 qəpikdən başlayır, iki manata qədər dəyişir. Təbii ki, mənzil alan vətəndaş həmin xidməthaqqını ödəməyə məcburdur. Bu qiymətlər binalardakı mənzillərin saxlanma xərcidir. Burada ikinci problem isə odur ki, əksər hallarda tikinti şirkətləri yığdıqları kommunal pullarını təyinatı üzrə xərcləmirlər. Yığılan kommunal pullarının ən azı 10 faizi büdcədə qalmalıdır. Büdcə formalaşmalıdır ki, gələcəkdə böyük xərclər olanda pulu sakinlərdən deyil, həmin o büdcədən götürsünlər".
Təhlükə potensiallı obyektlər

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, liftlər təhlükə potensiallı obyektlər siyahısındadırlar: "İstər çoxmənzilli binalarda, istərsə də digər təyinatlı obyektlərdə liftlərin istismarı zamanı texniki təhlükəsizlik qaydaları, liftin layihələndirilməsi, quraşdırılması, montajı, liftlərə texniki qulluq yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Nasazlıq varsa, aradan götürülməli, elektrik, əyləc sistemi mütəmadi yoxlanılmalıdır. Lift quraşdırılması zamanı istifadə olunan hər bir məhsulun istismar müddəti var. Ona görə də detallar vaxtında dəyişdirilməlidir. Liftin olduğu yerdə mütləq onun istismarına cavabdeh şəxs olmalıdır".

Qəza riski yüksək olan liftlər

Mütəxəssis deyir ki, bəzi yerlərdə liftlər nasaz halda istismara buraxılır: "Lift nasazdırsa, mütləq dayandırılmalıdır. Qəzalar, əsasən, liftin normadan artıq yüklənməsi, elektrik sistemində nasazlığın olması, əyləc-tros sisteminin qırılması səbəbindən baş verir. Bu detalların hər birinin istismarı normativlərə uyğun olaraq həyata keçirilməlidir. Sakinlər liftə cavabdeh şəxs tərəfindən məlumatlandırılmalı, lövhələr qurulmalı, qaydalar müəyyənləşməlidir. Düzdür, bu texniki qurğudur və "heç vaxt qəza baş verməyəcək" demək qeyri-mümkündür, amma riskləri azaltmaq olar. İstismar müddəti başa çatan liftdə isə qəza riski yüksəkdir".

Liftlərlə bağlı ən ciddi problem

Həmsöhbətimizin sözlərinə görə, liftlərlə bağlı ən ciddi problem normadan artıq yüklənmədir: "Məsələn, sərnişin liftləri üçün ağırlıq təxminən 400-500 kiloqram, yüklər üçün bir ton nəzərdə tutulub. Bir dəfə normadan artıq yüklənmə ilə liftin qırılması mümkün deyil. Amma bu davamlı olduqda, artıq onun tros-əyləc sistemi sıradan çıxmağa başlayır və qəza baş verir. Gündəlik 300-400 adam üçün nəzərdə tutulan liftə 600 adam mindikdə o, dərhal qəzalı vəziyyətə düşmür, amma trosun istismar müddəti iki ildirsə, bir ildə bitir. İnsanlar bilməlidirlər ki, liftə saya uyğun daxil olmalı, lazımsız hərəkətlər etməməli, eyni anda düymələri sıxıb saxlamamalıdırlar".

Ekspert vurğulayır ki, müasir liftlərdə təhlükəsizlik sistemi daha güclüdür: "Məsələn, müasir liftlərdə normadan artıq yükləmə olarsa, lift dayanır, işləmir. İnsanlar istəsə belə, artıq yüklənmə edə bilmirlər, çünki bu zaman qapı bağlanmır. Yaxud mərtəbələrə ancaq kartla çıxmaq mümkündür. Belə liftlərdə qəza olduqda şaxtaya düşmək nadir hallarda baş verir. Çünki sistemin biri dayandıqda, digəri işləyir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55